Kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli qida və müalicəvi əhəmiyyətə malik olan sahələrindən biri də arıçılıqdır. Naxçıvan Muxtar Respublikasının əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik olan arı genofondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. İqtisadi cəhətdən yüksək gəlir gətirən və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılıqla Naxçıvan bölgəsində insanlar qədim dövrlərdən məşğul olublar. Muxtar respublikanın zəngin bitki örtüyü, aqrar bölmədə aparılan torpaq islahatları nəticəsində arıçılığın yem bazasının yaxşılaşdırılması bu sahənin inkişafı üçün münbit şərait yaradıb.
Arıçılıqda görülən işlər 4 dövrə bölünür: Erkən yaz dövrü, beçə dövrü, bal və ya məhsul dövrü, qış dövrü. Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.
Yazda arı ailələri qışlama binalarından arıxanalara çıxarılır. Arıların qışlama binalarından çıxarılma vaxtı arıxananın yerləşdiyi zonadan asılı olaraq dəyişir. Arıları çölə çıxarmamışdan əvvəl həmin ərazi təmizlənir, dezinfeksiya, dezinseksiya işləri aparıldıqdan sonra yer səthindən 20-30 santimetr hündürlükdə pətək altlıqları üzərinə qoyulur. Arıxana təşkil edilərkən onun yerləşməsi üçün yerin seçilməsi arıçılıqda böyük əhəmiyyətə malikdir. Arıxana yaşayış məntəqələrindən və heyvandarlıq təsərrüfatlarından kənarda, rütubətsiz, külək tutmayan və kiçik su mənbələrinə yaxın yerlərdə yerləşdirilməlidir.
Soyuq havalarda pətəyin qapağının açılması arılarda narahatçılıq yaradır. Buna görə də havalar qızana qədər pətəyi xaricdən müayinə etmək lazımdır.
Bir arı ailəsinin həyatda qalması üçün ana arının olması şərtdir. Həmin günlərdə arılar sürətli bir şəkildə çalışıb yeşiyə çiçək tozu gətirirlərsə, bu ana arının varlığına işarədir. Əgər arılar çiçək tozu gətirmirlərsə və pətəkdən kənarda gəzirlərsə, ana arı böyük ehtimalla ölübdür. Arıxanada ailələrə baxış günəşli, sakit və havanın temperaturu müsbət 15 dərəcədən yuxarı olan günlərdə aparılmalıdır. Bu zaman ailənin gücü, ana arının varlığı və səmərəliliyi, işçi arıların, yumurta və sürfələrin yem ehtiyatı yoxlanılmalıdır.
Arı ailəsinin yazda inkişaf etməsi üçün istilik rejimi əsas şərtlərdən biridir.Yazda hər bir arı ailəsində yem ehtiyatı 8 kiloqramdan az olmamalıdır. Eyni zamanda hər bir ailədə bir-iki çərçivə güləm olmalıdır. Əgər yem ehtiyatı yoxdursa, o zaman arıları ehtiyyat yemlə təmin etmək lazımdır. Digər məsələlərdən biri arıxanalarda yararsız şanların çıxdaş edilməsidir. Şanların üç ildən bir dəyişilməsi məqsədə uyğundur. Xüsusilə də qara şanları. Belə ki, həmin şanlarda qovuqcuqların tutumu azalır, çoxlu sürfə bəsləndiyi üçün qovuqcuqların forması altı bucaqlı şəkildən dairəvi şəkilə düşür. Həmin qovucuqlardan çıxan arılar zəif olur və xəstəliklərə qarşı müqaviməti zəifləyir.
Yaz yoxlanışı zamanı arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək vacibdir. Arı xəstəliklərinin vaxtında aşkarlanması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailələrinin məhv olmasına gətirib çıxarar. Bundan başqa xəstəlik nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq aşağı düşür.
Erkən yaz dövründə arıların artımı ölümləri ilə müqayisədə az olduğu kimi ailə daxilində sürfəyə qulluq edən bəsləyici arıların miqdarı il boyu ilə müqayisədə ən aşağı sayda olur. Bu səbəblə ailədəki arıların soyuqlamaması üçün havalandırma və uçuş bacaları kiçildilməli, arılara hazır yem verilməlidir.
Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında və düzgün aparsalar, arı ailələrini sayını artırar və bol məhsul istehsal etmiş olarlar.
Fariz Şıxəliyev
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin sektor müdiri
“Yeni həyat” qəzeti