Əhalinin güzəranının yaxşılaşdırılması üçün kənd təsərrüfatının inkişafı, bazarda yerli məhsulların üstünlük təşkil etməsi, kəndlinin öz torpaqlarından səmərəli istifadəsi ən vacib amillərdən biridir. Şahbuz rayonu da aqrar sahənin müxtəlif sahələrinin inkişafında münbit şəraitə malikdir.
Torpağın nəyə qadir olduğunu görənlər təbii ki, onun hər qarışının qədrini bilməyə, onu alın təri ilə sulayıb, bol məhsulun sahibinə çevrilməyə çalışır. Bu məqsədlə torpaq mülkiyyətçiləri yenə də böyük həvəslə sahələrə çıxıblar. Artıq Şahbuz rayonunun aran kəndlərində yaz-tarla işlərinə başlanılıb, dağ kəndlərində isə əkin üçün hazırlıqlar gedir.
Hazırda sahələrdə şumlama və əkin işləri aparılır. Bu günə kimi 62 hektar sahədə şum qaldırılıb. Şum aparılan sahələrin 42 hektarında əkin keçirilib. Bunun da 38 hektarını yazlıq arpa, 3 hektarını çoxillik ot əkini təşkil edir. Torpaq mülkiyyətçiləri “öz təknəm, öz çörəyim” qənaətini əsas götürərək əkinçiliyin inkişafına ciddi önəm verir, bu sahədə qazandıqları uğurları ildən-ilə artırır. Bölgənin Türkeş, Sələsüz, Şahbuzkənd, Badamlı, Mahmudoba və başqa yaşayış məntəqələri öz məhsuldar torpaq sahələri ilə seçilirlər.
Rayonun iqlim şəraiti və torpaq xüsusiyyətləri, həmçinin daxili tələbat nəzərə alınmaqla kartofçuluğun inkişafına xüsusi diqqət yetirildiyindən Şahbuz rayonunda bu sahəyə maraq xeyli artırılıb. Bu sahəyə göstərilən xüsusi qayğının nəticəsidir ki, bir çox kəndlərimizdə torpaq mülkiyyətçilərinin ötən illər ərzində əkin sahələrinin məhsuldarlığını artırmaq üçün aqrotexniki qaydalar əsasında həyata keçirdikləri tədbirlər öz bəhrəsini vermişdir. Bu il də əlverişli keçən hava şəraitindən istifadə edən zəhmətkeşlər sahələrdə bol məhsulun təməlini qoyurlar. Hazırda 1 hektar sahədə kartof əkini həyata keçirilib. Qeyd edək ki, kartofçuluq üçün məhsuldar torpaq sahələri olan Gömür, Ağbulaq, Kükü, Keçili, Aşağı Qışlaq, Yuxarı Qışlaq kəndlərində üstünlük təşkil edir.
Kənd təsərrüfatı məhsullarının istehsalında mühüm rol oynayan suvarma suyunun vaxtında sahələrə verilməsi də yaxşı məhsul əldə olunmasına təsir edən amildir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər sayəsində əkinlərin suvarma suyu ilə təminatında problemlər yaranmır. Arxlar, subartezian quyuları və nasos stansiyalar işlək vəziyyətdədir.
Yaz əkininin mütəşəkkil şəkildə keçirilməsi təbii ki, gələcək məhsulun bolluğundan xəbər verir. Ümidvarıq ki, yaz əkinlərindən rayonumuzun torpaq mülkiyyətçiləri zəhmətlərinin nəticəsi olaraq bol məhsul əldə edəcək, bu məhsullar isə süfrələrini bəzəməklə zəhmətin, əməyin nəyə qadir olduğunu sübut edəcəkdir.
Hicran Əliyeva
“Oğuz səsi”qəzeti