İnsan ilk növbədə davranış və hərəkətlərini özü təhlil etməli, doğru yanlış olması haqqında fikir yürütməyi bacarmalıdır. Çünki insan ictimai varlıq olduğuna görə cəmiyyətdə öz mövqeyini qorumaq və daha da möhkəmləndirmək üçün özü ilə hesablaşmasının vacib şərt olduğunu qəbul etməlidir. Məhz buna görə də, müəyyən kollektivin üzvü olan insan, əvvəlcə həmin kollektivin ictimai rəyinin təsirinə məruz qalır. İctimai rəy insanda həya hisslərinin formalaşmasına təkan verən böyük mənəvi qüvvəyə çevrilir.
Hissi halların öyrənilməsində tədqiqatçılar dəyərli məlumatlar əldə ediblər. Bir sıra tədqiqat əsərlərində qeyd edilir ki, “Həya – vicadanın hissi momentinin ifadə formasıdır”, “Həya – vicdanın konkret təzahür formalarından biridir” və s. Bu kimi fikirlərdə həyanın məzmununu açmağa kifayət qədər amillər yoxdur. Çünki təcrübə sübut edir ki, həyada həm mənfi, həm də müsbət qütblü hallar və onların müxtəlif çalarları cəmlənib. Vicdan isə yalnız müsbət təsirli halların komponentlərindən ibarətdir.
Həya hissi əbədi deyil və irsilik əlaməti də daşımır. O, insanların mədəniyyət və irqindən asılı olmayaraq, tarixi-ictimai münasibətlərdə formalaşan və yalnız tərbiyə nəticəsində təşəkkül edən psixi prosesdir.
Hissi halların öyrənilməsində həya hissi vicdanın bir forması kimi təqdim olunur. Vicdanla həya hissinin qarşılıqlı əlaqəsini danmaq olmaz. Belə ki, vicdan anlayışı insan üçün ən faydalı və ən mühüm sayılan hissi halların müsbət obyektləri ilə şərtlənir. Ona mənfi hissi hallar təsir etdikdə, əvvəlki məzmunu itirir. Həya hissinin dərin möhkəmlənmiş təsirindən insanda iradi keyfiyyət və xarakter əlamətləri formalaşa bilir.
Həya hissi məzmunu etibarilə passiv və fəal xarakter daşıyır. Passiv mənada həya insanda cəsarət və mübarizliyin qarşısını alır, mənfi emosional vəziyyətlər yaradır. Yəni insan özünü ifadə etməkdə, fikirlərini anlaşıqlı tərzdə çatdırmaqda çətinlik çəkir. Həyanın fəal şəkildə təzahürü isə insanları qəbul edilməz mənfi hərəkətlərdən çəkindirir. Davranış və münasibətlərinə əxlaqi keyfiyyətlər aşılayır. Eyni zamanda gələcəkdə uyğunsuz davranışların nə kimi ictimai nəticələr verəcəyini əvvəlcədən müəyyənləşdirir və ona qarşı mübarizə yollarını tapmağa imkan yarada bilir.
Lap balaca yaşlarından düzgün təşkil olunmuş tərbiyə nəticəsində formalaşan əxlaqi dəyər kimi qiymətləndirilən həya, vicdan və onun formaları hesab edilən düzlük, doğruluq, mərifət, ədalət, insaf, ədəb, ictimai borc, şərəf və s. mənəviyyatın zənginləşməsinə, mənəvi keyfiyyətlərin mükəmməlləşməsinə və ruhən saflaşmasına xidmət edir. Ona görə də həya hissi geniş anlayışa, dərin məzmuna malikdir. Bu hissin özəlliyi təkcə edilən yalnışların nəticəsində utanıb xəcalət çəkmək anlamına gəlmir. Eyni zamanda yaxşı, ləyaqətli hərəkətlərin icrası zamanı insana bir ayrı xüsusi gözəllik bəxş edir.
Müasir dövrümüzdə həya hissinin formalaşmasında kənar təsirlərlə bərabər, qəbul olunan informasiyanın da çox böyük təsiri var. Kütləvi informasiya vasitələri ilə şüur süzgəcinə daxil olan məlumatlar birbaşa düşüncə tərzinə xitab edə bilir. Bu mənada doğrunu yalnışdan ayırdetmə bacarığına sahib olanlar əldə etdikləri informasiyada nöqsanları tez dərk edə bilirlər. İnformasiyanı qəbul edərkən onun fərdi ictimai mahiyyətini öz tələbatları ilə uyuşdururlar. Bu zaman informasiyaların bir qismini mühakimə tərzində təhlil edir, yaxşı cəhətlərini pis cəhətlərindən fərqləndirirlər. Digər bir qismi isə həyata baxışından asılı olaraq şəxsi zövqlərinə uyğun şəkildə mənimsəyir və təbii hissi hal kimi günlük yaşamında təzahür etdirir.
Lap qədimlərdən bəri insan üzündə həya suyunun olması el arasında səslənən fikirlərdən biri olub. El deyimi kimi şöhrət tapan və bu günümüzə təcrübi sınaqlardan çıxaraq gələn bu ifadənin mahiyyətini araşdırmağa başladıqca görmək olur ki, həqiqətən də boşuna deyilmiş söz deyil. Bu mənada ki, hər hansı hərəkətdən utanıb, xəcalət çəkdiyimiz zaman simada müxtəlif formada özünü biruzə verə bilir. Məhz bu formalardan biridə üzdə tər damlalarının yaranmasıdır. Xüsusilə həmin tər damlaları gözlərin aşağısında yanaqlarda əmələ gəlir. Ona görə də həya suyunun yanaqlarda və yanaq ətrafında olduğu bilinir və xəcalət zamanı yaranan bu damlaları həya suyu adlandıra bilərik. Əgər üzdə həya suyu yoxdursa, utanıb xəcalət çəkmək və tər damlalarının da yaranması ola bilməz.
Yeniyetməlik və gənclik dövründə oğlanlarda həya hissi özünü – utanma, xəcalət, pərtlik kimi göstərdiyi halda, qızlarda isə daha fərqli şəkildə özünü göstərir. Əsasən ya boğulur (yəni daxilində gizlənir), ya da effektiv təsiri gec verməyə başlayır. Qeyd etdiyimiz kimi, həya hissinin təzahürü zamanı bəzilərinin üzü qızarır və ya ağarır, bəzilərində isə hissi hal boğulur, daxildə gizlənir. Məhz bu proses sinir sisteminin xüsusiyyətlərindən asılıdır. Beyində gedən oyanma prosesinin ləngiməyə və ya ləngimə prosesinin oyanmaya sürətlə keçməsi əqli inkişaf üçün əsaslı zəmin yaradır.
İnsan yaşa dolduqca, həyati istiqamətləri müəyyənləşdirdikcə dünəni ilə bugünü haqqında düşünür. Etdiyi hərəkətləri müqayisə edir. Eyni zamanda öz hərəkətlərini, başqalarının hərəkətləri ilə də müqayisə edərək, səhvlərini dərk edir, doğrularını isə möhkəmləndirir. Davranışlarında və fəaliyyətində potensial fərqi müəyyən edir. Beləliklə, kamilliyə gedən yolda həya hissinin də insana təkanverici qüvvə olduğunu əminliklə söyləyə bilərik.
Ayxan Hüseynli
Naxçıvan Müəllimlər İnstitutuTələbə Gənclər Təşkilatının sədri