D vitaminin orqanizmdəki rolu

A- A A+

Sağlam yaşamaq üçün düzgün qidalanmanın əhəmiyyəti böyükdür. Qida rasionumuzda  zülallar, yağlar və karbohidratlarla yanaşı, vitaminlər də mütləq olmalıdır. Vitaminlər oqranizmdə istehsal olunmur və qida ilə daxilə mütləq qəbul edilməlidir. Bütün vitaminlər orqanizm üçün faydalıdır. D vitamini günəş şüasının dərimizə təsirindən  alınan vitamindir. Günümüzdə yaşam şərtləri, qapalı şəraitdə işləmək, açıq havada yetərincə olmamaq, yaxşı qidalanmamaq D vitaminin azlığına gətirib çıxarır. D vitamini həm böyüklər, həm də uşaqların sağlamlığı üçün lazım olan vitaminlər sırasındadır. Bu vitamin çatışmayanda orqanizmdə müxtəlif problemlər ortaya çıxır. Bu səbəblə də vitaminin sintezi normada olmalıdır. Tibbdə bu vitamin kalsiferol adlandırılır, yağda həll olunur, qaraciyər və yağ hüceyrələrində toplanan vitaminlər sırasına daxildir. D2 və D3 olaraq iki formada rast gəlinir. D vitamininin çatışmazlığı orqanizmin bütün sistemlərinə təsir etməklə yanaşı bir çox xəstəliklərə də səbəb olur. Onun azlığı hər yaşda ortaya çıxa bilir və bu hal sağlamlıq üçün əhəmiyyətli dərəcədə təhlükə törədir.

D vitaminin çatışmazlığı müxtəlif şəkildə üzə çıxır. Avitamonoz zamanı: ümumi bədənin ağrıması, yorğunluq, yerimədə zorluq, sümük ağrısı, saç tökülməsi, baş ağrısı, depresiya, yuxusuzluq, oynaqlarda və barmaqlarda ağrı, arıqlama və zəifləmə, tez-tez üşümə kimi hallar ortaya çıxır.

D vitamini çatışmazlığı insanlarda xərçəng, xroniki yorğunluq, diabet, yüksək təzyiq, revmatizma və qan-damar xəstəlikləri yarada bilir. Onun çatışmazlığı sümüklərə mənfi təsir göstərərək sümük xəstəlikləri yaradır. Sümüklər də digər toxumalar kimi canlı quruluşa malikdir və uzun müddət D vitamin çatışmazlığı zamanı sümüklərin quruluşunun dəyişməsinə, əriməsinə və əzələlərdə güçsüzlüyün yaranmasına səbəb olur. D vitamini çatışmazlığı zamanı uşaqlarda raxit, böyüklərdə sümüklərin yumşalması, bir müddət sonra isə osteoporoz əmələ gəlir. Raxit xəstəliyində ayaqlarda əyrilik, əl və ayaq biləklərində qalınlaşma, böyümədə gerilik, döş sümüyünün deformasiyası kimi sümük quruluşunda qalıcı fəsadlar yarana bilər. Avitaminoz zamanı sümük əriməsi ilə yanaşı sümük ağrıları da olur və bu bütün bədəndə hiss edilir.

D vitamini fosfor və kalsium elementlərinin qan səviyyələrini nizama salır.  Diş və sümük üçün son dərəcə əhəmiyyətlidir. Kalsiumun bağırsaqlardan sorulmasına kömək etməklə yanaşı, böyrəklərdə kalsiumun ifrazının qarşısını alır. Sümüklərin kalsium ilə bərkiməsi D vitamini ilə bağlıdır. İmminitet sistemini gücləndirən vitaminlər arasında D vitamini mühüm rol oynayır. İmminiteti gücləndirərək xəstəliklərə qarşı dayanıqlıq yaradan bu vitamin bütün hüceyrələr üçün yararlıdır.

Bəs D vitamini hansı qidalarda vardır? Yağlı okean balıqları, süd və süd məhsulları, yumurta, portağal suyu, toyuq ciyəri, balıq yağının tərkibində D vitamininə rast gəlinir.

Hər şeyin çoxu orqanizm üçün zərəlidir. Bu, D vitaminin artıqlığı üçün də keçərlidir və bu vitaminin çox miqdarda qəbulu orqanlarda və yumşaq toxumalarda kalsiumun yığışmasına səbəb olur. Bunun nəticəsində də böyrəklərdə daş əmələ gələ bilir və yüksək qan təzyiqinə səbəb olur. Hətta böyrək və ürək  çatışmazlığına  belə gətirib çıxara bilər. Amma aparılan tədqiqatlara əsasən qanda D vitamininin təhlükəli şəkildə çoxluğuna nadir hallarda rat gəlinir. Artıq miqdarda D vitamini qəbul etdikdə yorğunluq, unutqanlıq, qusma, danışmada qüsür kimi simptomlar üzə çıxır.

Gülşad Məmmədova

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun kiçik elmi işçisi

                 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: