Baş infeksionist: koronavirusa görə psixoloji sarsıntı keçirməyə və təşvişə düşməyə əsas yoxdur

233

Hazırda dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 mini ötüb. Virusa yoluxanların 13 mindən çoxu vəfat edib. Ən çox xəstələnmə və ölüm halları İtaliyada, İranda, İspaniyada, ümumiyyətlə, Avropa ölkələrində müşahidə olunur. Hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı tədbirlər davam etdirilir. Ölkəmizdə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir.

NUHÇIXAN xəbər verir ki, bunu respublikanın baş infeksionisti, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev deyib.

Həmin virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən etibarən Azərbaycanda qabaqlayıcı tədbirlər görülməsinə başlanıldığını bildirən baş infeksionist qeyd edib ki, məhz bunun nəticəsində koronavirus qonşu İran İslam Respublikasında yayılana qədər ölkəmizdə aşkarlanmayıb. Yalnız İranda yayılandan sonra virusun ölkəmizə keçməsi müşahidə edilib. Buna səbəb ölkəmizin İranla ticari və turizm əlaqələrinin çox geniş olmasıdır. Eyni zamanda, İrana çoxsaylı gediş-gəlişin olduğu nəzərə alınsa, ümumi mənzərə aydın görünər.

C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın özünü bu virusdan qorumasıdır: “Bunun üçün respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək lazımdır. Əvəzində açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük verilməlidir. Çalışmalıyıq ki, insanlarla təmas zamanı aramızdakı məsafə bir metrdən az olmasın. Bu məsafə çox olduqca, xəstəliyə yoluxma ehtimalı da azalır.

Koronavirusdan qorunmaq üçün əllərin təmiz saxlanılması, gigiyenik qaydaların gözlənilməsi ən vacib amillərdən biridir. Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan əllərin sabunlu su ilə mütəmadi yuyulması zəruridir. Əgər buna imkan yoxdursa, əlləri dezinfeksiyaedici, yaxud spirtli məhlulla silmək olar. Bu da olmadıqda ən azı 70 faizlik spirtli əllərin silinməsi, zəruridir”.

Baş infeksionist daha çox təbii qidalardan istifadə etməyi, qida rasionunda meyvə-tərəvəzə üstünlük verməyi, eyni zamanda, 7-8 saatlıq yuxu rejimini gözləməyi tövsiyə edib. O, oturaq həyat tərzi keçirməməyi, zərurət yaranmadıqca kompüterlə, telefonla məşğul olmamağı, mənzillərin və iş otaqlarının havasını tez-tez dəyişməyi məsləhət görüb.

Koronavirusla əlaqədar bir sıra ölkələrlə əlaqələrin məhdudlaşdırıldığını xatırladan C.İsayev xarici səfərləri tamamilə təxirə salmağı, infeksiyanın geniş yayıldığı ölkələrə getməməyi tövsiyə edib.

Psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını vurğulayan həkim bildirib ki, koronavirus digər respirator virus infeksiyalarından kliniki olaraq fərqlənmir. Lakin yaşlı insanlar bu xəstəliyi ağır keçirə bilərlər. Müşahidələr, statistik araşdırmalar göstərir ki, xəstələnənlərin bir faizini 1 yaşdan 19 yaşa qədər, 80 faizdən çoxunu isə 50 yaşdan yuxarı olan insanlar təşkil edir. Ağırlaşma halları da daha çox yaşlı insanlarda qeydə alınır. Bu da onlarda zaman keçdikcə immun sisteminin zəifləməsi, hər hansı yanaşı xroniki xəstəliyin olması ilə bağlıdır. Yəni xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı sağlam insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı insanlar özlərini daha çox gözləməlidirlər. Koronavirusa xas olan kliniki əlamətlər - hərarətin yüksəlməsi, başağrısı, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, öskürmə, asqırma, boğazda qıcıqlanma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalı, 103-ə zəng vurulmalıdır. Əgər həmin insanlar hansısa Avropa ölkəsinə, İrana səyahət ediblərsə, yaxınlarından hər hansı biri koronavirus yayılan ölkələrdən gəlibsə, onlardan müayinə üçün material götürülüb yoxlanılmağa göndərilir və xüsusi nəzarətdə saxlanılır. Zəruri tövsiyələrə əməl edilməsi infeksiyanın yayılmasının qarşısını almaqda önəmli rol oynayır.

“Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır. Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər. Belə olarsa, həmin infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınar. Təbii ki, bu, epidemioloji prosesdir, həm hava-damcı, həm də təmas yolu ilə yayılan infeksiyadır. Qarşısını almağa nə qədər cəhd etsək də, yenə rast gəlinəcək. Başlıca məqsəd yayılma tempini aşağı salmaqdan ibarətdir”, - deyə C.İsayev qeyd edib.

Baş infeksionist diqqətə çatdırıb ki, xəstələrin qoruyucu maska taxması vacib şərtdir. Sağlam şəxs isə insanların çox olduğu yerlərə gedərkən maska taxa bilər. Əgər kiminsə özündə koronavirusa yoluxması ilə bağlı şübhə yaranıbsa, karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir. Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını riskə atmış olurlar. Koronavirusun əlamətləri digər respirator infeksiyaların əlamətlərindən kəskin fərqlənmədiyinə görə, ilkin müayinə ilə dəqiq diaqnoz qoymaq çətindir. Yəni toplanan məlumatlar əsasında şübhə yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi material götürülərək laborator müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir.

Bütün dünyanı bürüyən koronavirusla mübarizədə və maarifləndirmə işində Azərbaycan Tibb Universitetinin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən C.İsayev həkimlərimizin fədakarlığı sayəsində bu bəladan mümkün qədər az itkilərlə çıxacağımıza əminliyini ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: