Böyük yazıçının irsini yaşadan muzey... - FOTOLAR
Onun Azərbaycan ədəbiyyatı və tarixi üçün gördüyü işlər əvəzsiz oldu. Ədəbiyyatımızda tarixi roman janrının ilk rüşeyimləri məhz onun qələmindən boy aldı. “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” romanları ilə ədəbiyyat tariximizdə tarixi romanlar müəllifi kimi tanındı. Bütün bunları yazmasaydı belə, təkcə “Qılınc və qələm” kifayət idi onun qüdrətli qələmindən, yazıçı böyüklüyündən danışmağa. Heç də təsadüfi deyil ki, əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci ildə imzaladığı Sərəncamla oxunması zəruri olan kitablar siyahısına daxil edilib. Bu, Məmməd Səid Ordubadi irsinə verilən qiymətdir.
Ordubadi təxəllüsünü yazıçı elə-belə seçmədi. Doğulduğu yerin adını imzasında yaşadan şair, nasir, publisist, jurnalist, drammaturq Məmməd Səid Ordubadi 1872-ci ilin baharında, tarixin bu günündə şair Fəqir Ordubadinin ocağında, görkəmli şəxsiyyətlərin vətəni Ordubadda doğuldu. Bu gün biz də, yazıçının dünyaya göz açdığı Ordubad şəhərində fəaliyyət göstərən ev muzeyinin qonağı olduq.
Ordubadın qədim məhəllələrindən olan Mingisin dar küçələri ilə yol gedirik ...hər addımda bizi tarixə aparan bu yol qüdrətli yazıçının ev muzeyində sonlanır. Qədim məhəllənin tarixi tikililəri yan-yana sıralanıb. Məhəmməd Tağı Sidqinin ev muzeyi, tarixi hamam, Mingis məscidi və qocaman çinarlar. Bizimsə ünvanımız bəllidir....
Qapıda muzeyin bələdçisi Şəmsi Qafarlı bizi qarşılayır və onun bələdçiliyi ilə böyük ədibin ömür yolunu xatirələrdə, eksponatlarda yaşadan məkana daxil oluruq. 1972-ci ildə ədibin yüzillik yubileyi münasibəti ilə qapılarını muzey kimi tamaşaçıların üzünə açıb. Gələn nəsillər qüdrətli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadini daha yaxşı tanısın, ədəbi irsini daha dərindən öyrənsinlər deyə.
Bir zamanlar bura Məmməd Səid Ordubadinin ata ocağı, uşaqlığını, yeniyetməliyini keçirdiyi ev olub. Bu gün isə muzey kimi fəaliyyət göstərən kiçik, lakin daşıdığı missiyaya görə böyük olan bu evin hər bucağında xatirə əşyaları, ailə fotoları, əlyazmalar, kitablar, ötən əsrin qəzet, jurnal nümunələri, rəsm əsərləri, heykəltaraşlıq nümunələri var. Bu üçotaqlı mənzil özündə illərin, əsrlərin xatirələrini, həqiqətlərini yaşadır. Yazıçı ömrünün 35 ilinə şahidlik edib.
Əsərlərində mövhumatın, cəhalətin, nadanlığın əleyhinə yazdığı üçün təqiblərə məruz qalırdı böyük Ordubadi. Məhz bu təqiblərdən yaxa qurtarmaq üçün 1907–ci ildə Culfa şəhərinə köçür. Görkəmli ədib 1913-ci ildə sürgün olunur. Sürgün illərindən sonra bir müddət Həştərxanda, 1920-ci ildən ömrünün sonunadək isə Bakıda yaşayır.
Bələdçinin söylədiklərindən aydın olur ki, hazırda muzeydə ədib haqqında 700-dən artıq eksponat qorunub saxlanılır. Bir vaxtlar səsli-küylü , qonaqlı-qaralı, bu gün isə sakit, səliqəli və işıqlı evdə Ordubadinin keçdiyi enişli-yoxuşlu həyat yolundan tarixi faktların dili ilə söz açır. Çünki Ordubadi tarixi sevirdi, tarix isə faktları...
Tarixi romanlar müəllifinin xatirə otağında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Şəmil Mustafayev tərəfindən yağlı boya ilə çəkilən portreti ilə üz-üzə dayanmışam...
İçərisində fotoşəkillər olan vitrində yazıçının ailə üzvləri-yaxın qohumları, sürgündə olarkən tanış olduğu həyat yoldaşı Taisiya xanım, oğlu Maqsudla çəkilən fotoşəkil yer alır.
1903-cü ildə “Şərqi–rus” qəzetinin otuz birinci nömrəsində dərc olunan şeirini oxuyuruq divardakı lövhədən. 34 misradan ibarət olan bu şeirdə Məmməd Səid Ordubadi ana dilimizdə qəzet nəşr olunmasından yaranan sevincini ifadə edib.
Azərbaycan musiqisinin inkişafında da Məmməd Səid Ordubadinin xidmətləri böyük olub. Yazıçı həm də Üzeyir Hacıbəyovun, Müslüm Maqamayevin, Fikrət Əmirovun musiqili komediyalarının liberettolar müəllifidir. Bakıda yaşadığı dövürdə böyük sənətkar, xanəndə Bülbül ilə qonşu , yaxın dost olub, hətta son nəfəsini də Bülbülün qollarında verib. Musiqini həddindən artq sevən ədibin evinə tez-tez Üzeyir Hacıbəyov, Fikrət Əmirov kimi sənətkarlar gələr və birlikdə işləyərdilər. Eksponatlar arsında yer alan kiçik heykəltaraşlıq nümunələrinin birində yazıçının dostu Bülbüllə, digərində isə dahi bəstəkar Üzeyir Hacıbəyovla pianinonun önünüdə təsvir olunub. Bu da təsadüfi işlənməyib. Üzeyir Hacıbəyovun 1937- ci ildə yazıdığı “Koroğlu” operasının liberretosunu Məmməd Səid Ordubadi yazıb. Bu dostluq və sənətkarlıq obrazlarına baxanda zaman bizi illərin o üzünə aparır, sanki heç nə dəyişilməyib, zaman elə o zamandır, hər üç böyük sənətkar sağdır və beləcə musiqimizə, ədəbiyyatımıza xidmət edirlər.
Bu otaqda yer alan ədibin büstü heykəltaraş Xanlar Əhmədov tərəfindən hazırlanıb. Divarlardan “Qılınc və Qələm”, “Dumanlı Təbriz” romanlarına çəkilən illustrasiyalar boylanır...
Yazıçı ailəsinin istifadə etdiyi müxtəlif məişət əşyaları, özünün geyim nümunələri, masa və üzərindəki çıraq... Hər şey sadə, hər şey adi. Qonaqpərvər ev sahibi olan Məmməd Səid Ordubadi bir zamanlar evinə gələn qonaqlarları burda qarşılayıb və bu stolun arxasnda, çıraq işığında onlara romana bənzər taleyindən, qələmə aldıqlarından söz açıb.
Sonuncu otağa keçirik-iş və istirahət otağına... Qarşımızda böyük bir yazı masası, ömür vəfa etmədiyi üçün daha işlətmədiyi pernamentlər, mürəkkəb qabı, yanındakı lampa.... “Dumanlı Təbriz”, “ Qılınc və Qələm”, “Gizli Bakı” , “Döyüşən şəhər” və bir çox başqa ədəbi incilər məhz bu masanın üzərində, bu lampanın işığında yazıldı... Öyrənirik ki, bu eksponatlar muzey təşkil olunarkən yazıçının Bakıdakı evindən hədiyyə edilib.
Və yazıçı ömrünün yadigarı kitab rəfi. Onlarla kitab yer alır bu rəfdə ...toxunanda hər birində o əllərin hərarətini, ədibin böyüklüyünü hiss edirsən.
Qeyd edək ki, yazıçının Bakı şəhərində yaşadığı evi də 1979-cu ildən Xatirə muzeyi kimi fəaliyyət göstərir. Naxçıvanda bir sıra küçə və mədəniyyət müəssisələri onun adını daşıyır. Eləcə də Naxçıvan Muxtar Respublika kitabxanası onun adını daşıyır və qarşısında Ordubadinin büstü yer alıb.
Bir yazıçının ömrü onun yazdıqlarının ömrü, yaratdıqlarına verilən dəyər qədərdir deyirlər. Bu mənada M.S.Ordubadi irsinə verilən dəyər də onu hər zaman yaşadacaq. Qeyd edək ki, 2012-ci ildə yazıçı-drammaturqun anadan olmasının 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunub. Bu gün isə onun dünyaya göz açdığı gündən bizi 148 illik bir zaman kəsiyi ayırır. O, bütün ömrü və yaradıcılığı boyu mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşıdı. Milli kimliyini çox yaxşı dərk edərək bəzən açıq, bəzən qapalı şəkildə bunu öz əsərlərində dilləndirməkdən də çəkinmədi. Məhz buna görədir ki, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatının Tolstoyu” adlandırdığı Məmməd Səid Ordubadinin tariximizə güzgü tutan məşhur tarixi romanları illər keçməsinə baxmayaraq indi də dönə-dönə oxunur, bir yazıçı kimi onu əbədilik yaşadır.
Bu ünvan isə Azərbaycanda tarixi roman janrının təməlinin qoyan Məmməd Səid Ordubadinin yaradıcılıq yadigarlarının məkanı olmaqla yanaşı, həm də elmi-tədqiqat və mədəni maarif müəssisəsidir.
Sonda biz muzeyin rəy kitabına ürək sözlərimizi yazıb, muzeydən ayrılırıq. Çinarların xəfif mehinin sığal çəkdiyi, əsrlərə şahidlik edən bu tarixi bina hələ neçə-neçə tamaşaçıya öz qapılarını açacaq, neçə-neçə nəsillərə böyük yazıçının ömür yolundan söhbət açacaq.
Türkanə Əmoyeva
“NUHÇIXAN”