Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının keyfiyyət göstəriciləri mütəmadi olaraq nəzarətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Laboratoriya müdiri Şahin Səfərov NUHÇIXAN-a bildirib ki, laboratoriyada ərzaq məhsullarının tərkibinin analiz olunması üçün hər cür şərait yaradılıb. 2020-ci ilin ötən dövrü ərzində laboratoriyada 44 mal çeşidini əhatə edən 150 səyyari və 401 halda mal nümunəsi analizdən keçib. Laboratoriya təhlilləri əsasən 317 yerli istehsal məhsullarını və 84 idxal məhsullarını əhatə edib.
Qeyd edək ki, burada istehlak mallarının fiziki, kimyəvi, radioloji, toksikoloji, mikrobioloji göstəriciləri analiz olunur. Ötən illər ərzində ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılır.
Turab Hacızadə