AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsində Naxçıvan Muxtar Respublikasının mikobiotasının papaqlı göbələklərinin növ tərkibi, ekoloji xüsusiyyətləri, qurşaqlar üzrə yayılma qanunauyğunluqları sistemli şəkildə öyrənilir.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, 2006-cı ildən başlayaraq bu istiqamətdə tədqiqat aparan şöbənin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Seyidova tərəfindən muxtar respublikanın müxtəlif ərazilərindən 1000-dən artıq papaqlı göbələk nümunəsi toplanılıb.
Aparılan tədqiqatlar nəticəsində Naxçıvanın mikobiotasında 120 növ göbələyin yayıldığı, bunlardan 45 növün yeməli, 6 növün zəhərli, qalan növlərin isə yeməli olmayan növlərə aid olduğu müəyyən edilib. Həmçinin Naxçıvan Muxtar Respublikasında yayılan 2 papaqlı göbələk Morchella esculenta (L.) Pers. və Terfezia leonis Tul. növünün yayılma arealının azaldığı nəzərə alınaraq Azərbaycan Respublikasının “Qırmızı kitabı”na salınıb. Toplanılan göbələklərdən 4 cins, 18 növ Azərbaycan mikobiotası üçün ilk dəfə aşkar olunub.
Tədqiqatçı qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının rəngarəng torpaq iqlim şəraiti, yabanı və mədəni bitki florasının zənginliyi burada müxtəlif taksonomik qruplara daxil olan göbələk aləminin də formalaşmasına səbəb olub. Onun sözlərinə görə, göbələklərin əmələgəlmə vaxtı, inkişaf müddəti və sonu hər növün bioloji xüsusiyyətlərindən, mühitin iqlim şəraitindən, xüsusən torpaq və havanın rütubətindən asılıdır. Naxçıvan Muxtar Respublika ərazisində yeməli göbələklər demək olar ki, mart-oktyabr aylarında, müəyyən fasilələrlə əmələ gəlir. Onların məhsuldarlığı müəyyən illərdə bol olduğu halda, növbəti ildə nisbətən azalma ilə müşahidə olunur. Əsasən papaqlı göbələklərin inkişafı mart ayının axırlarından və aprelin əvvəllərindən başlayaraq Terfezia leonis, Morchellaesculenta, Lycoperdon perlatum və digər kiçik növlərin əmələ gəlməsi ilə başlayır.
Morchellaesculenta və Lycoperdon perlatum növlərinə meşə və kolluqlarda , Terfezia leonis növünə isə bozqır və dağ ətəklərində rast gəlinir.