İyunun 22-də Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, veteran təşkilatlarının, hərbi hissələrin nümayəndələri iştirak ediblər.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin rəhbəri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Azərbaycan Silahlı Qüvvələri – dünən, bu gün, sabah” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycan Ordusunun tarixindən və keçdiyi şanlı inkişaf yolundan söhbət açıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu qərar Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının əsasını təşkil edir. Müasir müstəqil Azərbaycanda ordu quruculuğunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Ə.Qənizadə bildirib ki, dahi şəxsiyyət hələ sovet dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə uzaqgörənliklə mühüm tədbirlər həyata keçirib, zəruri infrastrukturun formalaşdırılmasına nail olub. Ulu Öndərimizin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri əsasında daha da inkişaf etdirən və qətiyyətlə reallaşdıran Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin müəllimi, Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Malik Məmmədov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev çıxış edərək Azərbaycanın hərb tarixindən, ordumuzun peşəkarlığından və döyüş qabiliyyətindən danışıblar.
Tədbirdə bir qrup şəxs Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğində əvəzsiz xidmətlərinə, Hərb Tarixi Muzeyində hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə fəal iştirakına görə Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə fəxri fərmanlarla təltif olunub.
Tədbirin bədii hissəsində hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər oxunub.