AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində həyata keçirilən “Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb.
Bölmənin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi altında Naxçıvan Qarnizonu tam orta məktəbinin 10-cu sinif şagirdləri Lamiyə Hacıyeva və Ayişə Əsgərova xəritə hazırlayıblar. Muxtar respublika ərazisində yerləşən dünya əhəmiyyətli abidələrin rayonlar üzrə sayını və yerini əks etdirən xəritə ağac üzərində yandırma üsulu ilə işlənilib, iki milli-mənəvi dəyərin sintezini-tarixi abidələrimizi və qədim sənət növünü özündə əks etdirir.