23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür

Dövlət qulluğu xalqa və dövlətə xidmətdir

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali  hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmin yaradılmasına diqqət artırılmışdır.

Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılmış, “Elektron hökümət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyari xidmətlər təşkil edilmişdir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi dövlət qulluğu sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Son illər dövlət qulluğu sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Fəaliyyətə başladıqdan qısa müddət sonra komissiya üçün yeni inzibati binanın tikilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadəyə imkan verən test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov komissiya əməkdaşları qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Komissiyanın əməkdaşları daim öz üzərlərində çalışmalı, müvafiq qanunvericilik bazasını, normativ hüquqi aktları dərindən öyrənməli, onların tətbiqinə çalışmalı, ədalət və şəffaflıq prinsipinə daim əməl etməlidirlər. Çünki Komissiyanın seçdiyi kadrlar dövlət qulluğu andı içərək dövlət qulluqçusu statusunu daşıyacaq, dövlətimizə sədaqətlə xidmət etmək üçün söz verəcəklər. Komissiya tərəfindən seçilən, dövlət qulluğuna qəbul olunan gənclər gələcəkdə Azərbaycan dövlətçiliyinin layiqli davamçıları olmalıdırlar”.

Komissiya tərəfindən bugünədək keçirilmiş 14 müsabiqədə 5068 namizəd iştirak etmiş, onlardan 983-ü müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 38 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, işgüzar, savadlı, bacarıqlı, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabiliyyəti olan dövlət qulluqçularıdır. Komissiyanın keçirdiyi müsabiqələr nəticəsində məsləhətçi vəzifəsinə təyin olunmuş şəxslərdən bir qismi öz vəzifələrini uğurla yerinə yetirərək dövlət qulluğunda irəli çəkilmişlər. Yuxarıda qeyd olunanlar, o cümlədən keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və vətəndaşların, xüsusilə gənclərin dövlət qulluğuna marağı artır.

Bundan başqa, Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Vergilər nazirlikləri, muxtar respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilmiş 37 müsabiqədə iştirak edən 1781 namizəddən 499-u test imtahanlarında müvafiq keçid balını toplamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən yeni proqram təminatının yaradılması komissiyanın fəaliyyətinin yaxşılaşmasına səbəb olmuş, elektron xidmətlərin həyata keçirilməsinə imkan yaratmışdır. Bütün bunlar elektron sənəd qəbulu işinin sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və şəffaflığın tam təmin olunmasına gətirib çıxarmışdır. Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatı hazırlanmışdır ki, bu da dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir. Hazırda muxtar respublikanın dövlət orqanlarında fəaliyyət göstərən 2493 vəzifəli şəxs barədə məlumatlar reyestrə daxil edilmişdir. Dövlət qulluqçularının 26 faizini gənclər, 22,7 faizini isə qadınlar təşkil edir.

Cari ildə komissiyanın rəsmi internet saytının yenilənməsi istiqamətində işlər görülmüşdür. Bu  da namizədlərin komissiyaya gəlmədən, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsi ilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirak etmələrinə şərait yaradır. Komissiyanın internet saytının təhlükəsizliyinin tam şəkildə təmin edilməsi məqsədilə “SSL” sertifikatı alınmışdır ki, bu da saytın elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan verir, namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən fərdi və ödəniş kartı məlumatları qorunur.

Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə uyğun dövlət idarəçiliyi sisteminin qurulmasına səbəb olmuşdur. Dövlət qulluqçularının əsas vəzifələri isə xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Dövlət qulluğu təkcə geniş səlahiyyət deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Dövlət qulluqçusu unutmamalıdır ki, o, idarəetmə və digər funksiyaları icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.

Rəşid Talıbov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında

 Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə

baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: