Çirişin bilmədiyimiz faydaları

A- A A+

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir. Floramız təkcə növ sayı ilə deyil, eyni zamanda faydalı bitki növləri baxımından da olduqca zəngindir. Burada yem, qida, balverən, dərman, vitaminli, aşı maddəli, boyaq, bəzək, efir yağlı və başqa faydalı bitkilər geniş yayılıb. Bu faydalı bitkilərin içərisində çirişin özünəməxsus yeri var.

Latın dilində ”eromos” səhra, “ura”- quyruq olan çirişin lüğəti mənası səhra quyruğu deməkdir. İran-Turan  florasına xas olan bitkinin Ön və Mərkəzi Asiyada yayılan 22 növündən Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında yalnız bir növünə rast gəlinir.

Çoxillik geofit bitki olan  çirişin kökləri kəndirəbənzər, yoğunlaşmış 25 sm uzunluğunda lətlidir. Aprel ayında çiçəkləyir, iyun ayında isə toxum verir. Orta dağ qurşağından, yüksək dağ qurşağına qədər daşlı-çınqıllı yamaclarda və kolluqlarda yayılıb. Muxtar respublika ərazisində yayılan çiriş əhali tərəfindən qiymətli tərəvəz bitkisi kimi istifadə olunur. Sahbuz rayonun Badamlı, Ayrınc, Şada, Yuxarı Qışlaq, Batabat, Culfa rayonun Dəmirlidağ, Teyvaz, Ərəfsə, Şurud və başqa ərazilərinin meşə talalarında, kolluqlarında, otlu yamaclarda və mezofil çəmənlərdə rast gəlinir. Bitki mart-aprel aylarında yarpaqları 6-15 sm uzunluğunda olarkən toplanılır. Lakin havalar mülayim keçdikdə çiriş fevral ayının sonlarında da əhali tərəfindən yığılır. Bitki torpağın 3-4 sm dərinliyindən kökboğazına yaxın yerdən kəsilir. Yeni açan 6-10 ədəd yarpağı zər pərdə ilə örtülü olduğundan  bu vaxtlar yarpaqlar selik və C vitamini ilə zəngin olur.

Xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə və qutab məxsusi dadı ilə seçilir. Hər il Naxçıvan Muxtar Respublikasında keçirilən “Kətə festivalı”nda yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri  içərisində  çiriş kətəsi daha çox sevilir. Bu bitkidən kətə,eləcə də qutab bişirmək üçün çirişə soğan, dağkeşnişi və quzuqulağı əlavə edilib doğranır. Doğranmış qarışığa azacıq duz qatıb adi qaydada kətə, yaxud qutab bişirirlər. Zövqə uyğun heç bir göyərti qatmadan təkcə çiriş ilə bişirilmiş kətə çox dadlı olmaqla, mədə və bağırsaq xəstəlikləri, xüsusən bağırsaq iltihabı xəstəliyi (kolit) zamanı çox xeyirlidir.Çirişin yarpaqları duzlu suda pörtlədilib acı suyu çıxarılır, sonra yağda soğanla qızardılaraq  da yeyilir. Çirişin tək yarpaqlarından hazırlanmış buğlama, sıyıq, kətə, qutab və başqa xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmlənməsi üçün daha çox faydalıdır. Çiriş buğlaması hazırlamaq üçün toplanan çiriş yarpaqları duzlu suda pörtülür, acı suyu çıxarılır. Qazana aşağı hissədən bir qat çiriş düzülür, sonra üzərinə düyü, alça və ya gavalı turşusu əlavə edilir. Daha sonra xırda doğranmış soğan düzülür. Onların üzərinə bir stəkan ilıq su tökülür. Vam odun üzərində qoyulur. Yemək qaynara düşəndən 15 dəqiqə sonra üzərinə 2 xörək qaşığı yağ əlavə edilir. Bu qayda ilə hazırlanmış buğlama və sıyıq yazqabağı vitamin qıtlığından əziyyət çəkən xəstələr üçün faydalıdır, həmçinin  çiriş bubuğlaması qida borusu, mədə və bağırsağın divarlarını yumşaldır.

A.X Rollov 1908-ci ildə "Qafqazın yabanı bitkiləri, onların yayılması və istifadəsi qaydaları" adlı kitabında hələ o vaxtlar Zaqafqaziyada 5000 pud çiriş tədarük edildiyi göstərib. Qafqazın İpəkçilik Stansiyasında tədqiq edilən çiriş ununun su ilə qarışığından qatı, bulanıq, qeyri-şəffaf olan yapışqan alınıb ki, bu yapışqanın tərkibində 16,37 % su, 29,14 % kül, 15% kitrə (qummi, yapışqan), 20 % petin maddəsi ,ondan alınmış külün tərkibində isə 5,77 % xlor, 4,49 % maqnezium, 21,83 % əhəng, 2,54 % kükürd anhidridi olduğundan bitkidən keyfiyyətli çiriş yapışqanı hazırlanır. Hətta yaxşı hazırlanmış çiriş yapışqanından keçmişdə dərzilikdə, papaqçılıqda və çəkməçilikdə çox geniş istifadə edilib. Çiriş yapışqanından istifadə edən sənətkarların dediklərinə görə papağın dimdiyinə, pencəyin yaxalığına, çəkmələrin dabancıq və burun hissəsinə, kisə parçalara sürtülən çiriş əgər su dəyməsə 200-250 il öz möhkəmliyini saxlama qabiliyyətinə malik olur.

Çirişin kökyumrusundan, kökündən, yarpağından və çiçəyindən qədimdən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunub. Bitkinin kökyumrusu qurudulduqdan sonra xırdalanır. Alınmış çiriş tozu bal ilə birlikdə qaynadılır, qatılaşana yaxın götürülülərək ondan xüsusi məlhəm hazırlanır və bu məlhəm çıxıq, sınıq, çiban, dolama tipli yaraların müalicəsində işlədilir. Çiriş bitkisindən "eremuran" adlı maddə alınıb ki, həmin maddə ilə hopdurulmuş polietilen örtük tərəvəzi 6 ay təzə saxlamaq qabiliyyətinə malikdir.

Çiriş həm də bəzək bitkisidir. Bitki suya və qulluğa tələbkar olmadığından onu introduksiya etmək asandır.Çiçəkləri sarı və qırmızı rəngdə olub, gözəl görünüşə malikdir. Bəzək əhəmiyyətli olması, yaşıl yarpaqlarının əhali tərəfindən kütləvi şəkildə toplanaraq qida bitkisi kimi istifadə edilməsi, həmçinin zoogen və iqlim amillərinin təsiri də çirişin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Bu səbəbdən də çiriş bitkisi Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib. Bitkinin yayıldığı ərazilər xüsusi nəzarət altına alınmalı,əhali tərəfindən nizamsız toplanmasına diqqət edilməli və qorunmalıdır.

                                                                                                    Zülfiyyə Salayeva

                          AMEA Naxçıvan Bölməsi Bioresurslar İnsitutunun aparıcı elmi işçisi,

biologiya üzrə fəlsəfə doktoru, dosent

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: