Hər bir cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Naxçıvan isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri kimi sanki dil açıb danışan möhtəşəm tarix kitabıdır. Bu kitabı yaradan ata-babalarımız qədim və zəngin olan milli mədəniyyəti bütün dönəmlərdə yaşadaraq bu günümüzə daşımışlar. Bəlkə də elə buna görədir ki, dahi filosof və mütəfəkkirlər Naxçıvanı təkcə Şərqin deyil, həm də Qərbin parlayan Günəşi adlandırıblar.
Naxçıvan türk-islam mədəniyyətini günümüzə qədər gətirib çıxaran qədim bir diyardır. Ümumiyyətlə, İslam mədəniyyətinin bir parçası kimi Azərbaycan xalqı həmişə öz üstün mənəvi dəyərləri ilə seçilib. İslamın ali dəyərlərinə bağlılıq tarixin çətin sınaqlarında xalqımızı öz inancından döndərə bilməyib. Azərbaycanın tanınmış mütəfəkkirləri, şairləri, yazıçı və memarları öz əsərlərində türk-islam ənənələrinə söykənməklə bəşəriyyətin mədəni irsinə zəngin sərvətlər bəxş edərək, İslamın ali dəyərlərinin təbliği yolunda dünya mədəniyyətinə böyük töhfələr veriblər.
Zəngin tarixi-mədəni irsi və özünün artan nüfuzu ilə müstəqil Azərbaycan Respublikası çağdaş zəmanəmizin İslam dünyasının layiqli bir üzvü kimi diqqət mərkəzindədir. Ölkəmizdə iqtisadi inkişaf və sivil cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən bütün işlərdə sosial ədalət və humanizm prinsiplərinin ön planda tutulması, insan hüquq və azadlıqlarına, xalqlararası tolerant münasibətlərə verilən diqqət Azərbaycanın nüfuzunu təkcə İslam dünyasında deyil, eləcə də bütün beynəlxalq aləmdə artırıb.
“İslam mədəniyyəti paytaxtı” layihəsi uzaq Asiyadan Afrikayadək bütün İslam aləmini əhatə edən genişmiqyaslı bir tədbirdir. Hər il Asiya və ərəb ölkələri, o cümlədən Afrika qitəsi regionları üzrə bir şəhərin İslam mədəniyyətinin paytaxtı kimi seçilməsi yer üzündə tarixin və mədəniyyətin beşiyi olan həmin bölgənin mədəniyyətlərarası dialoqdakı rolundan qaynaqlanır.
2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar isə sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün tarix boyu İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə Təşkilat Komitəsinin yaradılması və ötən il Naxçıvanda “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfrans muxtar respublikamız, ölkəmiz, eləcə də bütün İslam aləmi üçün yaddaqalan hadisələrdəndir.
Respublikanın iri sənaye, təhsil və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan qədimdə olduğu kimi, bu gün də bütün Şərq dünyasının, İslam aləminin dövlətçilik və fəlsəfi düşüncə mərkəzi kimi tanınır. Gerçək budur ki, ölkəmizin ən yeni tarixində Naxçıvanın mövqeyi, müstəqil Azərbaycan Respublikasının qurulmasında və möhkəmlənməsində oynadığı rolu, blokada vəziyyətinə salınsa da, ötən dövrlərdə burada həyata keçirilmiş sürətli inkişaf yolunun dünyaya örnək ola biləcək gücü hər kəsi yaxından maraqlandıran bir predmetə çevrilib. Bu mənada, İslam mədəniyyətinin paytaxtı kimi Naxçıvandan, qoca Şərqin qapısından bütün dünyaya sülh ismarıclarının yollanılması qəbul olunandır.
Xatırlatmaq yerinə düşər ki, dünyanın böyük coğrafi ərazisini əhatə edən İslam dünyasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında əhalisinin sayına, infrastrukturuna, coğrafi mövqeyinə görə diqqəti cəlb edənləri də az deyil. Lakin həmin şəhərlərin əksəriyyəti “İslam mədəniyyətinin paytaxtı” kimi şərəfli bir ada layiq görülməyib. Ancaq blokadanın gətirdiyi xaosu aradan qaldıran, bütün çətinliklərə sinə gərən qəhrəmanlar yurdu Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülüb. Sevindirici hal budur ki, bu möhtəşəm hadisə həm də müstəqilliyimizin çox qısa bir tarixi dövründə baş tutub.
Yaxın tarixdə baş verən hadisələrə xronoloji ardıcıllıqla nəzər yetirsək aydın şəkildə görə bilərik ki, 2001-ci ilin axırlarında Qətərin paytaxtı Doha şəhərində İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin III konfransında İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının təklifi ilə “İslam mədəniyyəti paytaxtları” Proqramının təsdiq olunması haqqında qətnamə qəbul edilib. Bu sənədə müvafiq olaraq, İslam mədəniyyəti paytaxtları İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasından seçilməli idi. Həmin konfransda qəbul edilmiş digər qərara görə, dünya müsəlmanlarının ziyarət məkanı olan müqəddəs Kəbənin yerləşdiyi Məkkə şəhəri İslam mədəniyyətinin ilk paytaxtı elan edilib. 2009-cu ildə ölkəmizin paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı olub. Həmin il isə qədimliyi və müasirliyi özündə yaşadan Naxçıvan şəhəri yekdilliklə bu mötəbər tədbirin keçiriləcəyi növbəti ünvan olub. 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi, əslində, Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətdən xəbər verir.
Digər xüsusi bir məqam isə ondan ibarətdir ki, İslam mədəniyyətinin növbəti paytaxtı kimi namizəd göstəriləcək şəhər İslam dünyası səviyyəsində zəngin tarixə malik olmalı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi töhfə verməlidir. Bundan əlavə, namizəd şəhərin həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən xüsusi elm mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji qurumları, müvafiq institutları olmalıdır. Bu gün Naxçıvan şəhəri bütün bu sadalanan tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyə qadirdir.
Azərbaycanın 5 minillik tarixə malik qədim şəhəri Naxçıvanda son illərdə onlarla nüfuzlu beynəlxalq tədbir keçirilib. Qədim diyarda elmin, mədəniyyətin inkişafı bu gün ölkəmizdə nümunə kimi qəbul edilir. Muxtar respublika həm də türk-islam mədəniyyətinə aid milli-mənəvi dəyərlərlə, dini abidələrlə zəngindir və bəşər sivilizasiyasına mühüm töhfələr verib. Dini ziyarətgahlar – imamzadələr, eləcə də Əshabi-Kəhf ziyarətgahı öz abadlığına görə İslamın yarandığı müqəddəs şəhərlərdəki ziyarətgahlarla müqayisə oluna bilər. Bu gün muxtar respublikada 211 məscid, 25 dini ziyarətgah var. Son illərdə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində yeni məscidlər tikilib, mövcud məscidlər təmir olunub, abadlaşdırılıb. Naxçıvanda regionun ən böyük ibadət ocağı olacaq – 2500 nəfərin eyni vaxtda namaz qıla biləcəyi, böyük və özünəməxsus memarlıq üslubu ilə seçilən yeni məscidin inşası isə islami dəyərlərə bağlılığın nümunəsidir.
Milli dəyərlərin mühafizə olunduğu və yaşadıldığı muxtar respublikada tarixi abidələrin bərpası uğurla həyata keçirilir. Bəşər mədəniyyətinin əvəzsiz inciləri sırasında yer alan Mömünə xatın, Gülüstan türbəsi, Xanəgah Abidələr Kompleksi, Qarabağlar Türbə Kompleksi və onlarca bu kimi abidəyə yeni həyat verilib.
Ümumiyyətlə, milli ornamentləri və yüksək memarlıq xüsusiyyətləri ilə Naxçıvan abidələri bu gün nəinki İslam ölkələrindən, həmçinin dünyanın dörd bir yanından gələn turistləri heyran etməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamına uyğun olaraq qeydə alınan 1200-dən artıq tarixi abidəyə malik qədim diyarımız özündə dünya əhəmiyyətli 57 abidəni hifz etməklə bəşər mədəniyyətini zənginləşdirir. Naxçıvandakı 70-ə yaxın abidə tarixiliyi saxlanılmaqla bərpa olunub.
İslam dini humanistliyi, dincliyi, qardaşlığı, sülhü aşılayan mənəvi dəyər toplusudur. İslam dini paklığın və dürüstlüyün tərənnümçüsüdür. Bu dəyərin izlərinə ədəbiyyatımızda daha çox rast gəlmək olur. Naxçıvan dünyaya Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi dahilər bəxş edib. Yusif Məmmədəliyev kimi kimya elmində danılmaz xidmətləri olan akademik bu torpağın yetirməsidir. İncəsənət, hərb, mətbuat, səhiyyə, mədəniyyət sahəsinə əvəzsiz töhfələr verən Kəngərlilər, Naxçıvanskilər, Şahtaxtinskilər nəsillərinin nümayəndələri Naxçıvanın qürur yeri, fəxarət mənbələridir.
Naxçıvan həm də böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətənidir. Görkəmli şəxsiyyət Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş, taleyüklü tarixi qərarlar qəbul edərək, Azərbaycanın ümumi xilasına və inkişafına bu qədim diyardan rəvac vermişdir. Ulu öndər Naxçıvanın qədim tarixini isə çıxışlarında belə xarakterizə edirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.
İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci il Naxçıvanın tarixinə qızıl hərflərlə yazılan bir il olacaq. Naxçıvan islami dəyərləri, humanizmi aşılayan zəngin mədəni irsi ilə qapılarını təkcə İslam ölkələrinə deyil, bütün dünyaya açacaq. O qapıdan keçən hər kəs Naxçıvanın müstəqillik illərində qazandığı nailiyyətlərin, şanlı keçmişimizi özündə saxlayan tarixi abidələrin, dini-mənəvi dəyərlərə ehtiramın, mədəni həyatımızdakı yeniliklərin şahidi olacaq və Naxçıvan İslam həmrəyliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Vaqif AĞALAROV
Naxçıvan Televiziyasının
baş redaktoru
"Xalq" qəzeti
Digər xəbərlər