Dağlıq Qarabağ sakinləri yaşadıqları cəbhəyanı kəndlərdən qaçmaqda davam edirlər. Bu, Azərbaycan Ordusunun 2016-cı ilin 2 aprel və 2018-ci ilin Günnüt qələbəsindən sonra daha kütləvi hal alıb. Əslində onlar münaqişə başlayan gündən buradan qaçmağa can atıblar. İmkanlı şəxslərin ailələri yaşadıqları yerləri tərk etsələr də, imkansız ailələr ölüm qorxusu altında qalmağa məcbur olublar. Qaçmağa cəhd göstərənlərin əksəriyyəti Tərtər-Goranboy istiqamətində yerləşən kəndlərin sakinləridir. Bədnam “DQR” “hakimiyyəti” isə qaçanları geri qaytara bilmir. Çünki bu üzdəniraq rəhbərlər qaçanlara təhlükəsiz həyat vəd etməkdə çətinlik çəkirlər.
Erməni mənbələri xəbər verir ki, Dağlıq Qarabağda təmas xətti boyunca gedən qızğın döyüşlər zamanı qorxudan evlərindən qaçmağa məcbur olan mülki əhalinin bir hissəsi ortalıq ərazilərdə yenidən məskunlaşdırılır.
Bu adamların əksəriyyətinin hərbiləşdirilmiş cəbhə xəttinin yaxınlığında yerləşən Talış və Madagiz kəndlərindən olduğu xəbər verilir.
Bildirilir ki, 1994-cü ildən bəri tərəflər arasında baş vermiş ağır döyüşlər zamanı bu kəndlər Azərbaycan Ordusunun hücumuna məruz qalıb.
Ermənilərin nəzarətində olan bu iki kəndin sakinləri bu günədək didərgindirlər və evlərinə qayıda bilmirlər. Eyni sözləri cəbhə xəttinə yaxın olan Ağdərə şəhərinin erməni sakinləri haqqında da demək olar.
Xəbər verilir ki, Talış kəndi artıq 1991-1994-cü illərdə baş vermis döyüşlər zamanı ağır dağıntılara məruz qalmışdı. Bu kəndin 550-dək sakini “DQR” “rəhbərləri”nin təzyiqinə baxmayaraq qaçaraq Ermənistana sığınıb. Əksəriyyəti uşaqlar, qadınlar və yaşlılar olan 130 sakin hazırda Ermənistanın Çarentsavan şəhərindəki qohumlarının evlərində yaşayırlar. Pul kasadlığı keçirən yerli “rəhbərlik” hər ailəyə ayda cəmi 20 min dram (42 dollar) vəsait ayıra bilib.
Bir məqalədə deyilir ki, 26 yaşlı Ruzanna Sarkisyan yenicə doğulmuş körpəsi ilə Talışı tərk edib, lakin onun “Qarabağ ordusunda” xidmət edən əri və qardaşı Qarabağda qalıblar. “Mən ümid edirəm ki, onlar sağ qalsınlar”, - deyib gözüyaşlı qadın, - “Mən yenidən Qarabağda yaşamaq istəyirəm. Kənddə olmasa da, heç olmasa Xankəndində”.
Məqalələrdən birində deyilir ki, münaqişənin yenidən qızışacağından ehtiyat edən “Qarabağ hökuməti” Ruzanna kimi insanları təhlükəsiz yerlərə köçürür. “Qarabağ rəsmiləri” tez-tez Ermənistana baş çəkir və Qarabağ qaçqınları ilə görüşürlər.
“Biz Şuşada müvəqqəti sığınacaq açmışıq və vətəndaşlara orada yerləşməyi təklif etmişik” - “Qarabağ baş nazirinin müavini” Artur Ağabekyan “Azadlıq” radiosunun erməni xidmətinə belə deyib.
Lakin belə görünür ki, adamlar bu təklifi qəbul etmirlər, çünki onlar hazırda Ermənistanın Çarentsavan şəhərində yaşayırlar və “qayıtmağa tələsmirlər”.
“Biz Talış tam təhlükəsiz olduqdan sonra, ora yaşamaq üçün qayıdacağıq”, - deyib Qayane Abramyan, - Bizim başqa kənddə yaşamaq fikrimiz yoxdur”.
Talışdan olan başqa bir sakin, Armen Hayrapetyan - “Xankəndindən gələn rəsmilərə” deyib ki, bir gün Talışa qayıdıb uçmuş evini tikəcək.
Lakin 33 yaşlı Hayrapetyan dərhal bunu da əlavə edib ki, körpə uşaqlarının təhlükəsizliyinə görə ora qayıda bilmir. Ağabekyan da etiraf edib ki, hazırda Talış və ya Madagizdən çıxanların oralara qayıtması təhlükəlidir. “Biz onların həyatını xilas etməliyik”, - deyib Ağabekyan. O deyib ki, “həmvətənlərinin qayıtması üçün” əllərindən gələni edəcəklər. Lakin açıqca hiss olunur ki, “Qarabağa qayıtmaqdan” dəm vuran ermənilər boğazdan yuxarı danışırlar. Azərbaycan Ordusunun zəhmi, 2016-cı ilin dördgünlük aprel döyüşləri və bu ilin Günnüt qələbəsi onlarda məğlubiyyətçilik əhval-ruhiyyəsi yaradıb və bu sindromdan yaxa qurtara bilmirlər.
Vəli İlyasov
“İki sahil”