Ailəvi və bəşəri sevgi

A- A A+

Hər şey ailədən başlayır. İnsan doğulduğu, böyüdüyü, sevdiyi ailədən əldə etdiklərini zamanla şüurunda formalaşdırır, şəxsi duyğular bəşəri duyğulara çevrilir. Hər kəsin bildiyi, misal çəkdiyi bir cümlə var -“Ailə kiçik dövlətdir.” Zahirən ailəni dövlətə bənzətmək heç də çətin deyil. Hər ikisində hakim qüvvə, idarəedici şəxs və müxtəlif titullar daşıyan fərdlər var. Yəni dövlətdə  olduğu kimi ailədə də hər kəsin öz yeri, öz vəzifəsi var.

Ailə başçılarının ailəni idarə etməsindən çox şey asılıdır. Valideyinlər övladlara hər şeyi- sevgini, bir-birini sevməyi, hörmət etməyi, möhkəm tellərlə bağlanmağı öyrədir. Elə bir tel ki, onu ancaq Tanrı qopara bilər. O da ki, cismən olar, ruhən bağlılıq heç zaman yox olmur. Bir-birilə ömrü boyu mehriban olan, can deyib, can eşidən ailələrin sirrini, problemini başqaları bilmir. Onlar bunu öz aralarında həll edir. Bir də ki, ailə deyəndə, mən iki nəfərin bağladığı nikahdan danışmıram. Bizim ailə  anlayışımız geniş və möhkəm bağlarla bir birinə bağlanmış insanlardır. Əsas fərdlər ata, ana, baba, nənə, oğul-qız, gəlin – kürəkən, nəvə- nəticə olsa da, dayı, əmi, xala, bibi və onların törəmələri də bizim ailənin üzvüləridir. Şad gündə də, dar gündə də bir-birınə dayaq duran, əlbirliyi, elbirliyi ilə bütün problemləri çözən, işlərini yoluna qoyan ailə! Ailədə birlik olanda, o yad təsirlərə məruz qalmır, təməli sarsılmır.

Ailəmizin bizə öyrətdikləri içərisində qonşuluq münasibətləri də var. Qonşunun dədə-baba torpağına, malına göz dikməməyi, qonşunun toyuğuna daş atmamağı, qonşu ilə mehriban dolanmağı və s. biz böyüklərimizdən öyrəndik. Ailə nədir?- sualına bir də sadə poetik dillə yanaşmaq istədim:

Məhəbbətin bulağından su içən,

Kök –budaqlı bir çinardı ailə.

Bürüyəndə başını qar, duman , çən,

Bütövləşən yumruq, ərdi AİLƏ!

 

Baba, nənə,ata, ana baş olar,

Bir-birinə can deyən qardaş olar,

Bacılara oğul-qız sirdaş olar,

Gül qoxulu nəvələrdi AİLƏ!

 

Gəlin gələr, evin təbi dəyişər,

Baldız –gəlin pıçıldaşar, gülüşər,

Kürəkənin yaxşısı başa düşər,

Sirli-sözlü qızıl zərdi AİLƏ!

 

Qiymətini bilənləri sağ olsun,

Səadəti bölənləri çox olsun,

Aralıqdan kin-küdurət yox olsun,

Nur günəşli bir səhərdi AİLƏ!

 

Sirri-sözü dağılmasın heç hara,

Bənzədirəm eniş- yoxuş yollara,

Haçalanıb, ayrılıbdı qollara,

Həm dövlətdi, həm dəyərdi AİLƏ!

Ailə sevgisi ilə bəşəri sevgi sıx tellərlə bağlıdır. Ailədən gələn sevgini həyata, insanlara, dünyaya yansıtmaq, paylaşmaq gərəkdi. Sevmək gözəl bir duyğudu. İnsan kədərini də, sevincini də sevməyi bacarmalıdır. Hətta özündən başqa kimsəyə sevgisi olmayanlara da mərhəmətimizdən pay ayıraq, sevək ki, onlar daxili dünyalarını məhv edən, cəmiyyətdən uzaqlaşdıran neqativ duyğulardan təmizlənməyə can atsınlar.

Böyük fəlakətləri ancaq sevgimizlə aradan qaldıra bilərik. İnsan özünü qorumağı, sevməyi bilməsə sevdiklərini də, ətrafını da qoruya bilməz. Bu gün bəşəriyyəti düşdüyü bəladan, yoluxucu xəstəlikdən- həm ailəvi, həm də dünyəvi birlik qoruya bilər. İndi inkişaf etmiş ölkədən, cəmiyyətdən çox, inkişaf etmiş insanlara, mənəvi dəyərlərə daha çox ehtiyacımız var. Hər bir şüurlu insan dərk etməlidir ki, onun öz sağlamlığını qoruması ailəsinin,ölkəsinin və bütün dünyanın sağlamlığının qorunması deməkdir. Bu da daxili məsuliyyətin, sevginin üzərinə düşür.

Hər bir insanın körpəlikdən içində sevgi cücərtisi olur. Yaşadığı ailə, düşdüyü mühit o sevgini ya bələkdəcə məhv edir, ya da bəxş etdiyi gözəl duyğularla o cücərtini böyüdərək qollu-budaqlı sevgi ağacına çevirir.

Ürəyinizdən və əməllərinizdən sevgini əksik etməyin.

Ailənizi sevin ki, insanı, insanlığı, dünyanı sevə biləsiniz...

 

Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: