Heydər Əliyev adına Hərbi lisey növbəti məzunlarını yola salır

A- A A+

Bu il Naxçıvanda ilk hərbi təhsil ocağının fəaliyyətə başlamasından 20 il ötür. Ordumuzun memarı Heydər Əliyev  ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına hərbi təhsil ocağının yaradılmasını əsas hədəf kimi Azərbaycanın gələcək müstəqilliyinə hesablamışdısa,  Naxçıvanda yaradılan ilk hərbi təhsil ocağı artıq qazanılan müstəqilliyin qorunması, daha da möhkəmlənməsi məqsədinə xidmət edirdi. Hərbi lisey naxçıvanlıların hərb peşəsinə olan sonsuz marağını və ordu quruculuğuna verə biləcəyi töhfələri nəzərə alan ulu öndər Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamı əsasında yaradılıb. 

56 nəfərlə filial kimi fəaliyyətə başlayan liseyə ildən-ilə gənclərin marağı artıb. Yaradılan hərbi lisey şəhərciyində müasir tədris sistemi formalaşdırılıb.  Hazırda liseydə 500-dən artıq kursant təhsil alır ki, bunların da 167 nəfərini Azərbaycanın  müxtəlif rayonlarından olan gənclər təşkil edir. Ötən 20 il ərzində Hərbi Liseyi 3 minə yaxın kursant bitirib. Liseyin yetirmələri bu gün Silahlı Qüvvələrdə və digər güc strukturlarında ləyaqətlə xidmət edirlər.

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak edən liseyin şəhid məzunları isə kursantlar üçün vətənpərvərlik nümunəsidir.

Ötən dövr ərzində liseyi  3 nəfər qızıl, 3-ü gümüş, 3-ü isə fərqlənmə attestatı ilə  bitirib.

Liseyin kursantları Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında da fəal iştirak edirlər. Onlardan iki nəfəri-Novruz Qasımov riyaziyyat fənni, Elçin Abbasov tarix fənni üzrə qızıl medal qazanıblar. Fənn olimpiadalarından 1 nəfər kursant gümüş, 7 nəfər bürünc medal qazanmaqla, müəllimlərinin etimadını doğruldublar.

Liseyi bitirən kursantlardan 23 -ü Rusiya Federasiyasına, 10 -u Türkiyə Respublikasına, 1 nəfər kursant-Qəşəm Heydərov isə İtaliya Respublikasına Hərbi Dəniz Akademiyasında təhsil almaq üçün  göndərilib.

Uğurlu inkişaf yolu keçən Heydər Əliyev adına Hərbi Lisey növbəti buraxılışını yola salır.  Bu il liseyi 212 nəfər kursant bitirir. Məqsədlərinin astanasında olan III kursun kursantlarından bir neçəsi ilə görüşüb həmsöhbət olduq.

Kursant Yusif Əhmədov Bakı şəhərindəki 200 nömrəli məktəbin şagirdi olub. Onu Bakıdan Naxçıvan Hərbi Liseyinə gətirən məqsəd isə bəllidir: Vətən torpaqlarının keşiyində dayanmaq. Babası Əsgər Əhmədovun yolunu davam etdirmək istəyən Yusif Əhmədovun arzularından biri də general rütbəsinədək yüksəlməkdir. 3 illik lisey həyatı ona çox şey qazandırıb. Yüksək bilik və nizam-intizama sahib olan Yusif Əhmədov doğma liseydən, kollektivdən ayrılmağın çətin olduğunu desə də, artıq məqsədinə doğru irəlilədiyi üçün sevinclidir.

Kursant Mustafa Səfərli də sevincini bizimlə bölüşür: “Uşaqlıqdan hərb peşəsinə marağım olub. Kursant formasında olan gəncləri görəndə məndə də hərbçi olmaq arzusu baş qaldırırdı. Mübariz İbrahimov isə mənim üçün örnək oldu. Onun vətən sevgisi, göstərdiyi şücaət məndə dərin təəssürat yaratdı. Fikrimi qətiləşdirdim və Hərbi Liseyə sənəd verdim. Kursant formasını əynimə geyinəndən artıq məsuliyyətimi  dərk edirəm. Biz Vətənin sadiq keşikçiləri olacağıq. Aprel qələbəsi biz kursantlarda da yüksək ruh yaradıb. Güclü ordunun peşəkar zabiti olmaq yolunda inamla irəliləyəcəyik.  Ali Hərbi məktəb burada qazandığımız bilikləri daha da artıracaq və möhkəmləndirəcək. Bu günün zabiti fiziki gücə sahib olmaqla yanaşı, həm də bilikli olmalıdır. İnsan əgər qarşısına məqsəd qoyursa, ona çatmalıdır. Məqsədimə çatacağıma, dövlətimə, vətənimə xeyirli olacağıma inanıram”.

Kursant Rəvan Məmmədov Goranboy rayonunun Yolqullar kəndindəndir. Böyük qardaşı Səban Məmmədov hazırda ali hərbi təhsil alır. O da qardaşından örnək götürərək bu yolu seçib. Düşmənə qarşı nifrət, şəhidlərimizin qisasını almaq eşqi, torpaqlarımızı yağı düşməndən xilas etmək amalı bir ailədən ikinci övladın da bu yolu seçməsinə səbəb olub. O yalnız bilik almaqla kifayətlənməyib. İdmanla məşğul olan Rəvan Məmmədov fəxri fərman və diplomlarla təltif olunub. 2018-ci ilin  yanvarında Bakı şəhərində keçirilən qaydasız döyüş yarışında dünya kuboku çempionatında I yeri tutub. Rəvan Məmmədov: “Biz ailədə 3 qardaşıq. Balaca qardaşımız da bizə baxaraq hərbçi olmaq istəyir. Valideynlərim də onun fikrini dəstəkləyir. Ordumuzun gücü artıq bütün dünyaya bəllidir. Belə bir orduda xidmət etmək biz qardaşlar üçün böyük şərəfdir”.

Kursant Heydər Heydərov Gəncə şəhərindəndir. Deyir ki, babam Heydər Heydərov da hərbçidir. Ehtiyatda olan zabitdir. Füzuli-Beyləqan istiqamətində gedən döyüşlərdə iştirak edib. Babasının yolunu davam etdirən Heydər Heydərov məqsədinə çatacağına əmindir: “Ordumuzun gücü onu deməyə əsas verir ki, biz tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel zəfəri, o cümlədən bu günlərdə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi bir daha onu deməyə əsas verir ki, qələbə yaxındadır”.

Digər həmsöhbətimiz Rauf Mehrəliyev orta məktəbdə təhsil aldığı  illərdə hərbi-idman oyunlarının fəal iştirakçısı olub. Hərbçi olmaq arzusunu gerçəkləşdirmək üçün Astaradan Naxçıvana yol alıb. Ən böyük arzusu da elə Silahlı Qüvvələrdə ləyaqətlə xidmət etməkdir. İndi bu yol onu Naxçıvandan Bakıya aparacaq. Aprel döyüşlərində şücaət göstərən və şəhidlik zirvəsinə yüksələn Pəncəli Teymurov onun üçün igidlik zirvəsidir. O zirvəyə yüksəlmək və düşmənlərdən intiqam almaq Rauf Mehrəliyevin həyat amalıdır.

Elçin Abbasov liseyin əlaçı kursantlarındandır. Bizimlə söhbətində qeyd edir ki, müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu lazımdır və biz bu ordunun gücünü ötən il Naxçıvanda keçirilən hərbi paradda gördük. Qəlbimiz qürur hissi ilə doldu. Bu peşəni seçdiyim üçün özümlə bir daha fəxr etdim: “Bu gün ordumuz ən müasir texnika ilə silahlanıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Bu münasibətlə Bakı şəhərində keçiriləcək hərbi parad ordumuzun gücünü dünyaya bir daha göstərəcək”.

 

Kursant Novruz Qasımov isə öz biliyi ilə liseyə uğur qazandırıb. Belə ki, 2018-ci ildə respublika üzrə fənn olimpiadasında iştirak edən Novruz Qasımov III yerin qalibi olub.

Bu gün isə  hər bir kursant üçün ordumuzun daha bir uğuru –Günnüt əməliyyatı yadda qalan oldu. Çünki onlar bir daha əmin oldular ki, sıralarında peşəkar zabit kimi xidmət edəcəkləri Azərbaycan ordusunun bugünkü  döyüş hazırlığı hansı səviyyədədir. 

Heydər Əliyev adına Hərbi Liseyin növbəti buraxılış kursantlarına-məzunlara biz də öz növbəmizdə uğurlar arzulayır, Vətənimizə, millətimizə xeyirli olsun deyirik!

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: