Beş min illik yaşı olan ulu Naxçıvanın ictimai-siyasi, sosial, mədəni həyatında baş verən yeniliklərin carçısına çevrilən, xəbərin doğru və isti ünvanı olan “Nuhçıxan” İnformasiya Agentliyini 2 yaşı tamam olması münasibətilə təbrik edirik. Jurnalistikanın doğruluq, vicdanlılıq, qərəzsizlik, obyektivlik, operativlik, peşəkarlıq... prinsiplərini öz fəaliyyətində daim uca tutan “Nuhçıxan” Naxçıvanın ilk informasiya agentliyi kimi muxtar respublikada baş verən yenilikləri, ən son xəbərləri ən etibarlı mənbədən geniş oxucu kütlələrinə qürurla təqdim edir. Bu mənada silahı söz, amalı Vətənə, doğma yurda xidmət olan, “Nuhçıxan” mənfur ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşən Naxçıvan Muxtar Respublikasının informasiya blokadasının yarılmasında aparıcı rol aynayır.
Bizlər “Nuhçıxan” İnformasiya Agentliyinin timsalında ölkəmizdə, o cümlədən dünyada baş verən ən mühüm hadisələrdən vaxtında xəbər tutmaq imkanına malikik. Agentliyin ən fərqli üstünlüklərindən biri də öz səhifələrində cəmiyyətin sağlam inkişafına, bəşəri və milli dəyərlərə xələl gətirə biləcək informasiyalara, “ucuz xəbər”lərə qətiyyən yer verməməsidir.
İnformasiya məkanında Naxçıvana qarşı aparılan qarayaxmalara, dezinformasiyalara qarşı mübarizədə də “Nuhçıxan” ön cəbhədə dayanır və bu missiyanın da öhdəsindən layiqincə gəlir.
Ölkəmizin ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universiteti ilə bağlı xəbərlər, muxtar respublikamızda elm təhsil sahəsində görülən işlər də “Nuhçıxan” İnformasiya Agentliyinin həmişə diqqət mərkəzindədir və bu mənada qarşılıqlı faydalı əməkdaşlığımız gündən-günə möhkəmlənir.
SÖZdən kəsərli SİLAH, SÖZdən qiymətli SƏRVƏT yoxdur. Qələminiz hər zaman HƏQİQƏTdən GÜC, VƏTƏNPƏRVƏRLİK və DOĞRULUQdan İLHAM alsın!
Əziz həmkarlarımız!
Sizləri Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi adından təbrik edir, Sizə şərəfli və çətin yolda bol-bol uğurlar arzulayırıq.
Hər zaman xəbərin doğru ünvanı olasınız!
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri