Allahın yaratdığı təbii aptek

A- A A+

Hələ çoxdan oxuduğum maraqlı bir yazıda qeyd edilirdi ki, antik dövrün məşhur həkim-səyyahlarından biri Azərbaycana gəlir. Payız vaxtı yolu bir çayın kənarından düşür. Baxır ki, bir dəstə uşaq çayda çimir. Səyyah uşaqların xəstələnəcəyindən narahat olub, onların valideynlərini ürəyində qınayır. Amma bir az keçmiş uşaqlar çaydan çıxıb yaxınlıqdakı zoğal ağaclarına dırmanırlar. Başlayırlar yetişmiş zoğal yeməyə. Zoğalın soyuqdəyməninin dərmanı olduğunu və müqaviməti artırdığını yaxşı bilən həkim-səyyah deyir,  bu xalq möcüzədir, həm dərdini bilir, həm də dərmanını. 

Mənim nənəm 92, bir bacısı 95, digəri isə  106 il yaşadılar. Biz uşaq ikən onlar hər yaz vaxtı bizi çölə göndərər, yemlik, qazayağı, yenicə çıxan  yonca, yarpız yığıb gətirməyimizi istəyərdilər. Sonra da yığdığımız bu şəfalı bitkiləri əllərində ovub üzərinə bir çimdik duz, ya da  sirkə səpib iştaha ilə yeyərdilər. Maraqlı bir məqam da o idi ki, kim ki, ilk dəfə olaraq bu nemətlərdən dadırdısa, yəni nübarçalıq edirdisə “dərdim dağlara, daşlara” deyərdi. O adamların xəstələndiklərini heç görmədim. Yalnız ölümqabağı bir neçə gün halsız halda  yatdılar. Vəssəlam.

O vaxt insanların xəstələnməməsinin bir səbəbini də İkinci Dünya Müharibəsində insanların ancaq təbii- dağ pencərləri, qurudulmuş meyvələrdən istifadə etməklə güzəran keçirdikləri ilə izah edirlər.

Tanrı Azərbaycan təbiətini, o cümlədən Naxçıvanı elə zəngin şəfalı nemətlərlə süsləyib ki,bura sanki  təbii bir apteki xatırladır. Çünki bu torpaqda hər dərdin dərmanı var.  Əslində insan təbiətlə iki yolla- qida qəbul etmək və nəfəs almaqla birbaşa təmasda olur.  Yəni kənar cismlər ancaq bu yolla insan bədəninə daxil olur. Elə xəstəliklər də daha çox bu iki yolla insanı “yaxalayır”. Havamızın nə qədər təmiz və gözəl olduğu birmənalı şəkildə məlumdur. Xəstəlikdən qorunmaq üçün qalır qidalanmağımız. Ona görə də qidamıza mütləq fikir verməli, tanrının bizim üçün şəfaverici vasitə olaraq göndərdiyi bitkilərdən daha çox istifadə etməliyik. Elm onu da sübut edib ki, insan üçün ən yaxşı şəfa tərəvəzlərdir.

Etiraf edək ki, biz ata-babalarımızın qida mədəniyyətini çoxdan pozmuşuq. Onların istifadə etdiyi rasiona müasir texnologiyaların imkanları sayəsində demək olar ki, əməl etmirik. Başqa ökələrdən gələn qidaları, yemək növlərini öz mətbəximizə qarışdırmışıq.

Unutmayaq ki, biz insan olaraq təbiətin bir hissəsiyik və özümüz də bilmədən  doğulduğumuz mühitə tam uyğunlaşmışıq. Bir qədər də dəqiqləşdirsək, mühitimizə uyğun olaraq doğuluruq. Ona görə də sağlam olmaq üçün mütləq  regiona, coğrafiyaya və ən əsası iqlimə uyğun şəkildə qidalanmalıyıq. Əks halda təbiətin bizə göndərdiyi xəstəliklərlə mübarizədə orqanizmimizin müdafiəsi çox zəifləyəcək. Bunun üçün isə çox yox, cəmi 30-40 il əvvələ qayıdıb yaz, yay, payız və qış  mövsümlərində nənələrimizin, babalarımızın ciddi riayət etdiyi qida rasionuna nəzər salmalıyıq. Çünki onlar hər şeyi min illik ənənə ilə qoruyub saxlayır və ona birmənalı şəkildə əməl edirdilər.

Bu gün dünyada yaxşı tanınan və faydası ilə şöhrət tapan elə meyvələr var ki, açığı onlar bizim coğrafiyada bitmir və kənardan gətirilir. Amma bu o demək deyil ki, həmin bitkilərin tərkibində olan vitaminlər bizdə bitən digər meyvə, tərəvəzlərdə yoxdur. Məsələn, sübut olunub ki, bir limonun (limon Ordubadda da yetişir) tərkibində olan C vitaminin miqdarı Naxçıvanda yetişən göycənin, alçanın, gilənarın tərkibində var. Hətta həmərsün dəmləməsinin tərkibində deyilənə görə ondan da yüksəkdir.  O cümlədən başqa coğrafiyalarda bitən və gətirilən digər meyvələr, tərəvəzlər, qidalar da belədir.

İndi dünyanı narahat edən və pandemiya elan olunan virusla mübarizədə əsas müqavimət kimi dərmanlardan da öncə bədənin immuniteti götürülür. Güclü immunitet isə elə ata-babalarımızın sevə-sevə istifadə etdiyi və təbiətimizin bizə təmənnasız olaraq bəxşişi  olan mövsümi yerli səbzə və tərəvəzlər, pencərlərdir. Yəni bu virusa qarşı mübarizə aparmaq üçün  qayğısına qaldığımız sağlamlığımızın carəsi təbiətimizdədir.

                                                                               Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: