Murov qartalı-Xaliq Əzizzadə - FOTOLAR
Artıq dörd ildir ki , xalqımız üçün aprel ayının mahiyyəti dəyişib. Ordumuzun şanlı zəfər tarixi kimi xatırladığımız bu ayın ilk beş günü tarixə “beş günlük müharibə” kimi düşdü. Hər il təqvimin bu günlərini həm sevinc, qürur, həm də kədərlə anırıq. Çünki məhz bu döyüşlər nəticəsində Lələtəpəmiz, Cocuq Mərcanlımız şanlı hilalına, müqəddəs Üçrənglisinə qovuşdu. İnanırıq ki, bir gün şanlı bayrağımız Kəlbəcərdə, Şuşada da dalğalanacaq.
Ömrünün on doqquzuncu baharında şəhidlik məqamına ucalan Əzizzadə Xaliq Həsən oğlu da adını Aprel döyüşlərində Vətən torpaqlarının bütövlüyü uğrunda canını sipər edənlərin cərgəsinə yazdırdı...
Xaliq Qasımovlar ailəsinin son beşiyi idi. Ailədə üç övlad idilər . Ancaq Xaliq fərqli idi .Yaddaşımda ağıllı-kamallı , qocaq, mehriban , ailəcanlı uşaqlıq dostu olaraq qaldı.
Xaliq 1996-ci ilin avqustun 27 də Şərur rayonunun Aşağı Yaycı kəndində doğulub. Ailəsi Qərbi Azərbaycanın Vedi rayonundan idi . Ötən əsrin sonlarında dədə-baba torpaqlarından didərgin düşüb, Aşağı Yaycı kəndində məskunlaşmışdılar. Yayda biz yaylağa gedəndə Xaliq də ailəsi ilə gələrdi . O zamanlar mənim 12 yaşım , Xaliqin isə 7 yaşı var idi. Anası Nigar xanımın Xaliq deyə səsləməsi hələ də qulaqlarımdadır. Sonra onlar Bakıya köçdülər.... Mən onun adını illər sonra Aprel şəhidlərinin sırasında oxudum. Anası yenə Xaliq deyə çağırırdı...son dəfə.. daha böyük qürurla....
Xaliqlə bağlı yazı hazırlamaq qərarına gələndə ailəsi ilə telefon vasitəsi ilə əlaqə saxladım. Zəngimə atası cavab verdi. Məqsədimi bilib, oğlunun adını eşidəndə dərindən köks ötürdü, nisgilini gizlədə bilmədi. Aradan 4 illik bir zaman keçməsinə baxmayaraq onun kövrək qəlbi hələ də rahatlıq tapmayıb. Valideynləri Xaliqin ali təhsil almasını çox istəsələr də qismət olmuyub və o 2015 -ci ilin ilin oktyabr ayında hərbi xidmətə yola salınıb. Xaliq üç ay Gəncə şəhərindəki N saylı hərbi hissədə qulluq etdikdən sonra , onu başqa bir hərbi hissəyə-Murova, Toğanaya göndərirlər . “Mən həmişə övladlarımı vətənpərvərlik ruhunda tərbiyə etmişəm”-deyir şəhidin atası. Ona həmişə deyirdim ki, ermənilər bizi torpaqlarımızdan , yurd yerlərimizdən ayrı salıb. Elə balacalıqdan uşaq ağlı dərk edirdi tarixi hadisələri. Evimizdə, ailəmizdə bizi öz torpaqlarımızdan ayrı salan mənfur düşmənə böyük nifrət vardı və Xaliq bunu duyurdu. Onu son dəfə ölümündən bir həftə əvvəl qulluq etdiyi hərbi hissədə gördüm.
Aprel döyüşləri başlananda Xaliqə neçə dəfə zəng vurdum, telefonuna zəng çatmırdı. Mesaj yazdım ki, “Xaliq çox narahatam, vəziyyətin necedi?” Cavab gəlmədi…Sən demə, Xaliq könüllü olaraq gedib müharibə bölgəsinə.
Aprelin beşi şəhid Müşfiq Orucovun dəfn mərasimində iştirak edən ataya zəng vurub tibb məntəqəsinə gəlməsini istəyirlər. Burda Xaliqin ailəsinə övladlarının şəhid olduğu xəbərini verirlər...
Həsən dayı üçün Xaliqin itkisi çox ağırdı. Ancaq bircə onla təsəlli tapır ki , Azərbaycan hərb tarixinə şanlı Aprel döyüşlərini yazan qəhrəman oğullardan biri də onun övladı -Xaliq oldu. “Xaliq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oldu . Mən o vaxt rahatlıq taparam ki, işğal olunmuş torpaqlarımız azad olunsun . Onda bilərəm ki ,övladımın qanı yerdə qalmayıb” -deyir şəhid atası …
“Hələ də onun yoxluğuna inana bilmirəm”-bunu isə Nigar ana deyir . Haradansa bir gün gələcəyi günü gözləyirəm… Xaliq son günədək anasına hər gün zəng edərmiş. Sonuncu zəngi isə aprelin 4 –ü saat 16:30 da olur. “Ana narahat olma, yaxşıyam, məntəqədəyəm”- deyir .
Bir vaxtlar yaşadığı , yeniyetməlik dövrünü keçirdiyi evin hər divarında Xaliqin şəkilləri var. Bir otaq isə bütövlüklə onun xatirəsini yaşadır . Arzuları çox idi oğlu ilə bağlı , Xaliq hərbi xidmətini başa vuracaq , onu sevdiyi qızla nişanlayacaq, oğul toyu edəcək , evinə gəlin gətirəcəkdi….
Hərbi hissədə sanitar maşının sürücüsü idi, sanitar məntəqəsində qulluq edirdi Xaliq. Sürücü olduğuna görə onu aparmasalar da , könüllü getmişdi döyüş bölgəsinə və aprelin dördündən beşinə keçən gecə təmas xəttində baş verən atışma zamanı düşmənin atdığı güllə yarasından şəhid oldu. Aprelin 6-da böyük izdihamla , üçrəngli vətən bayrağına bükülüb son mənzilə yola salındı. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə “ III dərəcəli medalla təltif olunub Xaliq Əzizzadə….
Xaliq haqqında yazarkən onun yaraşıqlı , nur üzlü uşaqlıq çöhrəsi gəlir gözümün önünə …. Onunla bağlı olan videomateriallara baxıram . Orta məktəbdən məzun olarkən çəkilən videoda gələcək arzularından danışır. Ancaq sən demə, ən böyük arzusunu eləcə qəlbində daşıyırmış. Onun üçün yaxınları “ Murov qartalı” deyərlərmiş. Düşməndən qisas almaq arzusu ilə yaşayan, qorxmaz və mərd olduğu üçün. O bilirdi ki, müstəqil Azərbaycanın sərhədlərini qorumaq bir əsgər kimi onun borcudur. O borcu erkən , gənc yaşında qanı ilə, canı ilə, şərəflə yerinə yetirdi. Adını əbədilik yazdırdı Vətən daşına… Vətən isə Xaliqlərini heç vaxt unutmur, unutmayacaq.
Şəhid Xaliq Əzizzadə həyatdakı tək amalına,arzusuna qovuşdu. Həmişə deyərmiş ki, kaş müharibə ola , torpaqlarımızı azad etməyə yollananların cərgəsində mən də olam…. Xaliq arzusuna çatdı ! Uğrunda canından keçdiyi vətən torpağının qartal qanadlı igidi, ŞƏHİDİ oldu.
Şəhid nisgili ağır olsa da , yaşatdığı qürur hissi böyükdür. Bu qüruru bizə yaşadanları Azərbaycan xalqı daim böyük sevgi və minnətdarlıqla xatırlayacaq.
Türkanə Əmoyeva