Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib - YENİLƏNİB - VİDEO
NUHÇIXAN xəbər verir ki, aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə bir aylıq ərzaq payı təqdim olunub.
Naxçıvan Dövlət Universitetində bu münasibətlə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov tədbirdə çıxış edərək deyib ki, dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısının alınması üçün tədbirlər görülür. Bununla bağlı qabaqlayıcı tibbi profilaktik və dezinfeksiya işləri aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu məsələ ilə bağlı müşavirə keçirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bu gün muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən tələbələrə bir aylıq ərzaq payı təqdim olunur.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, muxtar respublikanın ali təhsil müəssisələri hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada təhsil almaq istəyən əcnəbi tələbələrin sayı ilbəil artır. Bütün ali təhsil müəssisələrinin tədris korpuslarında və tələbə yataqxanalarında dezinfeksiya işlərinin aparılması, xüsusilə də əcnəbi tələbələrin qayğı ilə əhatə olunması onlara göstərilən diqqətin daha bir ifadəsidir. Buna görə də bütün ali təhsil müəssislərinin müəllim-tələbə heyəti adından Ali Məclis Sədrinə minnətdarlığımızı bildiririk.
Türkiyəli tələbə Hayal Ünkazan, iranlı tələbə Mirəli Hüseyni, Banqladeşdən olan tələbə Kharus Zaman, Koreyadan olan tələbə Dosing Kim və nigeriyalı tələbə Olaboye David Lekan göstərilən qayğıya görə Naxçvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Sonra muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrə bir aylıq ərzaq payı təqdim edilib.
Turab Hacızadə