Dağlarımızın əvəzsiz şəfa mənbəyi – kəklikotu

A- A A+

Yaz ayları  Sədərək dağlarını bir rəssam kimi özünəməxsus rəng çalarları ilə boyayır. Bu boyama dağların yamaclarına göz oxşayan xüsusi bir gözəllik gətirir. Ulu Tanrının bəşəriyyətə əvəzsiz nemət kimi təqdim etdiyi bu gözəlliyi insanı valeh edən xoş ətir duyğusu tamamlayır. Həmin xoş ətir  içərisində hər birimiz üçün doğma olan bir ətir var – kəklikotu ətri...

Kəklikotu Sədərəkin bütün  dağlıq ərazilərdə yetişir. Bitkinin dərman kimi istifadəsi IV-V əsrlərə gedib çıxır. O zaman yerli sakinlər bilirdilər ki, bu bitkinin soyuqdəymə, bağırsaq xəstəliklərinə faydası çoxdur. XVII əsrdə yaşamış Azərbaycan həkimi və alimi Hacı Süleyman İrəvani bu bitkinin müalicəvi əhəmiyyəti haqda yazıb: “Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağciyər üçün xeyirlidir. Çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul etmək məsləhətdir. Bu bitkinin həlimi qarında küt ağrıları götürür, həzmə kömək edir. Əncirlə qarışdırılmış həlimi öskürəyə faydalıdır. Təzə pendirlə yeyildikdə insanı kökəldir. Göz qarasına ləkə düşərsə, oraya kəklikotu şirəsini damcıldatmaq lazımdır. Yarpağı bal ilə ovxalanaraq məlhəmi bərk şişlərin üzərinə sürtüldükdə şişləri sorur”.

Bu faktlar hələ orta əsrlərdə yerli əhaliyə yaxşı məlum idi. Bundan başqa, müasir dövrdə kəklikotunun hipertoniya xəstəliklərində geniş istifadəsi də məlumdur. Kəklikotunu çеynəməklə dişağrısını yox еtmək və damaqları möhkəmlətmək mümkündür. Həlimini bəlğəmgətirici və öskürəyə qarşı vasitə kimi içmək olar. Tibet həkimləri isə ovxalanmış kəklikotu yarpaqlarından hazırlanmış məlhəmdən yarasağaldan vasitə kimi istifadə еtməyi məsləhət görürlər. Müasir tibb elminə görə, kəklikotu spazmolitikdir, mərkəzi əsəb sistеmini sakitləşdirir, qan təzyiqini aşağı salır.

Müasir təbiət elminə kəklikotunun  400-ə qədər növü məlumdur. Naxçıvanda bu növlərin 17-si mövcuddur. Maraqlı burasıdır ki, Naxçıvanda, eləcə də Sədərəkdə bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin dadını verməklə məşhurdur. Qızılgül, limon ətri verən kəklikotu bu gün də ən sevimli bitkilər kimi Naxçıvan mətbəxində özünəməxsus yer tutur. Hətta ən yaxın dosta, qohuma hədiyyə kimi də ətirli kəklikotu pay vermək ən yaxşı sovqat sayılır.

Kəklikotunun müalicəvi əhəmiyyətini hamı yaxşı bilir. Yazda toplanan kəklikotu qurudularaq qışa saxlanır. Kəklikotu çayı soyuqdəymə zamanı da  dəmlənir və içilir .

Hidayət Seyidov

“Oğuz yurdu”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: