Arı vərəmumu (propolis) – zəngin bioloji fəal maddələr kompleksi olmaqla yanaşı, olduqca çox müalicəvi xüsusiyyətləri ilə bəşəriyyətə ta qədimdən məlumdur. Ancaq bu “arı möcüzəsi”nin əsas fərqli xüsusiyyəti odur ki, tərkibi və təsir xüsusiyyəti zonaya, təbii coğrafi şəraitə, bitki örtüyünə, arı cinsinə bağlı olaraq dəyişiklik göstərir.
Vərəmum – arıların müxtəlif bitkilərin tumurcuq, yarpaq və zoğlarından əldə etdiyi qətranlı, yapışqanlı maddə olub, arılar tərəfindən pətəyinin çat və yarıqlarının tutulmasında, xəstəliklərdən qorunmasında, sterilləşdirilməsində, sürfələrin inkişaf etdiyi şan gözcüklərinin cilalanmasında istifadə olunur. Adi mumdan fərqli olaraq vərəmum ilk toplandığı vaxt yaşımtıl-qonur rəngdə olub, daha sonra tədricən qaralır. Arılar bunu əsasən şan çərçivələrinin kənarında, yuvaüstü örtükdə, uçuş və havalanma bacalarında toplayır.
Arı vərəmumu arıların həyatında mühüm rol oynamaqla yanaşı, insanlar üçün də mühüm bir şəfa qaynağıdır.
Bu qiymətli “arı möcüzəsi”nin olduqca çox təsir sahəsi vardır: bakteriyaəleyhi, virusəleyhi, göbələkəleyhi, parazitəleyhi, radiasiya qoruyucu, şişəleyhi, iltihab əleyhi, immun gücləndirici, diabetə qarşı, yerli keyləşdirici, bərpaedici, allergiyaəleyhi, antioksidant orqanizmi zərərli maddələrdən təmizləyici və s.
Mürəkkəb kimyəvi tərkibi sayəsində vərəmum, saysız hesabsız qiymətli bioloji xüsusiyyətlərə malikdir. Vərəmum xüsusi ilə də immunobioloji proseslərin stimullaşdırılmasında mühüm rolu oynayaraq, A və E immunoglobulinlərin miqdarını artırır, leykositlərin faqositoz aktivliyini gücləndirir. Vərəmum müxtəlif bakteriyaları, vərəm patogenlərini öldürür, salmonellyoza, tif törədicilərinə və həmçinin parazit ibtidailərə zərərli təsir göstərir.
Tədqiqatçılar müəyyən edibdir ki, vərəmum antikorları şişəleyhi təsirə malik olub, damar spazmını azaltmaqla xərçəng hüceyrələrinin böyüməsini yavaşladır, iltihabı aradan qaldırır və bakterisid təsir göstərir. Vərəmum həmçinin antiradiasiya (şüəəleyhi) və gerontoloji (qocalmanı geciktirən) xüsusiyyətlərə malikdir. Yara, yanıq və digər dəri xəsarətləri halında, vərəmum yerli iltihablaşmanı müalicə etməyə kömək edir, hüceyrə yenilənmələrini sürətləndirir və regenerasiyanı (toxuma bərpasını) stimullaşdırır. Bu da yanıqdan sonra yaraların daha tez sağalmasın təmin edir.
Vərəmum antiseptik (çürümə əleyhi), antimikrob və antivirus fəaliyyəti bir sıra antibiotiklər kimi təsir göstərir və bəzi bakterial zəhərləri zərərsizləşdirir.
Vərəmumun tərkibinə qanyaranmada mühüm rol oynayan dəmir, mis, manqan, kobalt və s. kimi mikroelementlər daxildir. Müəyyən edilib ki, vərəmum trofik funksiyaları tənzimləyir. Vərəmum tərkibində rast gəlinən və insanın qan serumunda da olan, faqositozu gücləndirən xüsusi propedinin proteini sayəsində bütün immun sistemin fəaliyyətini stimullaşdırır.
Vərəmum endokrin sistemin tənzimlənməsində iştirak edir, xüsusən də böyrəküstü və hipofiz vəzinə təsiri göstərərək hormonlarının sintezinə kömək edir.
Vərəmum xoraəleyhi xüsusiyyətlərinə malik olmaqla yanaşı, mədənin sekretor fəaliyyətini normallaşdırır, həzm sistemi xəstəliklərinin müalicəsini sürətləndirir.
Vərəmum xolesterol və xolesterini azaltmaqla ürək xəstəlikləri, insultlar və digər ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynayan damar aterosklerozunun qarşısını alır. Bədənə mənfi təsir göstərmədən, xolesterin və xolesterolun miqdarını təmizləməyə kömək edir, zəhərləri təsirsiz hala gətirirərək bədəndən xaric edir.
Ümumiyyətlə, vərəmum və ondan hazırlanan məhsullar (spirt və sulu ekstraktları, vərəmumlu bal, həb, məlhəm, şam və s.) mühüm terapevtik təsirlərə malikdir.
Vərəmum orqanizmdə maddələr mübadiləsini tənzimləyir, qan təzyiqini aşağı salır, həzm funksiyalarını yaxşılaşdırır, orqanizmin müqavimətini artırır, hormonların sintezini tənzimləyir, toxumaların bərpası prosesini sürətləndirir.
Vərəmum güclü bir antioksidant qaynağıdır və yüksək antioksidant xüsusiyyətlərə malik olub, orqanizmin müdafiəsini artırır. Antioksidant olaraq vərəmum nəinki ömrü uzadır, həm də orqan və toxumaların qocalmasına şərait yaradan patoloji proseslərə də mane olur. Buna görə vərəmum və onun əsasında hazırlanan məhsulların müntəzəm istifadəsi bədənin müdafiəsi və cavanlaşmasına, yəni aktiv yaradıcı həyatın artmasına mütləq kömək edəcəkdir.
Vərəmumun antimikrob xüsusiyyətləri 1906-cı ildən bəri elmə məlum olsa da, 1948-ci ildə tədqiqatçı Kivalkina tərəfindən elmi araşdırmalarla sübut edilib. Kivalkina vərəmum ekstraktlarının 19 növ patogen və apatogen bakteriyalara aid olan 74 mikrob ştammlarına təsirini öyrəndi və sübut etdi ki, vərəmum təkcə bakteriostatik deyil, həm də bakterisid təsirə malikdir.
Apiterapiyada vərəmumun əsas təsir sahələrindən biri tənəffüs sistemi xəstəlikləridir. Vərəmumun antibakterial və antiviral xüsusiyyətərinə görə tənəffüs yolları xəstəliklərində qədimdən istifadə edilir. Hətta el arasında “vərəmum” adının vərəm xəstəliyində effektli istifadə olunduğuna görə alındığı da bildirilir. Vərəmum vərəmin müxtəlif növlərini (ağciyərlər, bronxlar, limfa düyünləri, böyrəklər, dəri) müalicə etmək üçün istifadə olunur.
Elm adamları vərəmumun antibiotiklərlə birgə təsirini öyrənərək, vərəmumun streptomisin və tetrasiklinin təsirini artırdığını müəyyən etmişlər. Vərəmumun antimikrob maddələri istiliyə davamlı olduğu üçün, 3-4 il saxlanması onun antimikrob fəaliyyətini azaltmır. Antibiotik təsiri yoluxucu və yoluxucu olmayan proseslərdə vərəmumun antiiltihab fəaliyyətinin əsasını təşkil edir.
Antibiotiklərdən fərqli olaraq, vərəmum normal bağırsaq mikroflorasını məhv etmir, yəni disbakterioz yaratmadığı üçün əvəzolunmazdır.
Vərəmum qrip, radikulit kimi xəstəliklərin müalicəsində istifadə olunur. Keçmişdə, vərəmum xalq təbabətində yarasağaldıcı məlhəmlərin hazırlanmasında geniş istifadə olunubdur. Hal-hazırda, xalq təbabətində vərəmumla bütün dəri xəstəlikləri, iltihablar, dəri yaraları, mədə və onikibarmaq bağırsaq xoraları, nevrit, ağciyər vərəmi, uzun zaman müalicəvi olunmayan yaralar müalicə edilir. Vərəmumun hemorroid, ginekoloji və bir çox digər xəstəliklərin müalicəsində faydalı təsirinin sübutları vardır.
Vərəmum əməliyyatdan sonrakı yaraların müalicəsində, müxtəlif əməliyyatlarda lokal keyidici vasitə kimi, irinli proseslərin, uzun müddət müalicə olunmayan yaraların, bütün dərəcəli yanıqların və donmaların müalicəsində effektli təsirə malikdir. Bütün bu hallarda vərəmum daxilə qəbul edilir.
Yaraların, yanıqların və iltihabların müalicəsi üçün vərəmum tərkibli tibbi məlhəmlər vardır. Ev şəraitində 200 q vazelin və ya heyvan yağı və 10 q vərəmum qarışığı ilə bu dərmana bənzər bir qarışıq hazırlamaq mümkündür. Vazelin və ya heyvan yağı əvvəlcədən qaynayanadək isidilir, sonra 50-60 °C-yə qədər soyudulur və vərəmum əlavə olunaraq qarışığın temperaturu ehtiyatla 10-15 °C-ə artırılır. Əmələ gələn qarışıq 8-10 dəqiqə yavaşca qarışdırılır, sonra süzülür və soyudulur. Lanolin, vazelin, kərə yağı, balıq yağı ilə də hazırlanan vərəmum məlhəmləri vardır. 10%-li vərəmum məlhəmi yanma və donvurma üçün xaricə sürtmə şəklində istifadə olunur. Eyni yağ mədə və onikibarmaq bağırsağın xorası olan xəstələr tərəfindən gündə 3-4 dəfə 1 çay qaşığı qəbul edilir.
Vərəmum eşitmə funksiyasının itməsi və orta qulaqın iltihabının müalicəsində istifadə olunur. 7-15 gün ərzində qulağı vərəmumyn 20-30% spirt məhlulu ilə yuduqdan və ya tampon qoyduqdan sonra, irinli axıntı dayanır və selikli qişa normal hala gəlir. Müalicə qulaq pərdəsinin böyüməsini sürətləndirir və hətta eşitməni əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Elm adamları vərəmumun terapevtik effektivliyini antimikrob təsiri ilə izah edirlər. Vərəmumun antimikrob və iltihab əleyhi xüsusiyyətləri ginekoloji xəstəliklərin müalicəsində də istifadə olunur.
Biostimulyator kimi vərəmum klinik cəhətdən sağlam insanlar üçün də tövsiyə edilə bilər, çünki onun istifadəsi yorğunluğu, tərləməni aradan qaldırır və iş qabiliyyətini yüksəldir. Yuxarıda göstərilən xəstəliklərin müalicəsi üçün vərəmuma əsaslanan dərman vasitələrinin müxtəlif formaları istifadə edilə bilər: vərəmumun bal ilə ekstraktı, vərəmumun sulu ekstraktı, vərəmumun spirtli ekstraktları, vərəmumlu tabletlər, vərəmum məlhəmləri, vərəmum şamları və s.
Bronxial astmanın şiddətlənməsinin qarşısının alınması, həmçinin xroniki bronxitin bronxial astmaya çevrilməsinin qarşısının alınması üçün vərəmumun 700-li spirtdə 10%-li ekstraktından istifadə olunur.
Xalq təbabətində bronxial astma zamanı vərəmumun 700-li spirtdə 20%-li ekstraktından istifadə olunur.
Traxeit, bronxit və vərəmin müalicəsi üçün 60 q vərəmumu 40 q mumla qarışığından istifadə edilir. Bunun üçün vərəmum və arı mumu emallı bir qabda, qaynar su ilə dolu başqa bir iri qabın içərisinə qoyulur. Vərəmum və mum əriyərək qarışır. Bu zaman xəstə oturaraq başını aşağı əyib müalicəvi buxarla tənəffüs edir. İnqalyasiya xəstəlikdən asılı olaraq 1-2 ay müddətində, səhər və axşam, hər dəfə 10-15 dəqiqə davam etdirili.
Vərəm zamanı xalq təbabətində vərəmum yağından istifadə etmək məsləhət görülür. Bunun üçün 150 q vərəmum 1 litr günəbaxan yağında həll edilməklə istifadə olunur. Emallı bir qabda günəbaxan yağı 80°C-yə qədər qızdırılır. Sonra içərisinə qarışıqlardan təmizlənmiş və xırdalanmış vərəmum əlavə edilir. Qarışıq taxta qaşıqla eynicinsli kütlə alınana qədər qarışdırılır. Yenidən 80°C-yə qədər qızdırılır, bir neçə dəfə qarışdırılır və sonda bir neçə qat tənzifdən süzülərək şüşə bir qaba yığılır. Hazırlanmış məlhəm sərin, quru və qaranlıq yerdə saxlanılır. Qarışıqdan vərəm xəstəsi gündə 3 dəfə və hərdən 1-2 çay qaşığı qəbul edir (qəbul miqdarı xəstənin çəkisi və yaşına görə dəyişə bilər). Müalicə kursu 4-7 ay davam edə bilər.
Xalq təbabətində vərəmin müalicəsində vərəmumun 70%-li spirtdə 20%-li ekstraktı və dazıotundan da istifadə olunur.
Vərəm, pnevmoniya və angina zamanı isə vərəmum ilə kərə yağı qarışığından istifadə edilir. Göründüyü kimi olduqca çox müalicəvi xüsusiyyətlərinə görə vərəmum digər arı məhsulları kimi xalq təbabətdə və elmi təbabətdə geniş istifadə olunmaqdadır. Buna baxmayaraq hər bölgədən əldə olunan vərəmumun özünəxas kimyəvi tərkibi və təsir xüsusiyyətləri olduğu üçün bu arıçılıq məhsulunun geniş tədqiq olunmasına hər zaman ehtiyac duyulur.
Elsevər Əsədov
Naxçıvan Dövlət Universitetinin dosenti biologiya üzrə fəlsəfə doktoru