Tanınmış rus həkimi Semaşko deyirdi ki, sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz. Yəni hər bir sahədə olduğu kimi, səhiyyədə də mədəniyyət var. Səhiyyə deyəndə ilk ağlımıza gələn sağlamlığımız olur. Əslində elə sağlamlığımızı qorumağın özü də bir mədəniyyətdir. Şəxsi, gündəlik gigiyenik qaydalara riayət edilməsi, yemək zamanı özünənəzarət, ətrafdakıların sağlamlıqlarını təhlükəyə məruz qoymamaq üçün atılan hər bir addım mədəniyyətdir. Bu mədəniyyət isə hər hansı xəstəliyin fəallaşdığı və geniş yayıldığı vaxtlarda daha da aktual olur.
Bu gün dünya epidemiya elan olunan bir virusdan əziyyət çəkir. Onun qarşısını almaq üçün isə dövlətlər və beynəlxalq təşkilatlar səfərbər olub. İndi dünyanın elə bir ölkəsi yoxdur ki, bu təhlükəli virus orada qeydə alınmasın. Düzdür, statistikaya görə barmaqla sayılası qədər ölkə var ki, hələki hər hansı bir vətəndaşının yoluxmadığını bəyan edib. Lakin, heç kəs bu geniş və sürətlə yayılan təhlükədən sığortalanmayıb. Haqlı olaraq hər bir dövlət öz vətəndaşını qorumaq üçün müvafiq addımlar atır. Təbii ki, Azərbaycanda da bu belədir. Zamanında Ölkə başçısı və müvafiq qurumlar tərəfindən qəbul edilən qərarlar və atılan mühüm addımlar Azərbaycanda bu pandemiyanın dünyanın inkişaf etmiş digər ölkələri ilə müqayisədə minimum itkilərlə müşayiətinə səbəb oldu. Qonşu ölkələrdəki təhlükənin miqyası hamıya yaxşı məlumdur.
İndi bu xəstəliklə mübarizə aparmaq üçün ölkənin hər yerində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, qabaqlayıcı tədbirlər görülür. İnsanların sağlamlığı üçün şəhərlərdə hərəkətlər məhdudlaşdırılır, hər kəsə sağlamlığı üçün evdə qalmaq tövsiyə olunur. Bu isə insanın “gözəgörünməz” düşməni ilə mübarizənin ən yaxşı üsuludur. Amma təbii ki, vətəndaşlar da bunu düzgün dərk etməli, qoyulan tələb və qaydalara ciddi riayət etməlidir. Bu günlərdə virusun ən çox yayıldığı İtaliyada bu xəstəliyə tutulan və ölkəsinə qayıdan bir Türkiyə vətəndaşının açıqlaması ibrətamiz idi. Həmin xanım bildirir ki, ilk vaxtlarda italiyalılar bu təhlükəli xəstəliyi ciddiyə almadılar və rəsmi qurumların tələb etdiyi addımları atmadılar. Nəticədə isə bu gün İtaliya koronavirusun yayıldığı və minlərlə insanın bu xəstəlikdən dünyasını dəyişdiyi birinci ölkədir. Bu doğurdan da ibrətamiz və hər kəsə dərs olmalı bir faktdır.
Deyirlər ki, sağlam həyat tərzi keçirən, öz şəxsi gigiyenasını qoruyan və səhiyyənin ona qarşı mübarizədə tələb etdiyi bütün qaydalara ciddi riayət edənlərə bu virus heç vaxt yaxın gəlmir. Hətta immuniteti güclü olanlar üçün isə yoluxsalar belə, sağalma ehtimalı 100 faizdir. Yəni bir sözlə virus nə qədər təhlükəli olsa da, öz sağlamlığına və ətrafındakıların təhlükəsizliyinə mədəni şəkildə yanaşan hər kəsdən uzaq dayanır. Hazırda ölkə səviyyəsində tətbiq edilən məhdudiyyət qaydalarına və tələblərə mədəniyyətlə, müasir dünyanın sivil insanı olaraq riayət etsək az bir zamanda ona qalib gələ bilərik. Sadəcə səbirli və mədəni olaq.
P.S. O da sübut olunub ki, insanlar epidemiyalara- geniş yayılan xəstəliklərə ya savadsızlıqdan, ya laqeydlikdən, ya da şəxsi gigiyenalarına düzgün riayət etmədiklərindən daha çox yoluxurlar.
Səməd Canbaxşiyev