Naxçıvanda milli geyim mədəniyyətinin formalaşmasında ipəkçiliyin rolu

A- A A+

Naxçıvanın qədim dilbər guşələrindən biri olan Ordubad bölgəsində ipəyin meydana çıxması və əhalinin təsərrüfat məişətində möhkəm yer tutması bu ərazidə toxuculuq sənətinin inkişafına ciddi təsir göstərib. Hələ orta əsrlər dövründə ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək olubdur. İpəkdən çoxlu sayda toxuculuq məhsulları hazırlanıb və əhalinin bu tip məhsullara olan təlabatı yüksək səviyyədə təmin edilib. Həmçinin, yerli əhali  ilə yanaşı xaricdən gələn ticarətçilərin də Naxçıvanda ipəkdən hazırlanan məhsullara böyük marağı olub. Bu isə göstərir ki, iqtisadi inkişafın əsas istiqamətlərindən birini təşkil edən ipəkçilik nəinki bu sahədə, həmçinin sosial-siyasi və mədəni əlaqələrin genişləndirilməsində də mühüm rol oynayıbdır.

İpək məmulatlarından  qanovuz, atlaz, tafta, darayı, kəlağayı öz bədiiliyi və yüksək keyfiyyətliliyinə görə şöhrət qazanıb. Əsasən Ordubad və Şahbuz bölgələrində qadınlar tuman geyirdilər ki, həmin tumanlar müxtəlif ölçülərdə (5-12 taxta) naxışlı ipək və ya yun parçalardan tikilirdi. Həmçinin, bəzi bölgələrdə qadınlar küçəyə çıxarkən çaxcur geyir və çarşaba bürünürdülər. Çaxcur və çarşablar əsasən müxtəlif çeşidli ipək parçalardan hazırlanırdı. Kişilər ən çox çərkəzi çuxa geyirdilər ki, şiş və ya dairəvi uclu əlcəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. Əhali arasında tirmə və ipək parçalardan hazırlanan üzəri əksər hallarda güləbətin tikməli araqçınlar çox geniş yayılmışdı. Həmçinin, corablar ipək və yun saplardan toxunurdu. Məşhur türk səyyahı Evliya Çələbi Naxçıvan kişilərinin qələmkar parçadan köynək geyindikləri haqda yazırdı.

Sənətkarlar yurdunun zərif kəlağayısı, qanovuz parçası dünya şöhrəti qazanıb, xarici bazarlarda özünəməxsus yer tutubdur. Naxçıvanda yerli ipəklə bərabər, yüksək keyfiyyətinə görə dünya şöhrəti qazanmış Təbriz, Ərdəbil, Ərəş ipəyindən də istifadə edilirdi. Müxtəlif parçalardan küləcə, don, çuxa, arxalıq və canamaz tikilirdi. Bu isə onu göstərir ki, Azərbaycanda və o cümlədən də onun ayrılmaz parçası Naxçıvanda milli geyim mədəniyyətinin formalaşmasında ipəkçiliyin mühüm rolu olubdur.

Sara Hacıyeva

AMEA Naxçıvan Bölməsi Tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: