Biz birlikdə güclüyük, evdə qalaq…

A- A A+

Dünyada pandemiya elan olunan bir virusla üz-üzəyik. Çox təəssüf ki,  xəstəliyin epidemiyası Naxçıvandan da yan keçmədi. Bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Yaxşı haldır ki, ağırlaşma halları yoxdur…

Bu məqamda çox uzağa getmədən bir məsələni də xatırlatmaq istəyirəm. Keçən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda difteriya, vərəm kimi xəstəliklər yayıldı.  Hətta difteriya xəstəliyindən sinif  yoldaşım dünyasını dəyişdi. Amma onda vəziyyət də tamam başqa idi. Aclıq və səfalətlə  mübarizə aparırdıq. Elə olurdu, günlərlə işıqsız, susuz qalırdıq.  Evləri qızdırmaqda çətinlik çəkirdik. Bilmirdik ki, xəstəliklə mübarizə aparaq, yoxsa bu çətinliklərlə. Amma indi vəziyyətimiz başqadı. Yəni sözümün canı ondadır ki,  evdə qalmaq üçün hər cür şəraiti olan  isti evimiz, ocağımız var.  

Qəbul etməliyik ki, bu virus hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün  Naxçıvanda lazımi tədbirlər həyata keçirilir və keçirilməkdədir. Məlumdur ki, martın 24-də virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədə aidiyyəti qurumlara tapşırıqlar verildi. Ən önəmli tədbirlərdən biri də “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” nun yaradılması oldu.  Naxçıvanın hər yerində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Diqqətə çatdırım ki, Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilib. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar edilən xəstələrin müalicəsi üçün lazımi şərait yaradılıb, yeni laboratoriya qurulub. Mərkəzin fəaliyyəti daim nəzarətdə saxlanılır.  Muxtar respublikada tibbi ehtiyatların yaradılması davam etdirilir. Hazırda ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Koronavirus pandemiyası ilə mübarizədə muxtar respublika əhalisinin sağlamlığının qorunması, koronavirus infeksiyasının  yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda işin xüsusiyyətləri nəzərə alınmaqla işçilərin çox hissəsi məzuniyyətə buraxılıb. Anlamaq lazımdır ki, bu məzuniyyət istirahət deyil. Sizləri bu virusdan qorumaq və toplu yerlərdən uzaq tutmaq məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi muxtar respublika sakinlərinə müraciətində də bildirir ki, muxtar respublika sakinlərindən xahiş olunur ki, xidməti işləri və səhhətləri ilə əlaqədar təxirəsalınmaz hallar istisna olmaqla digər səbəblərdən YAŞADIQLARI ƏRAZİDƏN KƏNARA ÇIXMASINLAR. Vətəndaş kimi hamımızın üzərinə böyük vəzifələr düşür. ZƏRURƏT OLMADIQDA ÇÖLƏ ÇIXMAYAQ VƏ ŞƏXSİ GİGİYENAMIZA DİQQƏT EDƏK!

Mediadan da izləyirik ki, COVID-19 bu günədək elmə məlum olmayan virus olduğuna görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri situativ xarakter daşıyır və  məlumatlar təhlil olunduqca dəyişilir. ÜST-nin sonuncu bəyanatı bu infeksiyaya müxtəlif yaş kateqoriyalarından olan insanların yoluxduğunu və hətta gənclər, uşaqlar üçün də təhlükə yaratması faktını təsdiqləyir. İnkişaf etmiş ölkələr bu virusun əlində aciz qalıb. Əminik ki, birgə səyimiz nəticəsində biz bu çətin günlərin öhdəsindən gələcəyik və koronavirus infeksiyasının  yayılmasının qarşısını alacağıq. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, bu məqamda VƏTƏNDAŞ MƏSULİYYƏTİ olduqca önəmlidir. 

Bir sözlə, hər birimiz  görülən tədbirləri dəstəkləməli və  mövcud vəziyyətlə əlaqəli bütün profilaktik tədbirlərə  ciddi və qeyd-şərtsiz əməl etməliyik   Unutmayın ki, indiki vəziyyətdə əsas olan bizim, sizin, hamımızın sağlamlığıdır. 

Gəlin,  evdə qalaq, sağlam olaq!

                                                                                Sara ƏZİMOVA

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: