Naxçıvanda məhsul nümunələrinin 443 halda keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğunun diqqətdə saxlanılması 2020-ci ilin ilk rübündə də davam etdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, məhsul nümunələrinin 443 halda, o cümlədən qida məhsullarının 432 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunub və bu istiqamətdə nöqsan aşkar edilməyib.

Muxtar respublikaya idxal edilən uşaq qidalarının 9 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin texniki normativ hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu müəyyən edilib. İstehsal olunan əla növ un məhsulunun 3 halda laboratoriya analizləri aparılıb və dəmir mineral tozu ilə zənginləşdirildiyi müəyyən edilib. Digər növ un məhsullarında müvafiq faiz nisbətləri üzrə kəpəkli undan istifadə olunmaqdadır.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 56 qida istehsalı müəssisəsinə, 168 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə, ümumilikdə, 2020-ci ilin ilk rübü ərzində məhsulların 160 halda standartlara uyğunluğu yoxlanılıb, nöqsan aşkar olunmayıb və müvafiq məhsullar 5 halda sertifikatlaşdırılıb.

Kənd təsərrüfatı məhsullarının istehsalında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə, xaricdən idxal edilən üzvi və qeyri-üzvi gübrələrin keyfiyyət göstəricilərinə, toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarətin gücləndirilməsi istiqamətində kartof, buğda, pomidor və qarpız toxumlarından nümunələr seçilərək analizləri aparılıb və nəticələrin standartlara uyğun olduğu müəyyən edilib.

“Muxtar Respublikada əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə birgə Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə müvafiq komissiya tərəfindən 134 təsərrüfat subyektində 489 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılıb və müəyyən olunub ki, 81 işçi tam tibbi müayinələrdən keçib. Natamam tibbi müayinədən keçmiş 408 işçiyə konkret vaxt verilməklə tam tibbi müayinədən keçmələri təmin edilib. Komissiya tərəfindən 109 təsərrüfat subyektində 370 obliqat qrup işçilərdən qan nümunələri götürülüb və müvafiq tibbi nəzarət təmin olunub.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bal məhsullarının 6 halda laboratoriya analizləri aparılıb və sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilib. Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının icrası çərçivəsində 2020-ci ilin ilk rübü ərzində, ümumilikdə, 7 ailə təsərrüfatına 2 min 50 etiketin hazırlanmasında müvafiq köməklik göstərilib.

Ev şəraitində hazırlanan, lakin filtr qurğularından keçirilməyən, həmçinin üzərinə etiket vurulmamış araqların satışının qarşısını almaq məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında monitorinqlər aparılıb, filtrdən keçirilməyən, etiketlənməyən, müvafiq qaydada qablaşdırılmayan 186 araq və 10 çaxır məhsulu satışdan çıxarılıb. Aidiyyəti təşkilatların əməkdaşları ilə birgə Naxçıvan şəhərində, Babək, Şahbuz, Şərur, Kəngərli, Ordubad, Culfa, Sədərək rayonlarında ticarət və ictimai iaşə obyektlərinin nümayəndələri ilə görüşlər keçirilib, araq istehsalında filtr qurğularından istifadə edən ailə təsərrüfatlarının siyahısı təqdim olunub. Ev şəraitində araq istehsalı ilə məşğul olan 6 ailə təsərrüfatında mini filtr qurğusunun quraşdırılması təmin edilib.

2020-ci ilin ilk rübündə alkoqollu içkilər istehsal edən 4 müəssisədə istehsal olunan arağın 12, pivənin 2 və məhsul istehsalında istifadə olunan suyun 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlara uyğun olduğu müəyyən edilib. Bərbərxana, gözəllik salonu, ət satışı mağazası və topdansatış obyektlərinə maarifləndirmə xarakterli baxış keçirilib, çatışmazlıqların aradan qaldırılması təmin olunub. Ümumilikdə, 8 təsərrüfat subyektində, o cümlədən 2 bərbərxana və 6 gözəllik salonunda təmir işləri aparılıb. Aparılan monitorinqlər zamanı qanunvericiliyə uyğun olmadığından 8 informasiya xarakterli lövhənin istifadəsi qadağan edilib.

Enerji içkilərinin sanitariya normalarına əməl olunmasına nəzarət məqsədilə muxtar respublikada satışı həyata keçirilən 11 adda enerji içkilərinin markalanması yoxlanılıb, onlardan 3 adda enerji içkisinin markalanmasının normalara tam uyğun olduğu, 8 adda enerji içkisinin markalanmasında isə Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub və təsərrüfat subyektləri təlimatlandırılıb. 2020-ci ilin ilk rübündə meteoroloji norma və qaydalara uyğun olaraq 2 min 92 ölçmə vasitəsi yoxlanılıb.

Təsərrüfat subyektləri ilə 54 halda abonent müqaviləsi bağlanaraq istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılması üzrə məlumatlandırma təmin edilib.

Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 2020-ci ilin ilk üç ayı üzrə ümumilikdə 275 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 48 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib. Ümumilikdə, standartların tələblərinə uyğun olmayan 1897,6 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: