Onu şeirlərindən tanımışam. Bir də vaxtilə bir yerdə işlədiyi həmkarları onun portretini çəkib mənim gözümdə. Yaxından tanımaq qismət olmayıb hələ. Bəlkə də bir gün onu çalışdığım Naxçıvan Dövlət radiosunda verilişə çağıracağam. “Sözün düzü”ndə həmsöhbət olacağımıza əminəm. Təsəvvür edirəm, o asta səslə bu misraları söyləyəcək..
Şair ürəyinin yağı yandırır
Bizim gözümüzə bu çıraq sözü.
Hərdən sığal çəkib qanadlarına
Könüldən-könülə uçuraq sözü.
İlahi kəlməni sən çağır, gələr.
Demə söz, yoxsa ki, dağ ağır gələr.
Dünyanın özündən çox ağır gələr
Qoysaq tərəziyə bir varaq sözü.
Bir söz de, cəhənnəm atəşi sönsün,
Bir söz de, bu dünya cənnətə dönsün.
Qoy günəş qüruba ensə də, ensin,
Sən qoyma qüruba ensin haqq sözü.
Bəli, söz hələ “yer üzünə enməmişdən” qabaq deyilib bu misralar. Kim deyib? Naxçıvanın keçmişdən bu günə bütün yazarlarının poetik düşüncələrinə qonaq olmuşam. Kimin söz tərəzisində nə var, az-çox bilirəm. Amma sözə dəyər verən, poeziyasına vurğun olduğum şairlərdən biri Hüseyn Bağıroğludur. Bu gün Bakı şəhərində yaşayan şairlə sosial şəbəkə vasitəsilə söhbətləşdik. Mənəvi dünyamızın söz sahibi ilə mənəvi körpü yaratdıq.
-Sözün dəyəri Hüseyn Bağıroğlu üçün kimin çiynindədir? Və bu gün sözün söz qiymətini saxlaya bilirikmi?
-Bütün zamanların dəyərli şairləri olub və olacaqdır, dövrümüzün də dəyərli şairləri az deyil. Təki o şairləri görən və o şeirləri oxuyan olsun. Söz heç vaxt qiymətini itirməz, amma sözü qiymətdən salmaq istəyənlər qiymətdən düşər.
- Bu gün söz bolluğunun içində özünü tapmaq, varlığını bildirmək elə də asan deyil. Sizin bu barədə fikriniz.
-Şeir gözəlliyin ən gözəl şəkildə təzahürlərindən biridir. Hər bir kəsin də gözəlliyə can atmaq haqqı var. Söz bolluğu da buradan yaranır. Əsas məsələ niyyətdir. Gərək niyyət gözəl olsun, saf olsun. O ki, qaldı özünü tapmaq məsələsinə bu çox çətindir, amma vacib məsələdir. Sən sözü axtardığın qədər gərək söz də səni axtara. Çünki şairin sözü ilə özü qovuşanda möcüzə baş verir: yəni həqiqi şeir doğulur.
-Zahirən çox sakit bir insan olan Hüseyn Bağıroğlunun içinə qılıncdan kəsərli sözlər necə yerləşib? Necə deyərlər, adilikdən aliliyə gedən yolunuz yəqin ki, çox da hamar olmayıb…
Mənə elə gəlir bu şeir parçası bu suala cavab ola bilər:
Elə bilmə, bu sözlər
Könlümə göydən düşüb.
Söz olunca bu sözlər
Ürəyim heydən düşüb.
Üstümə dağ-daş gəlib
Gözlərimə yaş gəlib
Alnıma qırış gəlib
Saçlarıma dən düşüb.
- Naxçıvanın ən qədim yurd yerlərindən olan dahilər, qəhrəmanlar diyarı Nehrəm kəndində anadan olubsunuz. Amma indi uzaqda yaşayırsınız…
-Harada yaşamağından asılı olmayaraq insanın fikri, xəyalı doğulub boya-başa çatdığı yurda bağlı olur. Bir bayatıda dediyim kimi:
Əzizinəm Haçadağ
Gəldim qaça-qaça, dağ!
Mən də sənin bir daşın
Sayma məni heçə, dağ!
-Sizin həyatınızda doğma ocağın işığı, sirli-sehirli anları yəqin ki çoxdu?
Dünya bir, sən bir yana,
Sevmişəm yana-yana.
Sən mənə əziz ana,
Mən sənə bala, Nehrəm…
-Təbii ki, insanı yaşadığı mühit formalaşdırır. Qarşına çıxan nurlu insanların işığı səni də qaranlığa qərq olmaqdan qoruyur. Və zaman-zaman səni doğulub boya başa çatdığın yurda bağayır. Yurduna bağlı olmayan insanın dəyəri ola bilməz, bəlkə də insanın dəyəri yurduna bağlılığı qədərdir. Mənə elə gəlir ki, Nehrəmi (Cəhrini, Çeşməbasarı, Yurdçunu...) sevə bilməyən Naxçıvanı da sevə bilməz, Naxçıvanı sevə bilməyən Azərbaycanı da sevə bilməz. Azərbaycanı sevə bilməyən insanın da təbii ki, heç bir dəyəri olmaz.
-‘Taletək alnıma yazılan yurdum”- deyə yana-yana söylədiyiniz misralarınız var.. vətən həsrəti, vətən sevgisi ilə dolu olan misralar...deyəcəksiniz, şairin əlindən ancaq yazmaq gəlir. Necə bilirsiniz, sözlə hər pisliyə qalib gəlmək olarmı?
-Mən sözün gücünə inanıram. Aşağıdakı misraların da bir gün həqiqət olacağına böyük ümidim var.
Az belə özündən çıxsın bu dünya,
Dönüb keçmişinə baxsın bu dünya,
Ağlını başına yığsın bu dünya,
Əldə qılınc süvar olub atlara
Bir gün dönəcəyik biz o yurdlara.
Hər millət eşitsin, hər bəndə bilsin,
Qan içib məst olan düşmən də bilsin,
Düşmənə dost olan düşmən də bilsin,
Qəzəb dolur qəlbimizdə çatlara,
Bir gün dönəcəyik biz o yurdlara.
Bəli, sözlə hər pisliyə qalib gəlmək olar. Çünki:
Biz ki daş atmağın daşını atdıq,
Hər yıxılan sözün dadına çatdıq,
İlahi, dünyanı söz ilə udduq,
Qoyma, bu dünyaya uduzaq sözü.
-Bu gün bütün dünya, insanlar bir bəla ilə qarşı-qarşıya durub. Hansı şerinizlə bu günün ab-havasını ifadə etməyə çalışmısız?
-Bu mövzüda şeir yazmamışam, sadəcə gecə-gündüz dua edirəm ki, Allah dövlətimizi və millətimizi qorusun.
-Amin! Şairlər nə zaman doğulur, nə zaman ölür? Bu arada, ölümdən qorxmursunuz ki?
-Ağlıma belə bir cavab gəldi: "şairlər hər zaman doğulur və heç bir zaman ölmür."
Ver sözə eyha ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
-deyən Füzulinin yoxluğu hiss olunurmu? Əlbbətə, hiss olunmur. Füzuli dirilərdən daha diri deyilmi?
Bu sualın ikinci hissəsinə bir şeirimin sonuncu bəndi ilə cavab vermək istəyərdim.
Sən ki, göylərdən gəlmisən könül,
Dərk elə özünü, bil nəsən könül,
Həyatın qədrini bilməsən könül,
Bu həyat ölümü sevdirər sənə.
-Sizin şairiniz kim olub? Müasir ədəbiyyatdan oxuduğunuz kimsə varmı?
-Sözünün sehrinə düşdüyüm ilk şair Mikayıl Müşfiq olub. O vaxtlar orta məktəbdə oxuyurdum. Sonra M.Araz və B.Vahabzadə ilə “tanış oldum”. Daha sonra M.H. Şəhriyar, Nizami, Füzuli, Nəsimi gəlir. Müasir ədəbiyyatdan oxumadığım şair yoxdur. Sözünün sehrinə düşdüyüm şair isə çoxdur.
-Sizcə, XXI əsrin ədəbi düşüncə məktəbi yetişirmi?
-Bu qaçılmaz bir prosesdir. Hər əsrin, hər dönəmin özünün ədəbi düşüncə tərzi olur.
-Şair taleyinizdən razısınızmı, bu gün?
-Şeirlərimin birində belə misralar var:
Bəlkə bəxtimin də heç bəxti yoxdur
Bəlkə ona görə mənə tuş gəlir.
Ümidi itirmədən , şükür edə-edə huzur içində yaşamaq daha gözəldi. Təbii ki, yorulmadan çalışmaqla…
- Şeir düşüncə, fəlsəfə məktəbidi. Fəlsəfəni poetik fikrə gətirmək hər şairin qaldıracağı yük deyil. Sizin şeirlərinizin fəlsəfi olduğu qədər axıcı, sadə bir dili var..
Onda mələklərin dodağındaydı,
Onda yer üzünə enməmişdi söz...- elə bu misralar sözə hansı dəyəri verdiyinizi bir daha sübut edir.
Torpağın dərin qatlarından axıb gələn bulaq suları o torpağın canında olan dəyərli mineralları da özü ilə bərabər gətirir. Torpaq özü nə qədər dəyərli minerallarla zəngindirsə, o torpağın köksündə qaynayan bulaq suyu da bir o qədər zəngin olacaq. Şair torpaq, söz də su kimidir. Şairin qəlbində, ruhunda və beynində olanlar istər-istəməz sözlərinə də hopur. Belə deyək ki, hər şeir şair ruhunun bir halını əks etdirən güzgü kimidir. Şair mənən nə qədər saf və zəngin olarsa, şeir də bir o qədər zəngin olacaq. Öz şeirlərim haqqında nəsə deyə bilmərəm. Bir onu bilirəm ki, zamanın sınağından çıxan şeirə zaval yoxdur…
-Bəli,
Bir insan eşqinə min ayə gəlir,
Bir nəğmə eşqinə qəm neyə gəlir,
İnsan bu dünyaya bişməyə gəlir,
Bu dünya neyləsin çiy gedənlərə…
Allah sizi çiy sözdən, çiy adamlardan qorusun…Mənəviyyatı da şeirləri kimi zəngin olan Hüseyn Bağıroğluna həyatda can sağlığı, yaradıcılığında uğurlar arzu edirik.
“Oxumaq istəsən, özünü oxu,
Yerin altın, göyün üzünü oxu…-deyən şairi oxumaq da gözəldi, dinləmək də…
Söhbətləşdi: Təranə Arifqızı