Zirvələrə söykənən yurd yerimizdə firavan həyat - FOTOLAR

Jurnalistin kənddəki qeydləri

A- A A+

 ...Burda böyümüşəm, burda deyirlər

İnana bilmirəm, bilmirəm axı.

Xalq şairi Məmməd Arazın doğulub, boya başa çatdığı Nursu kəndinin poetik təsviri bu misralarda şairin doğma kəndinə bağlılığında, onun sonsuz gözəlliyinə heyrət içində baxmağından doğur.

Kəndimiz. Kənd həyatı. Kənddə keçən uşaqlıq xatirələri.

Bu adlıq cümlələri həyatımızda tez-tez eşidirik. Kimisi üçün uşaqlıq xatirələrinin yaddaşlara hopduğu yer, kimisi üçün ən yaxşı istirahət mərkəzi, kimisi üçün cənnətin yer üzündə əksi, hamımız üçün isə ərazicə kiçik, mahiyyətcə böyükdür  kənd.

Gərgin iş rejimimdən sonra, bir aylıq məzuniyyət çıxıb doğulub, boya-başa çatdığım kəndimizə gəlməyi qərara aldım və bütün günümü dağlarda-daşlarda, yaylaqlarda qoyun-quzu otaran çobanların yanında, bir sözlə təbiətin qoynunda  keçirməyə qərar verdim..

Budur, kəndin ən yüksək yerlərindən birindən- “Armudlu” təpədən kəndi seyr edirəm. Şahbuz rayonunun Külüs kəndi bu yaz fəslində daha da gözəl görsənir. Kəndin ortasından axan dağ çayı, dərələrdə, təpələrdə baş qaldıran yemişan, həmərsün kolları, çöl armudları, təzəcə çiçək açıb kəndin yamaclarına xalı kimi sərilən çöl badamları buralara ayrı bir gözəllik qatır. Kəndin yuxarı başında “Armudlu” adlanan ərazi vaxtı ilə sıx meşəlik olub, burda müxtəlif növdə armud ağacları olub. Təəssüf ki, 90-cı illərin məlum hadisələri, çətinlikləri kənd adamlarının isinmək naminə bu ağacları kəsməsinə gətirib çıxarıb. “Armudlu” massivindən aşağıda illərdir ki, ətrafa boylanan bir ağac var. Söyüd ağacı. Kənd adamları buna “tək söyüd” deyirlər. Çünki bu ağac Külüsün bəlkədə son  altmış-səksən illinə  şahidlik edib. Çətin günlərdən çıxan,  ətrafındakı “qohum-əqrəbası” doğrana-doğrana bu günə gəlib çıxan söyüd ağacı indi kənd adamlarının qoruduğu hətta ətrafında yaşıllıqlar saldığı, əkin-biçin apardığı müqəddəs saydığı bir ağacdır. Son illərdə Muxtar Respublikada aparılan ekoloji tədbirlər nəticəsində, indi bu yerlər əvvəlki görkəminə qaytarılır.

Kəndin yeniyetmələrinin at çaparaq, dağların qoynundakı yamaclarda qoyun-quzu otardığını görmək, çiskin bir yağışın altında, təzə çıxan dağ pencərlərini yığan kənd adamları ilə söhbət etmək, hərdən səsini ucaldan dağ çayının səsinə qulaq vermək –seyr etməkdən doymadığım ən gözəl mənzərələr idi.

Bu da “yəhərləyib” mindiyim boz daş...
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

 Haradansa yadıma düşən bu şeiri söyləyə-söyləyə dərənin boğanağında at belində duran gəncə yaxınlaşıram. Müsahibim elə uşaqlıq dostum Nadirdir. Nadir Quliyevlər ailəsinin böyük oğludur. Hazırda Şahbuz rayonunda Energetika idarəsində elektirikçi işləyir. Buna baxmayaraq Nadir ailəsi ilə birlikdə kənddə böyük təsərrüfat yaradıb. 400 başa yaxın qoyun sürüsü olan Quliyevlər ailəsi bu sahədən yaxşı qazanc əldə edirlər.

Söhbətimiz zamanı Nadir dedi ki,  bizlər 2000-ci illərin uşaqları, 2010-cu illərin yeniyetmələriyik. Gözümüzü açıb ölkəmizi müstəqil, firavan görmüşük. Çətin günləri ancaq böyüklərimizdən eşitmişik. Tay-tuşlarımızın  hərəsi bir sahədə işləyir, kimi müəllim, kimi həkim, kimi jurnalist, kimi də mənim kimi elektrikçi işləyir. Fikrimcə, kənddə doğulan, necə deyərlər kənd ilə nəfəs alan insan gərək kəndi unutmasın. İndi biz təsərrüfatçılara da dövlət hər cür şərait yaradıb, güzəştli kreditlər verir ki, təsərrüfatımızı daha da genişləndirək.  Yəni, bir ailə təsərrüfatı qurub yaxşıca dolanırıq. Min şükür. Bir sözlə, kənd bizim üçün firəvanlıq, əmin-amanlıq və rahat yaşayış deməkdir. “

Uşaqlıq dostumun bu sözlərindən sonra necə deyərlər ürəyim dağa döndü. Biraz  uşaqlıq xatirələrimizdən, olub-keçənlərdən danışandan sonra Nadirdən ayrılıram...

****

Kəndə yağış yağır... Yağış damcılarının səsi sanki, nə zamansa oxuyub yarımcıq saxladığım  “kənd nağılı”nı  tamamlayır...O damcılar kəndə yeni can, yeni nəfəs verir. Buralara yağan yağışlar əslində kənd adamlarının təsərrüfatına heç bir ziyan vurmur, əksinə kəndin torpaqlarına can verir ki, bu da gələcəkdə bol məhsul deməkdir. Elə yağışı seyr edə-edə sizə kəndimizin tarixi barədə də məlumat verim. Kəndimizin tarixi orta tunc dövründən başlayır.  Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III-II minilliyə aid tunc xəncər, ox ucu, qablar və əqiqdən muncuqlar, bəzək əşyaları tapılıb. Kəndin toponimi də maraq doğurur. Mənbələrə görə Külüs sözünün mənası eradan əvvəllər Qafqaz istiqamətində böyük köç edən hun tayfa ittifaqları tərkibində olmuş sakların bir qolu olan kol və qıpçaq-peçenek-oğuzların bir digər qolu olan uzların bu bölgəyə yerləşməsi ilə meydana çıxıbdır. Eramızın I-V əsrlərində albanların, orta əsrlərdə isə türk-kəngərli tayfasının bir qolu olan salayçıların və Qazax tayfalarından salahlıların bir digər qolunun bu qədim türk yurdunda məskunlaşması və yerli türklərlə qaynayıb-qarışması bu kəndin türklüyünü daha da gücləndirir. Kəndin tarixinə nəzər saldıqda maraqlı bir faktla qarşılaşırsan ki, Osmanlıların 27 avqust 1727 -ci ildə tərtib edilən "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə qeyd olunur ki, Külüs kəndi il ərzində dövlətə 9 min axca vergi ödəyir. Bu vergi ölçüsünə görə Şahbuz və Qarababa kəndlərinin  ödədiyi vergidən sonra ikinci yerdə idi. Bu isə onu sübut edir ki, Külüsün, o cümlədən qədim Əyrək kəndinin istifadə edilən torpaqlarında taxıl, qaba yem üçün xaşa, yonca, tərəvəzlərdən xiyar, kartof, lobya və başqa bostan bitkiləri əkilirdi.

Yağış kəsir...Təmiz dağ havası, uca dağ zirvələrindən əsas soyuq külək, yağışdan sonra təpələrə qalxan, səs-səsə verib mələşən quzular, dərələrdə yağışdan sonra qoxusu daha da yayılan kəklikotular necədə möhtəşəm mənzərələr yaradır.

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı...
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Külüs kəndində yetişdirilən heyva və gilənar  sortları bu gün də Naxçıvanda Külüs albalısı və Külüs heyvası kimi tanınır. Kəndin ərazisindəki "Hacı Müslümün Bağı"nda 30 dan artıq meyvə və giləmeyvə ağacı mövcud olub. Onlar Naxçıvanın və ümumilikdə Azərbaycanın müxtəlif bölgələrindən gətirilərək yerli iqlimə uyğunlaşdırılıb. Təəssüf ki, 1990-cı illərin məlum hadisələri nəticəsində bu bağ tamamilə qırılıb. Bağı Hacı Müslüm adında bir bağban təqribən 19-cu əsrin sonları - 20 - ci əsrin əvvəlində salıb.

Bu kəndin maraqlı toponimləri də var. İllərdir ki, kənd adamları ata-babalarından eşitdikləri yer adlarını bu gündə qoruyub saxlayırlar. Külüs kəndindən keçən çayın sol tərəfində yerləşən gümbəzvari Qaradağın, kəndin yuxarı başındakı Əyrək massivinin adı "Kitabi Dədə Qorqud"da çəkilir.  Bu kənd rayon ərazisində yeganə yerdir ki, ərazisində beş ziyarətgah var. Əşgab piri, Kaha piri, Qara pir, Sarı pir və Xəşdaş deyilən ziyəratgahlar indi də müxtəlif bayramlarda, xüsusəndə Novruz bayramında kənd adamları tərəfindən ziyarət olunur.

****

Kəndimizin adı ilə, suyunun dadı ilə fərqlənən bulaqları da var. “Hümüşün bulağı”, “Dadaşın bulağı”, “Çay bulaq”, “Cücü bulağı”, “Ölü bulağı”, “Kəklik bulağı” və adını çəkmədiyim neçə-neçə bulaqlardan vaxtı ilə məhəllə uşaqları ilə birlikdə çox su daşımışıq. İndi bu bulaqların yarısı quruyub, adı qalıb, yarısını da kənd sakinləri öz həyətlərinə çəkiblər. Hər dəfə söhbətimin yaşlı insanlarla yaxşı tutduğunu bilirəm, elə buna görədə həmyaşıdlarımı da götürüb, bizə Azərbaycan dili və ədəbiyyatı sevdirən orta məktəb müəllimimiz Dadaş müəllimi ziyarətə gedirik. Bizi görəndə bir az kövrələn amma gözlərindəki fərəh hissini duyduğum Dadaş müəllimin yaşı deyəsən öz işini görüb. Əlindəki əsası ilə bizə tərəf gələn müəllimizlə hal-əhvaldan sonra söhbətə başladım. Dadaş müəllim deyir ki:

“Külüs kəndi meyvəsi, təbiəti, buz bulaqları ilə məhşur olduğu kimi həm də ziyalıları ilə ölkəmizdə şöhrət tapıb. Vaxtı ilə biz qocaman müəllimlərin yetirmələri olan alimlərimiz, həkimlərimiz, rəssamlarımız, iqtisadçılarımız, jurnalistlərimiz kəndimizin fəxrləridir. Kəndimizdən ən çox rəssam və şair çıxıb, bilirsiniz niyə? Çünki buraların gözəlliyi, təbiətin al-əlvanlığı şairi də rəssamı da ilhama gətirə bilir.”

 Hələ sovetlər dönəmindən bu kəndin ziyalılarının çox olduğunu deyən təqaüdçü müəllim deyir ki: “Kəndimizin məktəbində o zamanlar şərait yox idi. Uçuq-sökük məktəb binası, kömür sobaları pedoqoji kollektivi ta təngə gətirmişdi. Amma buna baxmayaraq, şagirdlərimizin biliyə, təhsil almağa marağı çox idi.  Kamal müəllim, Vəliyullah, Sevindik, Yavər, Qiblə, Rövşən müəllim var idi. Allah onlara rəhmət eləsin. (Dadaş müəllimin gözləri dolur.) Onlar kimi savadlı müəllimlərimizin sayəsində bu gün Külüs kəndində elm-təhsil ənənəsi hələdə davam etdirilir. Sizin kimi, ali təhsilli, vətənpərvər, istiqanlı gəncləri görəndə isə sanki, bir azda yaşamaq üçün ömür qazanıram.”

Yaşı səksəni ötmüş kəndin ağsaqqal müəllimlərindən olan Dadaş müəllimlə şirin söhbətimizi sonlandırıb, sağolaşıram. Rahat asfalt yollar, təmir olunan qırmızı, yaşıl şiferli evlər, kənd adamlarının yaşam tərzini göstərən şəxsi avtomobillər bu kəndi şəhərdən heç də fərqləndirmir.

****

Külüs kəndi üzük qaşı kimi dağlarla əhatə olunub. Kəndin hündür dağ zirvələrində may-iyun aylarında da  qar örtüyünə  rast gəlmək olur. Burda min illərə şahidlik edən Qaradağ, Sarıdağ, Əmirsəyyad, Quş qayası, Əhməd qayası kimi zirvələr özünün zəngin flora və fauna ailəmi ilə seçilir. Kəndin “Xornu” adlanan massivindəki Sarıdağdan Araz çayını, həmsərhəd ölkələrin ərazisini, Qaradağdan isə Haçadağın zirvəsini uzaqdan seyr etmək olur. Hətta “Dədə Qorqud” filminin Naxçıvandakı çəkilişi zamanı kəndin yüksək zirvələrindən olan Sarıdağ epizodlarda göstərilir. Ümumiyyətlə əksər kəndlərdə dağların “sarı” və “qara adlandırılması təkcə rənginə görə deyil, türk mifologiyasında “qara” sözünün böyük, uca, “sarı” sözünün isə günəşin rəngi mənasında olması ilə əlaqədərdir. Külüs kəndindəki qaya adları, əksər dağ zirvələrinin adları da sübut edir ki, kənd qədim türklərin yurdu olub. Kəndin yaxınlığında yerləşən qonşu Keçili kəndinin “Üçqardaş”, “Camal qayası” kimi dağ zirvələri Azərbaycan əsgərinin sahibləndiyi, qorduğu və mətin dayandığı yerlərdir. Öz ordusuna, güclü dövlətinə güvənən kənd adamları bu dağların yamaclarını, yaylaları həm də təsərrüfat əhəmiyyətli istifadə edir. Kənddə artıq təsərrüfatçılar qoyun sürülərini dağlara qaldırıb. Külüs kəndinin sakinlərinin əksəriyyəti bu cür mal-qara ilə məşğul olur, bir az havalar isinən kimi kənd adamları dağlara doğru qalxır.

Enişli-yoxuşlu, dolanbac yolları qət etdikdən sonra həmin uca zirvələrdən kəndə boylanıram. Bu dağlardan görünən qonşu Nursu kəndinin dağları, Məmməd Araz şeirlərində yaşayan Toxlu qayası yadıma bu misraları salır.  

Ümmanlar dağları udar, bitirər,
Dağ ağlar- göz yaşı çıxar dizinə.
Çaylar ümmanlara soraq gətirər,
Dağ - həyat özgəyə, qənim özünə.
Mən uca dağlara babam demişəm,
Ərköyün balayam dağlar yanında.
Zirvələr qaşına yuvam demişəm,
Əyilməz qalayam dağlar yanında.

Bu dağların ətəkləri hər zaman kəndin çobanlarının sürüləri ilə dolu olur. İllərdir ki, yaz və yay fəsillərində bu dağların qoynunda oba qurub, həyat sürən Məmmədovlar ailəsi ilə həmsöhbət oluram. Təsərrüfatın başçısı Dilsuz Məmmədov deyir ki: “Mal-qara, qoyun-quzu saxlamaq bizə əcdadlarımızdan qalan təsərrüfat ənənəsidir. Kəndimizin çox əlverişli torpaq sahələri var. Kəndin həm quzey, həm də güney yamaclarında geniş otlaq sahələrimiz də var. Bu dağlarda otardığımız mal-heyvanın həm ətinin, həm də südünün dadı çox yaxşı olur. Təsərrüfatımızda 1000 başa yaxın qoyun-quzu var. Qış olan kimi heyvanları tövlə şəraitində saxlayırıq, elə ki, havalar isindi sürümüzüdə götürüb bu cənnət-məkan yerlərdə oba qurub, yaşayırıq.”

Kənddə təsərrüfatını genişləndirən bu cür zəhmətkeş adamlara dövlətin də hər tərəfli qayğısı var. Heyvanlar mütəmadi olaraq baytar yoxlamalarında keçirilir, peyvəndləmə və vaksin işləri vaxtlı-vaxtında aparılır. Təsərrüfat obalarında kənd sakinləri tərəfindən yaradılan şəraiti görəndə burda yaşamağın heç də çətin olmadığını anlayırsan. Sahibkarlara dövlət dəstəyi olaraq, bura elektrik və qaz xətləri də çəkilib. Yəni suyu, işığı, qazı və xüsusi ilə təmiz dağ havası olan bu obalar, sakit və hüzurlu bir yer olduğu kimi, kənd adamlarının da qazanc mənbəyidir. Külüs kəndinin dağları müxtəlif dərman bitkiləri, dağ pencərləri ilə də zəngin olur. İlin, günün bu vədəsində artıq kənd sakinləri dağlarda pencər yığırlar. Cacıq, şomu, kiriş, qazayağı, xıncılovuz, yarpız kimi şəfalı bitkilər yurdumun insanının sağlam və ekoloji cəhətdən təmiz qida mənbələridir. Bir neçə günlərdə sonra, xüsusən də may aylarında kəndin dağlarında bitəcək dağ göbələklərinin də dadı, tamı tamam fərqli olur. Min bir dərdin dərmanı olan bu bitkilər, kənd sakinlərinin  qida mənbəyi olmaqla yanaşı həm də bazara çıxartdıqları ekoloji cəhətdən təmiz məhsullardır.

Deyirlər, hər bir insan üçün onun doğulub, boya-başa çatdığı yer dünyanın ən gözəl yeri olur. Qəlbimizdə hər zaman xoş xatirələrlə andığımız, bəzən darıxdığımız, bəzənsə yaxşıca dincəldiyimiz böyük Vətənimizin kiçik parçası olan kəndlərimiz bizim yurd yerlərimiz, tarixi dəyərimizdir. Şahbuz rayonun Külüs kəndi də özünün tarixi dəyəri, təbiəti, dağlarının vüqarı, əzəməti ilə seçildiyi kimi insanlarının qonaqpərvərliyi ilə də diqqəti cəlb edir. 

Qədəm ki, vermişdi o dağlar mənə,
Getməsəm, o dağlar od ağlar mənə,
Bir qaya dibində yer saxlar mənə...
Bircə boz daşına yazılsa adım.
Bəlkə o yerlərə bir də qayıtdım…

Mətin Kamal

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: