Yeni nəsil texnologiyaların təhsildə rolu

A- A A+

Dünyada pandemiya elan olunan  virusla mübarizə aparılıdığı bir vaxtda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırılıb. Belə bir vəziyyətdə tədrisdə qlobal internet şəbəkəsinin imkanlarından geniş istifadə edilməsi, vahid təhsil informasiya mühitinin formalaşdırılması, təhsil yönümlü vahid informasiya məlumat bazasının yaradılması zərurəti yaranıb. Bu imkanların reallaşdırılması məqsədilə elektron kitabxanalar, akademik idarəetmə sistemləri, audio və telekonfranslar, öyrənmənin idarə olunması sistemləri, bulut sistemləri və s. xidmətlərindən istifadə edilməkdədir.

Mövcud vəziyyətdə tələbələrin ev şəraitində dərslərindən geri qalmamaları, onların bilik və yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin akademik heyəti tərəfindən tələbələr üçün xüsusi yaradılmış  elektron vasitələrlə məsafədən təhsil metoduna keçidin başlanğıcı qoyulub.

Artıq universitetinin professor-müəllim heyəti  bu məqsədlə “Zoom Cloud Meetings” platformasından istifadə edərək tələbələrlə birgə elektron dərslərə qoşulur,  virtual forum və müzakirələr aparırlar. Tələbələr  tədrislə bağlı suallar ünvanlamaq və tapşırıqları onlayn yerinə yetirmək kimi imkanlardan istifadə edirlər. Həmçinin, bu proqramlar sayəsində tələbələrin dərsləri təkrar izləməsi üçün videomühazirələr yazılır və serverlərdə yerləşdirilir. Yerli tələbələrlə yanaşı universitetdə təhsil alan əcnəbi  tələbələr də onlayn dərslərdən faydalanmaq imkanı əldə edirlər.

İlk dəfə olaraq universitetin Memarlıq və mühəndislik fakültəsində uğurla sınaqdan keçirilən bu platforma  artıq iki həftədən çoxdur ki, bütün fakültələrdə tətbiq olunur və tələbələrin onlayn dərslərdən istifadəsinə şərait yaradır.  Bu proqram vasitəsilə fakültə elmi şuraları keçirilir, qarşıya qoyulan məsələlər, fakültə rəhbərliyinin hazırladığı həftəlik hesabatlar da online şəkildə müzakirə edilir.

Bu layihənin ən böyük üstünlük və yeniliklərindən biri təhsil almaq istəyənlərin dərslərini onlar üçün uyğun vaxtda, uyğun yerdən əldə etmək imkanlarının reallaşmasıdır. Eyni zamanda, bu layihə  müəllim-tələbə arasında virtual əlaqəni və məlumatlara  əlçatanlığı təmin edir. Virtual əlaqə zamanı  dekan, kafedra müdiri və  valideynin nəzarəti hər iki tərəf arasında qarşılıqlı məsuliyyəti artır və tədrisin keyfiyyətinə birbaşa təsir edir.

Qeyd edək ki, təhsil sistemində istifadə olunan veb resursların ən geniş yayılmış növlərindən biri də Öyrənmənin İdarəolunması Sistemi (Learning Management System)-dir. Öyrənmənin İdarəolunması Sistemi istifadəçilərinə öyrənmə və biliklərini artırmaq üçün lazımlı məzmun təmin etmək məqsədi ilə müxtəlif növ kurslara uzaqdan giriş imkanı verən bir proqram təminatıdır. Bu sistem istifadəçiləri forumlar, söhbətlər, virtual auditoriyalar, e-poçtlar və öyrənmə üçün faydalı olan elektron tədris materialları kimi müxtəlif elektron resurslarla, ünsiyyət və əməkdaşlıq xüsusiyyətləri ilə təmin edir. Sistem həmçinin tələbələrin davamiyyətini izləmək, sənədləşdirməni həyata keçirmək və biliklərini qiymətləndirmə xüsusiyyətlərinə də malikdir. Buna görə də bu resurs həm öyrənənlər, həm də müəllimlər , təlimçilər üçün faydalı bir vasitədir.

Öyrənmənin idarəolunması sistemi olduqca faydalı olduğundan onlayn təhsildə və onlayn korporativ təlimdə geniş istifadə olunur. Korporativ və akademik öyrənmənin idarəolunması sistemi olduqca oxşardır və hər ikisi də öyrənənlərin təhsili üçün istifadə olunur.

Akademik öyrənmənin idarəolunması sistemi autentifikasiya ilə girişə malik olur. İstifadəçi öz şəxsi kabinetinə daxil olduqdan sonra onun üçün nəzərədə tutulan elektron xidmətlərdən istifadə edə bilir. Veb resurs əsasən, ana səhifə, dərsə qeydiyyat, elektron dərs materialları, istifadəçinin şəxsi məlumatları, sual bankı, elanlar, ismarıc qutusu, onlayn sorğu və virtual auditoriyalardan ibarət olur.

Məsafədən təhsilin online forması ilə bərabər offlayn forması da mövcuddur.  Bu forma KOİCA şirkəti tərəfindən Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin İdarəolunması Sistemi (Learning Management System) vasitəsi ilə həyata keçirilir. Bu tədbirlər çərçivəsində hər bir tələbənin adı, fənnlər, tədris planları sistemə daxil olunub, elektron mühazirə otaqları yaradılıb. Bu platforma vasitəsi ilə tələbələrə mühazirələrin, video dərslərin, kurs işi və sərbəst iş mövzularının çatdırılması nəzərdə tutulur. Sistemdə eyni zamanda tələbələrin öyrənməsinə nəzarət üçün onlara test və  ya açıq tipli sualların verilməsinin həyata keçirilməsi də mümkündür.

Vahid informasiya məlumat bazasının yaradılması və məsafədən təhsilin təşkili üçün elektron kitabxanaların da olması zəruri şərtlərdən biridir. Elektron kitabxanaların yaradılması və onlardan geniş miqyaslı istifadənin təşkili əsasən təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən ənənəvi kitabxana resurslarının işinin yeni tələblər əsasında qurulmasına yönəlməlidir. İnternet şəbəkənin xidmətlərindən geniş istifadə imkanlarının yaranması da elektron kitabxanaların yaranmasından və tətbiqini zəruri edən amillərdəndir. İstifadəçi elektron kitabxananın xidmətlərindən istifadə edərkən konkret sorğulara konkret cavablar alır və bu da ilk növbədə vaxt itkisinin qarşısının alınmasına kömək edir. Əgər elektron kitabxananın işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə təşkil olunursa, onda bu səmərə dəfələrlə artmış olur. Elektron kitabxanadan istifadə tədris prosesinin səmərəli təşkilinə birmənalı olaraq geniş imkanlar açır, kitabxana üzrə avtomatlaşdırılmış axtarış və naviqasiya sistemlərinin imkanlarından istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər iştirakçıları üçün prosesin təşkilinə yaxşı şərait yaradır. Məsafədən təhsilin təşkilində universitetin Elmi kitabxanasının elektron resurslarından da istifadə olunur. Fondda olan kitabların vaxtında və operativ şəkildə elektron versiyalarının hazırlanması bugünki prosesdə tələbələrin əyani vəsitələrlə təmin olunmasında əvəzsiz rola malikdir.

Ümumilikdə veb resursların çoxluğu hər bir təhsil müəssisənin idarə edilməsi üçün düzgün veb resursun müəyyənlədirməsi işlərinin təşkilini də prioritet edir. İnformasiya texnologiyalarının təhsilə tətbiqi təhsil müəssisələrinin tədris prosesinin modeli nəzərə alınmaqla həyata keçirildikdə daha çox səmərə əldə etmək mümkündür. Bu proseslər gələcəkdə tamamilə məsafədən təhsil verməyi və ya ən azından qarışıq öyrənmə metodundan istifadə edəcək təhsil müəssisələrinin öz imkanlarını müəyyənləşdirməkdə, maddi texniki, hətta psixoloji hazırlığı nəzərdən keçirməyə imkan verəcək. Bütün bunlar onu sübut edir ki, informasiya texnologiyalarının cəmiyyətin bütün sahələrində özünəməxsus fəaliyyət mexanizmi formalaşdırıb və təhsildə tətbiq olunan yeniliklər isə durmadan artır. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirənlərin  sayı isə durmadan artır. Çünki cəmiyyətdə gedən proseslər, informasiyalı cəmiyyətin gətirdiyi yeniliklər bunu deməyə əsas verir. 

                                                                                        Cavanşir Zeynalov

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor

                               Rüstəm Məmmədov

Nəqliyyat və informasiya texnologiyaları kafedrasının dissertantı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: