Naxçıvan ədəbi mühitinin istedadlı yetirməsi, görkəmli şair-publisist Əliqulu Qəmküsar (1880-1919) haqqında indiyədək diqqətəlayiq araşdırmalar aparılıb, kitablar və məqalələr nəşr olunub. Lakin ədibin yaradıcılığının bir sıra nümunələri bu vaxtadək üzə çıxarılıb kitablarına daxil edilmədiyi kimi, tədqiqatdan da kənarda qalıbdır. Onun 1918-1919-cu illərdə yazdığı bəzi əsərlər də bu qəbildəndir. Xatırladaq ki, Əliqulu Qəmküsarın nəşr olunmuş kitablarında 1918-1919-cu illərdə qələmə aldığı əsərlərdən yalnız iki nümunə - “Ədəbiyyat” başlıqlı, “əlaman” rədifli satirik mənzumə və “İngiltərə” şeirindən bir parça yer alıbdır. Müvafiq materialların ortada olmamasının nəticəsidir ki, şairin həmin illərdəki yaradıcılıq fəaliyyəti, ictimai mövqeyi barədə indiyədək geniş söz açılmayıb, yuxarıda adı çəkilən iki əsərə istinadən söylənilən qısa fikirlər isə yanlış, birtərəfli xarakter daşıyıb.
Əliqulu Qəmküsarın 1918-1919-cu illərdə yazdığı bir sıra məqalələrini əldə edib, onlar üzərində apardığımız tədqiqat göstərir ki, ədib o zaman baş vermiş mürəkkəb ictimai-siyasi hadisələrə obyektiv münasibət bəsləməyə, “düzü düz, əyrini əyri” yazmağa səy göstərib. İstiqlal amalına sadiq qalan milli ruhlu sənətkar ölkə və xalq taleyi üçün aktuallıq kəsb edən bir sıra məsələlərdən vətəndaş yanğısı ilə söz açıb. Bu baxımdan onun əsərlərində Azərbaycana qənim kəsilən ermənilərin vəhşiliklərinin nəzərə çatdırılması, mənfur simasının ifşası da özünəməxsus yer tutur. Burada həmin materialların bəzilərini ilk dəfə nəzərdən keçirəcəyik.
Tiflisdə (indiki Tbilisidə) çıxan “Gələcək” qəzetinin 05 yanvar 1919-cu il tarixli nömrəsində dərc etdirdiyi “1918-ci il” adlı məqaləsində başa çatmış ilin əsas hadisələrini qısa şəkildə sadalayan Ə.Qəmküsar bir sıra digər məsələlərlə yanaşı, ermənilərin müxtəlif bölgələrdə azərbaycanlılara qarşı törətdikləri zülmləri, vəhşilikləri, qırğınları, çoxsaylı yaşayış məntəqələrini dağıtmaqlarını, soydaşlarımızı doğma yurd-yuvalarından didərgin, qaçqın salmalarını da ürək ağrısı ilə nəzərə çatdırıb. Məqalədə oxuyuruq: “Bizim Zaqafqaziyamızda xüsusən elə bir mühüm hadisələr üz veribdir ki, tarix sütunlarından əbədən silinməyib, övladi-bəşər üçün gələcəkdə şayani-ibrət və intibah olsa, gərəkdir. O cümlədən olaraq erməni millətinin bir tağım daşnaksaqan çətələrinin vasitəsi ilə əmələ gətirdikləri zülm və şəqavət ki, bir tərəfdən, bolşevik cildinə girib, Bakı şəhərini tarmar edib, İsmailiyyə binasını yandırmaq və bir tərəfdən biçarə Şamaxı camaatını qırıb bərrü biyabana salmaq... və bir tərəfdən dəxi İrəvan quberniyasında 211 para müsəlman kəndlərini darmadağın dağıtmağıdır. Hələ Ərzincandan çəkildikdə Gümrüyə kimi yollarda nə məzalim yapılıbsa da, onun şərhindən sərf-nəzər edirəm. Və Zəngəzurda müsəlmanların başına nə oyun gətiriblər, onu yazmıram”.
Ə.Qəmküsarın “Gələcək” qəzetinin 16 yanvar 1919-cu il tarixli nömrəsindəki “Erməni məzalimi” adlı məqaləsinin əsas qismi erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında, o cümlədən Naxçıvan bölgəsində törətdikləri kütləvi qırğınlara həsr olunub. Müəllif yazırdı: “Bu axır vaxtlarda istər mətbuat sütunlarında, istər camaat ağzında erməni əşqiya dəstələrinin Şərur, Naxçıvan, Ordubad, Zəngəzur nahiyələrində yapdıqları məzalimin və qırdıqları əlsiz-ayaqsız əhalinin və yandırdıqları köylərin dastanı dövran etməkdədir”.
Əhalinin ağır vəziyyətdə olduğuna, imdad diləyən fəryadlarının göylərə yüksəldiyinə diqqət yönəldən müəllifin təsvirlərini həyəcansız oxumaq olmur: “Hər tərəfdən istimdad sədaları asimana bülənd olub, binəva müsəlmanlar dad-fəryad edib, yalvarırlar ki, hərgah tezliklə ya general Tomsonun müttəhid ordularının və yainki Azərbaycan hökumətinin tərəfindən onlara imdad göndərilməsə, cəllad ermənilər bütün-bütünə bu nəvahiləri tarmar edəcəklər”.
Ermənilərin indi olduğu kimi, o zaman da əsassız uydurmalar, şayiələr yayması, öz bəd əməllərini gizlədib azərbaycanlılara böhtan atmaları, “həbbədən qübbə düzəltmələri”, yəni bir taxıl danəsini şişirdib göy qübbəsi kimi təqdim etmələri barədə də məqalədə müvafiq qənaətlər vardır: “Ermənilər ... bir kənddə bir erməninin burnu qanayanda həbbədən qübbə qayırıb, dünya və aləmə hay-küy salarlar ki, aman günüdür, qoymayın, müsəlmanlar erməniləri qırdı, qurtardı”.
Andranikin vəhşi quldur dəstələrinin “bədbəxt əhalinin canına bir bəlayi-nagahan olduğunu” bildirən Ə.Qəmküsar məxsusi vurğulayırdı ki, yurdu, torpağı namərd ermənilərin basqınlarından qorumaq, düşmənə lazımi cavab vermək üçün bütün qüvvələr səfərbər olunmalı, ordu quruculuğu işinə diqqət artırılmalıdır. Müəllif baş vermiş hadisələrdən, o cümlədən ermənilərin 1918-ci ilin martında xalqımıza qarşı həyata keçirdiyi kütləvi qırğınlardan lazımi nəticə çıxarmağı, daima ayıq-sayıq və düşməni dəf etməyə hazır olmağı da vacib sayırdı. Ədib müstəqilliyimizə qənim kəsilmiş qüvvələrin, o cümlədən bolşevik və daşnak təmayüllü mətbuat orqanlarının ziyanlı fəaliyyətlərinə cavab verməyi də diqqət mərkəzinə çəkərək xatırladırdı ki, “Bakıda Azərbaycan istiqlalının düşmənləri beş-on qəzet çıxarıb, bunların əleyhinə hər dəqiqədə italə lisan edə-edə” pozuculuq aparırlar.
Ə.Qəmküsar “Gələcək” qəzetinin 31 yanvar 1919-cu il tarixli nömrəsində çıxmış “Mətbuatın əhəmiyyəti” məqaləsində də erməni vəhşiliklərinin ifşasına yer ayırıb. Sosial-mədəni tərəqqidə, milli mənafelərin müdafiəsində mətbuatın roluna yüksək qiymət verən müəllif yazırdı ki, birinci dünya müharibəsi illərində ermənilər azərbaycanlıları çar hökumətinin nəzərində etibarsız qələmə vermək üçün ən müxtəlif böhtanlar uydurub hökumət dairələrinə çatdırırdılar. Azərbaycanlılar isə belə böhtanlara mətbuatda lazımi cavab verə bilmədiyindən yeni-yeni bəlalara düçar olurdu: “Bu aləmşümul müharibədə hər millətdən artıq biz müsəlmanlar əzildik. Paymal olduqsa da, mətbuatsızlıqdan səsimiz heç bir yana çıxmadı...Və həmən o böhtanlardan naşi köhnə rus hökuməti bizdən bədgüman olub, daima bizi vətənə xain zənn edib, müfəttin daşnakların əfsadatına qaplandı”.
Erməni daşnaklarının xalqımıza qarşı qırğın və böhtanlarının dəf olunmasında, haqq işimizin müdafiəsində, səsimizin dünyaya çatdırılmasında mətbuatın böyük vəzifələrini diqqətə çəkən Ə.Qəmküsar yazırdı: “Bugünkü gündə biz azərbaycanlıların ... müqtədir ərbab qələmlərimiz və mütəəddid qəzetələrimiz və ruznamələrimiz olmalıdır ki, daşnakların bizə vurduqları zərbə və etdikləri təcavüzü özümüzdən rədd edək və dünyayə bildirək ki, daşnaksiyon firqəsi və Andranik dəstəsi hər yerdə necə əlsiz-ayaqsız müsəlmanları mur və mələx kimi qırırlar və necə Şuşa, Zəngəzur və Naxçıvan, Şərur uyezdində biçarə əhalisinin kənd-kəssəyini, ev-eşiyini yandırıb, özlərini bu qışın soyuğunda bərrü biyabana salırlar”.
Tarixdən bəllidir ki, ermənilər həmişə vəhşiliklər, qəddarlıqlar törətmiş, lakin mənfur simalarını hiyləgərliklə gizlədib, özlərini yazıq, məzlum kimi qələmə verməyə, dünya ictimaiyyətini aldatmağa çalışıblar. Ə.Qəmküsar hələ yüz il əvvəl bu barədə yazırdı: “Daşnaklar ... zalım, xain, cəllad ola-ola daima özlərini mətbuat vasitəsi ilə məzlum və fələkzədə qələmə verirlər və bütün Amerika və Avropa nəzərlərini özlərinə cəlb edib, onlardan isterham edirlər. Naxçıvan, Şərur tərəflərinə özləri hücum edib, dinc əhalini qətl və qarət edə-edə onların üsyançı bir çətə olduğuna iqaməyi-bürhan edirlər və dünyaya bar-bar bağırırlar ki, qoymayın, vəhşi müsəlmanlar bizi dağıtdı”.
Ə.Qəmküsar havadarlarına arxalanan ermənilərin qarşısını almaq üçün milli birliyin vacibliyini vurğulayır, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti hökumətini Naxçıvana diqqət göstərməyə çağırır, hətta onu qınamaqdan da çəkinmirdi: “Bizim Azərbaycan hökumətimiz Naxçıvan-Şərur kimi mədənli, mədaxilli, abad, əhalisi xalis müsəlman olan bir ölkəyə ... yüz əsgər ilə beş-on nəfər zabit, məmur göndərməyib ki, gedib oranın idarəsini təqviyyət etsin. Şimdi daşnaklar qoşun göndərib onları cəbrən özlərinə tabe etdirmək istəyir. Və halonki həmən uyezdlərin əhalisi şimdiyə qədər dəfəat ilə dindaşlıq və irqdaşlıq naminə Azərbaycandan isterham və istimdad edibdirlər və yalvarıbdırlar ki, onlara öz yardım əlini uzatsın. Bakıda, Tiflisdə yaşayan İrəvan quberniyası əhalisi vətəndaşlar cəmiyyəti təşkil edib. Bu təşkilat tərəfindən neçə dəfə Azərbaycana müraciət ediblərsə, əmnayi-dövlət bunların dad-fəryadını əbədən səmi-etibara almayıbdır”. Bu kimi iradlarla yanaşı, Ə.Qəmküsar Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin çətin vəziyyətdə, çarəsiz durumda olmasına da işarə edərək yazırdı: “Zəngəzur əhalisini Andranik yaxıb-yandıranda və otuz-qırx para kəndi tarmar edəndə Azərbaycan general Tomsona quru bir etirazdan başqa nə yapa bildi ki, şimdi Naxçıvan və Şərur haqqında nə yapsın?”
Məqalənin sonundakı qeydlərdən belə nəticəyə gəlmək olur ki, Ə.Qəmküsar Naxçıvan, Şərur bölgələrinin erməni basqınlarından xilas yolunu yenə də ilk növbədə yerli əhalinin öz səylərində görübdür: “Onlar öz başlarının çarəsini özləri etsinlərmi? Əcəba! Bu nöqtəyə Azərbaycan hökumətinin nəzər diqqətini məxsusən cəlb ediyoruz”.
Bu deyilənlər şair-publisist Əliqulu Qəmküsarın vətən və xalq taleyinə həssas münasibətini bir daha göstərir.
Hüseyn Həşimli
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini,
Əməkdar elm xadimi, professor