Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin xərclənməsinə nəzarət üçün yeddi üzvdən ibarət Nəzarət Şurası yaradılıb
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin xərclənməsinə nəzarət üçün yeddi nəfərdən ibarət Nəzarət Şurası yaradılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Sərəncamda bildirilir ki, koronavirus (COVID-19) epidemiyasının dünyada sürətlə yayılmasını nəzərə alaraq, bu infeksiyanın Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilib.
Sənəddə əsasən, “Koronavirusla Mübarizəyə Dəstək Fondu”da toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən beş və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən iki nümayəndə daxil olmaqla yeddi üzvdən ibarət Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılır.
Şuranın tərkibinə AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə,
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli,
Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Zemfira Meftahəddinova, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri Aydın İsayev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini Rasim İsmayılov daxildirlər.
Sərəncamda qeyd olunur ki, Şuranın iclasları üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Şura müvafiq dövlət orqanlarından (qurumlarından) və dövlətə məxsus olan hüquqi şəxslərdən Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətləri üzrə daxil olan sifarişləri 2 iş günü ərzində təsdiq edir və buna dair müvafiq Protokolu satınalan təşkilata göndərir. Satınalan təşkilat bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulan Qaydanın tələblərinə və Şuranın təsdiq etdiyi sifarişlərə uyğun olaraq, satınalma müqavilələri əsasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə riayət etməklə bir mənbədən satınalma metodundan istifadə edərək satınalmanı həyata keçirir. Şura Fondun vəsaitinin istifadəsi barədə ayda iki dəfə “http://covid19fund.gov.az/az/” saytında məlumat dərc etdirir.
Sənədə əsasən, İqtisadiyyat və Maliyyə nazirlikləri bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.