Fədakarlar

A- A A+

Onlar indi istehkamçılara (sapyorlara) bənzəyirlər. İstehkamçılar döyüş zamanı  minalı sahələri təmizləyən hərbiçilərdir. Onların vəzifəsi əsgərlərin hərəkət etdiyi ərazidə düşmənin döşədiyi minaları bir-bir çıxarıb zərərsizləşdirməkdir.  Yəni yerdə basdırılan bu təhlükəli “gözəgörünməz” silahı aşkar edənə qədər ani bir ehtiyatsızlıq və ya təcrübəsizlik onların partlamasına, nəticədə isə istehkamçının (sapyorun) həyatı bahasına başa gələr.

Bu gün dünyada tüğyan edən koronovirusa qarşı mübarizə tədbirlərinin önündə gedən həkimlər və elan edilən karantin rejiminə vətəndaşların  riayət etməsinə nəzarət edən  polis işçiləri də məhz bir istehkamçı (sapyor) qədər real təhlükə ilə üz-üzədirlər. Bütün bunlara baxmayaraq  onlar öz işlərini heç bir tərəddüd etmədən, gecə-gündüz yerinə yetirirlər.

Hamıya yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın qərarı ilə  respublikaya digər ölkələrdən gələn vətəndaşlar üçün bir neçə həftəlik karantin rejimi tətbiq edilib. İstər evlərdə, istərsə də xüsusi yerlərdə həyata keçirilən karantinin məqsədi  mart ayının 11-dən dünyada pandemiya elan edilən virusun ölkəmizdə yayılmasının qarşısının alınması və təbii ki, vətəndaşların sağlamlığının birmənalı şəkildə qorunmasıdır.  Evlərdə karantin keçən insanları, icazəsiz və ehtiyac olmadan küçələrə çıxan vətəndaşları  yoxlayan və onlarla mütəmadi münasibətdə olan səhiyyə işçiləri və polis əməkdaşları əslində bir istehkamçı qədər məsuliyyətli iş görürlər. Etiraf edək ki, bəzilərimiz hətta ən təhlükəli xəstəliyə belə etinasız yanaşırıq. Halbuki , bəzən elə bu cür xəstəliklər insanların etinasızlığından  yayılaraq hətta pandemiya halına gəlir.  Məhz buna görə də belə olan hallarda dövlət səviyyəsində vətəndaşların sağlamlığı naminə önəmli addımlar atılır. Bu zaman isə ən mühüm işlər həkimlərin, tibb bacılarının , işin ciddiliyi artanda isə polislərin də üzərinə düşür. Bir anlığa təsəvvür edək ki, qarşımızdakı insan özünü çox gec 2 həftə, bəzən isə daha çox müddətdə büruzə verən bu virusa yoluxub. Amma nə özü, nə də biz bunu bilmirik. Xəstələnmə ehtimalı olsa belə yenə istiliyini ölçməli, onunla maarifləndirci söhbət etməli, karantin üçün tələb olunan qaydaları izah etməliyik. Və bu gündə onlarla adamla baş verir.  Bu işimiz olsa da digər tərəfdən riskdir. Amma bu iş üçün təyin edilən insanlar-həkimlər, tibb bacıları  və polislər bu riski gözə alıb, özünü, yaxınlarını təhlükəyə atıb yenə də onlara tapşırılanı yerinə yetirirlər. Dolayısı yolla minalı sahədə işləyən istehkamçıya (sapyora) bəznəmirlərmi? Düzdür, onlar da  qoruyucu vasitələrdən, maskadan, əlcəkdən, məsafəli təmasdan yararlanırlar. Amma dünyada yayılma sürəti, hələ də antivirusun əldə edilməməsi, bir sıra ölkələrdə xəstələrə qulluq edən həkimlərin yoluxması faktları,  bir qədər də özümüzün məsuliyyətsizliyini (!) biləndə  düşünürəm ki, bu gün bu işləri görən insanlar əsl fədakardırlar!  

 Bəs bizə nə qalır? Sadəcə tələb olunanlara riayət etmək, özü də ciddi şəkildə. Evdə qalmaqla, vacib ehtiyac olmayanda küçələrə çıxmamaqla, karantin rejimin müvafiq qanunlarına hörmət etməklə  təkcə özümüzü deyil, bütün vətəndaşlarımızı, lap elə həyatını riskə atıb hər gün təhlükəli virusla mübarizə aparan insanları da qoruya bilərik. Axı biz birlikdə güclüyük! Bir də yaman günün ömrü az olar!                                                                         

                                                                      Səməd Canbaxşiyev   

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: