Polisə saxta jurnalist vəsiqəsi təqdim edərək karantin qaydalarını pozan məktəb direktoru və qəzet redaktoru saxlanılıb - FOTOLAR
Koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşısının alınması məqsədilə daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, keçirilən növbəti tədbir zamanı Sabirabad rayonunda yaradılmış postda rayonun Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə karantin qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, polis əməkdaşlarına üzərində “Muğan-Şirvan” qəzetinin baş redaktorunun birinci müavini yazılan saxta jurnalist vəsiqəsi göstərərək məsuliyyətdən yayınmağa çalışıb. S.Əsgərovla aparılan profilaktik söhbət zamanı o, jurnalist fəaliyyəti ilə məşğul olmadığını və vəsiqənin saxta olduğunu etiraf edib.
S.Əsgərova saxta jurnalist vəsiqəsi təqdim edən “Suqovuşan” qəzetinin redaktorunun müavini Sabirabad rayon sakini Elçin Nəsibov da polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək polis şöbəsinə gətirilib. O, izahatında “Suqovuşan” qəzetində işləməsinə baxmayaraq, özünün təsis etdiyi “Muğan-Şirvan” qəzetinin saxta vəsiqəsini xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından sui-istifadə edərək tanışı S.Əsgərova təqdim etdiyini bildirib.
Hər iki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib və onlar məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimə ediliblər.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.