Bahar ovqatı...

A- A A+

Bir az da başımızı qaldıraq səmaya doğru, təbiətin yaz təbəssümünə təbəssümlə baxaq. Daxili dünyamızı, fikirlərimizi, özümüzü bütün gözəlliklərdən məhrum etmək istəyən uğursuz virusdan uzaq saxlamağı bacaraq. Əlbəttə ki, bütün dünyanı cənginə keçirmiş bu bəlanın gətirdiyi səsi duymamaq mümkün deyil. Amma hər şeyə rəğmən həyata köklənmək, duyğularımızı, ətrafımızı , baxışlarımızı dəyişmək istəyən təbiətin səsinə biganə qalmaq olmaz. Bu, özümüzə biganə qalmaq deməkdir. Çünki təmiz nəfəs, sağlamlıq  üçün hər zaman təbiətin saflığına, təmizliyinə ehtiyacımız var. Onsuz da təmizliyi, gözəlliyi ilə göz oxşayan Nuh yurdu hər fəsildə gözəldir. Yazın gətirdiyi ab-hava isə insanı həyata bağlayan sehirli təbiət qüvvəsidir. Yazın torpağa çəkdiyi yaşıl sığaldan, rəngbərəng açdığı çiçəklərdən,  təmənnasız təbii oksigendən  ruhumuz öz payını alır.

Yağış demişkən, yaz yağışının insanın ruhuna gətirdiyi rahatlıq əvəzsizdir. Sözsüz musiqinin ən gözəl nümunəsidir yağış səsi. Hər damlası ilə ürəklərin kirini-pasını yuyub aparır. Hər damlanın səsi şeirimin həzin notlarına çevrilir. Səssizliyin və yaz yağışının ruhumu suya çəkməsi məni geçəyarısı klaviaturanın düymələrini dindiməyə vadar edir:

Gecədi...

yenə yağış yağır külək üstünə...

Döyür qapısını qaranlıqların...

Külək qucaqlayır bir ələk nuru

Səpir pəncərəmdən mənim üstümə...

 

Dəmir kirəmitdə yağış atları

Çapır dördayaqlı səhərə qədər...

Bilirəm bu atlar qaldıracaqdır

göyün sularını yəhərə qədər...

 Dodağı güləcək tumurcuqların,

Yarpağın düyməsi qopub düşəcək...

Göy otlar astaca başın qaldırıb

Günəş istisinə boylanacaqdır...

 

Tanrı firçasını işə salacaq...

əsərin rəngləri dilə gələcək...

rəngbərəng xalılar üzə güləcək

Ana təbiətə sarılacaqdır...

 

Yenə yağış yağır külək üstünə...

Üzümdə damlalar əl-ələ verir...

 Telim bu dostluğa süpürgə çəkir...

Bütün kainatı O, selə verir...

Deyirlər, Nuh yurdunun ağsaçlı bağbanı bir yaz səhəri bağı gəzməyə çıxıbmış. Səhərin təmiz, şeh düşmüş yaz havasında  bağ cənnəti xatırladırdı. Min bir əziyyətlə saldığı bağ artıq öz bəhrəsini verirdi. Artıq yaz küləyi, yaz nəfəsi hər ağaçın gözəlliyini üzə çıxarıbdır. Bağın araya-ərsəyə gəldiyi müddətdə   bağban yeddi oğlunun hər birinə zəhmətlə çalışmağı öyrədibdir. İlk vaxtlar oğullar çox işləməkdən bir az narazı olsalar da, indi özlərini qınayırdılar. Saldıqları bağın faydasını gördükcə atalarına haqq qazandırır, onları vaxtında bu gözəl işə sövq etdiyi üçün ürəklərində ona minnətdarlıqlarını bildirirdilər.

Özünütərif olmasın qonşuluqlarında belə bağ salan yox idi. Amma ataların bir məsəli var, deyir –“ Qonşu qonşuya baxar, canını oda yaxar.” Hərdən qonşuları bağbandan məsləhət almağa gəlirdi. Bu böyüklükdə bağı necə salıb, ərsəyə gətirməyin sirrini öyrənirdilər. Ağsaçlı bağban təvazökarlıqla onları başa salırdı:- Ən əsası birlikdə işləmək, ailə üzvlərinin hamısını əməyə alışdırmaqdı.- “Güc birlikdədir” deyimini atalarımız nahaq söyləməyib.

Elin  başbilənləri tez-tez yumruq boyda , cənnətməkana səfər edir, insan əlinin necə möcüzə yarada biləcəyini öz gözlərilə görürdülər.

Zamanla bu barlı-bəhərli bağın səsi çox uzaqlara yayılır. Bu bağda nələr yox idi. Bir tərəfdə həmişəyaşıl ağaclar ilin dörd fəslində də görülən işlərin toz-torpağını udurdu. Alma, ərik, armud, şaftalı, alça, gilənar, tut, gilas, nar- hər cür dadlı meyvələrdən hər kəs- ev sahibləri də, qonaqlar da, yoldan keçən də yeyirdi. Kölgəlikləri ilə yayın istisini udan salxım söyüdlər, bəzək ağacları, çinar kimi ağacların altında oturub dincini alan hər kəs -“Allah bağ salanın ömrünü uzun eləsin, balalarını saxlasın”- deyib, keçirdi.

Bağbanın gözü hər an bağın üzərində idi. Təsadüfən bağa xələl gətirən qaratikan kollarını, alaq otlarını çəkib kənara atır, od vurub yandırırdı. Bu gözəlliyə xələl gətirən nə varsa, onu bağdan uzaqlaşdırırdı. Ulu babasının- “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”- deyimini hər zaman qulağında sırğa eləyib.

Dəyərli oxucular, görün yazın havası insanda necə ruh yüksəkliyi yaradır. Siz də ağsaçlı bağbanın gördüyü işlərdən ibrət alın. Özünüzə və gördüyünüz işlərə ziyan gətirən viruslardan uzaq olun, bağınıza faydasız olan qaratikan kollarından, alaq otlarından canınızı qurtarın. Bahar ovqatına köklənin, yaz hərarətiylə dərindən nəfəs alın. Qorxmayın, çiyərlərinizə Nuh yurdunun bulaq suyu kimi təmiz havası dolacaq....

                                                                                       Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: