Naxçıvan Dövlət Universiteti tərəfindən tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcı təxəyül, bacarıq və dünyagörüşünün inkişaf etdirilməsi məqsədilə iki online müsabiqə elan edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İnstagram sosial şəbəkəsi üzərindən keçirilən və “Gələcəyə inamla” adlanan müsabiqə gələcəyə məhəbbət və nikbinlik hisslərinin artırılması, milli və ümumbəşəri dəyərlərə hörmət, tolerantlıq aşılanması məqsədilə keçirilir.
Ədəbi-bədii irsə marağın artırılması, dünya xalqlarının mədəni-intellektual səviyyəsini özündə əks etdirən ədəbi qəhrəman obrazlarına məhəbbət hisslərinin aşılanması məqsədilə Facebook sosial şəbəkəsi üzərindən keçirilən “Ədəbi obraz və bədii təsvir” adlı müsabiqədə isə humanizm, estetik duyğu, yaradıcılıq təxəyyülü və bədii təfəkkür kimi bacarıqlar qiymətləndiriləcək.
Tələbələr hər iki müsabiqənin mahiyyətinə uyğun təsviri və dekorativ-tətbiqi sənət nümunələri (rəsm, bədii tikmə, toxuma, ağac üzərində oyma, metal üzərində işləmə və.s) hazırlaya bilərlər. Hər birindən bir nümunə olmaqla təqdim ediləcək əl işlərində yaradıcı işin keyfiyyəti, təqdim olunmuş mövzuların mahiyyətinə uyğunluq xüsusiyyətləri nəzərə alınacaq.
Qeyd edək ki, aprel ayının 12-dən may ayının 7-dək [email protected] ünvanı vasitəsilə qısa videolar şəklində qəbul ediləcək əl işləri Naxçıvan Dövlət Universitetin İnstagram və Facebook səhifələrində yerləşdiriləcək. Ən çox bəyənmə alan 10 yaradıcı iş peşəkar münsiflər tərəfindən qiymətləndirilib, qabiliyyətli gənclər universitetin diplomu və pul mükafatı ilə təltif ediləcək.
Səadət Əliyeva