İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ötən ay yeni növ koronavirusa qarşı vaksin tapanlar üçün pul mükafatı təsis etmişdi. Bu istiqamətdə həvəsləndirici tədbirləri davam etdirən təşkilat aprelin 12-də yaydığı bəyanatda COVID-19 xəstəliyinin daha effektiv müalicəsini təklif edən tədqiqatçılar və həkimlər üçün əlavə 200 min dollar ayırdığını bəyan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 15-dən etibarən ISESCO-nun baş ofisinə təqdim ediləcək layihələri və təklifləri qiymətləndirmək üçün təşkilatın baş direktorunun sədrliyi ilə münsiflər heyəti yaradılıb. Qeyd olunub ki, bu təhlükəli xəstəliyin bütün dünyada tüğyan etdiyi bir vaxtda pasiyentlərin müalicəsi üçün daha effektiv üsullara ehtiyac var. Münsiflər heyətinin tərkibinə səhiyyə sahəsində beynəlxalq təşkilatlardan iki, habelə tanınmış universitetlər və elmi-tədqiqat mərkəzlərindən dörd nümayəndə daxil edilib. İştirakçılar öz layihə və təkliflərini www.icesco.org saytında münsiflər heyətinin katibliyinə göndərə bilərlər. Bundan başqa, layihələrlə bağlı geniş təqdimatın CV-si, layihənin qeydə alınması barədə patent sənədi, üç ədəd resenziya məktubu tələb olunur.
Münsiflər heyəti qalibləri müəyyən etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq səhiyyə qurumlarının rəyini də alacaq. Mükafatın təqdimetmə mərasimi ISESCO-nun Rabat şəhərindəki baş ofisində keçiriləcək. Qaliblərə pul mükafatı ilə birlikdə medal da təqdim ediləcək.