Təfəkkürün kamilləşməsindən, kamil təfəkkürə ucalmaq zamanıdır

A- A A+

İndi dünyada sanki  Nassem Talebinin “Qara qu quşu” hökm sürür. Müəllif bu  məşhur  kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri - riskləri qiymətləndirmək və onları idarə etməkdir. Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür!”

Bu gün bütün dünya karantindədir. İrqindən, cinsindən, dinindən, millətindən asılı olmayaraq hamı karantindədir. Dünya hamının eyni hissləri yaşadığı ümumi bir evə çevrilib.  Bir amerikalı necədirsə biz də eləyik. Bir çinli necə yaşayırsa biz də onu yaşayırıq. İzolyasiya dövrü. Nə yas, nə toy, nə əyləncə, nə iş, nə dərs... Amma böyük bir dərs və bu dərsdən nəticə çıxarmaq üçün fürsət. Durulmaq üçün imkan, arınmaq üçün  Dərs....

İnsanın rahat yaşaması onun gerçəyi nə dərəcədə dərk etməsindən asılıdır. Gerçəklik insan şüurunda nə dərəcədə dolğun, adekvat əks olunursa, insan ona uyğun olaraq bir o qədər fəal, qarşısına reallaşması mümkün olan vəzifələr qoyur və daha çox səy göstərir. Lakin gerçəkliyin, dünyanın dolğun dərk edilməsi mürəkkəb, ziddiyyətli və çətin prosesdir. Epiktetos: “Bir insanın bildiyini zənn etdiyi bir şeyi öyrənməsi imkansızdır”,- deyirdi. Bu zaman  insana güc verən ona bütün sirli, sehrli dünyanı dərk etməyə imkan verən  qüvvə, yaradanla insan arasında yeganə əlaqə olan  qüvvə - Duadır.

 Ümid Nəccari bunu belə deyir:

...Oturmuşdum

Kəlmələrlə keçmişimi,

Ağacların gövdəsinə oxuyurdum.

Bulud olduğum arzularımın

Körpüsündən keçirdim.

Oxuyurdum

hər nə varsa qanad adında

Qanada ad verən,

Allaha...

Taqor da yazırdı ki, ağaclardan xahiş etdim: - Mənə Allahdan danış. Və o çiçək açdı.

Mənsə bütün bəşəriyyətdən xahiş edirəm, mənə Allahdan danışın!  Danışın ki, durulaq, danışın ki, arınaq! İndi nə arzudan, nə kamdan giley vaxtıdır! Nə alqış, nə qarğış vaxtıdır. Güclü, xudbin ucalıqdan İnsana enmək vaxtıdır! Təfəkkürün kamilləşməsindən, kamil təfəkkürə ucalaq!

Qorxu yaradan bir virusun gerçəkliyi – ölüm qorxusu əslində insanın aciz məxluq olduğunu, bütün yüksək texnologiyalara, inkişaf etmiş təkamül və təşəkkül etmiş elmə rəğmən öz ilkin zəifliyindən çox da uzaqlaşmadığı qənaəti yaratdı. Yeganə çıxış yolu mənəvi aydınlanmaqdır. Fiziki təmizlikdən sonra mənəvi təmizliyə də ucalmaqdır.

Mənəvi aydınlığa çıxmaq yollarından birincisi, özünüzə qarşı dürüst olmaqla, özümüzdə nəyi dəyişdirməliyik sualının cavabını vermək üçün yetərli gücə sahib olmaqdır.  Biz bu gün nəyin ən yaxşı olduğunu dəyərləndirməyimizlə başqalarına qarşı daha real, anlayışlı və öz mənliyinin tələbləri qarşısında məsuliyyətini dərk etsək, özümüzlə yanaşı ətrafımızdakıları da qoruyaraq,  mənfi bir ünsürə çevrilməsindən  xilas edərək faydalı ola bilərik.  Unutmayaq ki,  Hz. Məhəmməd: “İnsanların xeyirlisi insanlara faydalı olanlardı” deyibdir.

Bu çətin günlərdə mən bir “Polyanna” pozitivliyi ilə Allaha təşəkkür edirəm. İçində Allah daşıyan insan bədbin ola bilməz.

Eleanor Porter “Polyanna” əsərində:

- Qızım, xeyriyyə cəmiyyəti sənə hədiyyə göndərib.

- Ata, bu ki, çəlikdir. Axı, mən gəlincik istəmişdim. Pollyanna ağlamağa başlayır.

- Sən sevinməlisən.

- Bunun nəyinə sevinim?!

- Sevinməlisən ki, bu qoltuqağacı sənə lazım deyil.

O gündən Polyanna hər xəbərdə yalnız pozitiv məqam tapmağı öyrəndi. Əslində  zehnimizi səssiszləşdirsək, ruhumuzun səsini eşidə bilsək o zaman, sadəcə Yaradana təşəkkür edərdik. Bu gün özünüzü və davranışınızı daha aydın şəkildə anlamaq üçün bir çağırış yaranıbdır.  Bəlkə də, Rəbbin bizə ən doğru olanı anlatmağı üçün biz bu çənbərdəyik?!  Bəlkə fiziki təmizlikdən, mənəvi təmizliyə, təfəkkürün kamilləşməsindən, kamil təfəkkürə ucalmaq zamanıdır. Sizcə də elə deyilmi?!

Ruhəngiz Əliyeva

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: