“Dünyanı bürüyən koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumunu ağırlaşdırdığı indiki şəraitdə hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməməsini stimullaşdırdı”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncamın imzalanması, 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın təsdiqi və icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, bu əsaslara söykənərək genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqləyir: “Dövlətin əsas məqsədinin, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahı olduğundan genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu kimi məqamlara xüsusi diqqətin yönəldilməsi bir daha Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını əsaslandırır.”
“Pandemiyaya qarşı mübarizənin ilk günlərindən indiyədək Azərbaycanın həyata keçirdiyi tədbirlər göz önündədir” deyən Vüqar Rəhimzadə əlavə edib ki, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi virusun cografiyasının genişlənməməsini təmin etmişdisə, atılan digər mühüm addımlar nəticəsində Azərbaycanda bütün çatışmazlıqlar aradan qaldırıldı: “Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq qısa zamanda, cəmi iki həftə ərzində maska istehsal edən müəssisənin istifadəyə verilməsi dövlətimizin əhalinin sağlamlığının təminatında nə qədər maraqlı olduğunu, yoluxma hallarının qarşısının alınmasına səy göstərdiyini bir daha nümayiş etdirdi. Təbii ki, bu kimi mühüm addımların atılmasında ölkəmizin iqtisadi imkanları əsas yer tutur. Cari ilin ilk aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə Azərbaycan iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə qeyd edə bilərik. 2003-cü ildən bəri enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Neftin qiymətinin ani düşməsi digər ölkələrin iqtiisadiyyatına tez bir müddətdə öz mənfi təsirini göstərdiyi halda Azərbaycan iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması nəticəsində bunu hiss etmədi. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, regionların malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə imzalanan Dövlət proqramları və onların uğurlu icrası öz müsbət nəticəsini verdi.”
Vüqar Rəhimzadə xüsusi vurğulayıb ki, neftlə zəngin çox ölkələr var, amma onlarda bu resurs heç də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi sürətli xarakter alır: “Lakin Azərbaycanın öz iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun işləyib hazırlaması bu problemi yaşamamasını şərtləndirdi. Ölkəmiz hər bir çətinlikdən uğurla çıxaraq öz inkişaf modelinin nümunəviliyini dünyaya nümayiş etdirir. Məhz qeyd olunan müşavirədə bu iqtisadi bazaya əsaslanaraq iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını böyük inamla qeyd edib.”
“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan üçün uğurla başlayıb, inkişaf, tərəqqi müşahidə olunub və islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır.