Çinar deyiləndə hamının yadına əsrlərdir ayaqda duran qalın gövdəli uca ağaclar və bir də onların sərin kölgəsi düşür. Çinar əsrlərlə yaşayan qollu-budaqlı,uca, təbiətə xüsusi gözəllik gətirən bir ağacdır. Onları bəzən “Xan çinar” da adlandırırlar. Adətən, 1000-1500 il ömür sürən bu ağacların gövdəsinin diametri 12 metrə qədər böyüyə bilir. Əzəmət,məğrurluq, ucalıq rəmzi hesab edilən çinarlarının hündürlüyü 25-30 metrə, bəzi hallarda isə 50 metrə çatır. Çinar ağaclarına Türkiyə, Azərbaycan və Aralıq dənizi sahilində daha geniş şəkildə rast gəlmək mümkündür. Bu ağaclar iqlimi fərqli olan havaya çox dayanıqlı və uzun ömürlüdür. Daha çox meşələrdə geniş yayılan çinar ağacları uzunömürlü və dekorativ xüsusiyyətlərə malik olduğuna görə bir çox şəhərlərin küçə və parklarında da əkilir. Bu şəhərlərdən biri də Ordubaddır.
Ordubad həm də Xan çinarları ilə də məhşur olan tarixi bir şəhərdir. Tarixən dağlar və bağlar diyarı kimi tanınan Ordubadda bağbanlar nəinki meyvə ağaclarının, habelə dekorativ ağacların da əkilməsinə böyük önəm veriblər. Bu gün yaşı yüz illərə, min illərə dayanan həmin çinar ağacları Ordubadın hüsnünə bir yaraşıqdır. Şəhərin özündə, Vənənd, Dırnıs və Düylün kəndlərindəki qoca çinarlar isə hər kəsi heyran edir. Bu qocaman çinarlar həm də insanların istirahətində, asudə vaxtının səmərəli keçməsində də mühüm yer tutur. Beləki, yorğun insan bu çinarların kölgəsində dincələndə bu yorğunluqdan xilas olur. Sanki çinarların yarpaqlarında, budaqlarında bizim bilmədiyimiz bir hikmət var.
Ordubadın rəmzinə çevrilən , hüsnünə xüsusi bir gözəllik verən çinar ağacları bu şəhərin tarixi, sirdaşıdır. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində Ordubadda olan məhşur səyyah Nefodov deyib: Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir". OrdubadınSərşəhər və Ambarasməhəllələrindəki qoşa çinarları XIX əsrdə Rus alimi İ.Şopen, polyak tədqiqatçı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında vəsf edib, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildiriblər.
Ta qədimdən Ordubadın hər məhəlləsində məscid, məscidin önündə meydan, meydanın ortasında qocaman çinar və çinarların dibindən axan kəhriz-bulaqlar varmış. Bu ənənə elə bugünün özündə də qorunub saxlanılır . Ordubadlı ağsaqqallar deyirlər ki, çinarlar ona görə çeşmələrin, məscidlərin yanında əkilib ki məscidlər paklıq, çeşmələr isə saflıq rəmzidir. Şəhərin Ambaras, Gürdətal, Üçtürləngə, Mingis və Sərşəhərməhəllələrindəki çinarların yaşı 500-600, bəzilərininki 900-1000 ildən çoxdur.
Ordubadın Vənənd kəndindəki qollu budaqlı çinar ağacları da bura gələn hər kəsi əzəməti ilə heyran edir. Mavi göylərdən süzülən günəş şəfəqləri bu kəndi sanki qoynuna alan çinarların üstündə oynaşır. Göylərə dirək kəsilib bu çinarlar.Kim bilir neçədir yaşları,neçə əsrləri,nəsilləri yola salıb. Vənənddə hansı nurani qocadan soruşsan ki, bu çinarların yaşı neçədir? Hamı bu sözləri deyəcək: Filan qədər yaşım var, elə gözümü açıb bu çinarları belə görmüşəm.
Dərinliklərə kök atan bu ağaclar kəndi sanki öz ağuşuna alıb. İnsanlar bu görüntüdən zövq almaqla yanaşı, həm də yayda buraya sərinlənmək üçün toplaşır, şirin xatirələr danışır,ötənləri, olub keçənləri yada salır,bugünkü firavanlıqdan söhbət açırlar.Sanki danışanlar isə adamlar deyil,elə çinarların özüdür.
Xəfif mehdən titrəşən çinarların yarpaqları elə bil xatirələr dəftərinin vərəqləri kimi vərəqlənir.Acılı,şirinli xatirələri yada salır. Vənəndin Came məscidinin həyətindəki çinar ağacının qalın gövdəsində vaxtilə çay evi, qəssabxana da fəaliyyət göstərib,içərisinə 5-6 nəfər rahat şəkildə sığışa bilib. Kənd sakinləri bu çinar ağaclarına ehtiramla yanaşıb onu qoruyurlar və bu təbiət inciləri bura gələn hər kəsin diqqətini çəkir.
El dilində, ədəbiyyatımızda çinarın yerini ağacların sırasında həmişə yuxarı başda, ucalarda görmüşük. Dost tanışlar bir-birinə “ Çinar qədər ömrün olsun”, “ Çinar qədər müqəddəs ol”, qəhrəman oğullarımıza “ Çinar boylu, çinar gərdənli oğullar” deyiblər.
Çinarlara həmişə heyranlıqla baxmışıq. Bəlkə də bu ağacın, az qala zamana meydan oxuyan əzəmətinə vurulmuşuq... Xalq şairi Nəbi Xəzrinin sözlərinə yazılan və ölməz sənətkarımız Şövkət Ələkbərovanın ifasında eşitdiyimiz “Dərələr” mahnısındakı «Əgər ki, yıxılsam, çinar göstərin» sözləri bu gün də hər birimizi duyğulandırır.
Torpağa kök salan, kökü ilə ona bağlı olan qocaman çinarları illərin tufanları, qasırğaları, ən qorxulu təbiət hadisələri belə yıxa bilməyib. Arana dağ vüqarı gətirən çinarın neçə-neçə şeirdə vəsfinə rast gəlmişik. Kökü dərin, kölgəsi sərin çinarlara baxanda qeyri ixtiyari olaraq Xalq şairi Rəsul Rzanın məşhur “Çinar” şeirini də xatırlayırıq:
Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz Xan çinarın yaşını.
Gecə qara, durdum,düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəlib, dedi: bax!
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyür sağ solumu.
Belə məğrur dayanmağa haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam .
Şair bu şeirində insanlara o fikri aşılayır ki, çinar torpağa bağlanan kimi beləcəkeçmişimizə , kökümüzə, ulu babalarımızın qəhrəmanlığına söykənmək lazımdır.
Bəli,kökü ilə torpağa bağlı olan çinarlar təbiətin bəzəyi, füsunkar gözəlliyidir. Bu gün Ordubada, onun kəndlərinə qonaq gedən hər kəs qeyri-ixtiyari olaraq Xan çinarların yanında ayaq saxlamalı olur, elə yolun yorğunluğunu da çinarın kölgəsində dincələrk çıxarır. Rayon mərkəzindəki çinarların altında fəaliyyət göstərən çay evində Ordubad limonu ilə çinarların kölgəsində içilən çayın isə əvəzi yoxdur.
Bu gün digər şəhər və rayonlarımızda, yol kənarlarında, parklarda da çinar ağacı dekorativ bitki kimi geniş şəkildə əkilir. Təbiidir ki , illər keçəcək bu çinarlar da torpağa kök salacaq,qol budaq açacaq, gələcək nəsillər onların kölgəsində dincələcək, çinar isə onlara bu yurdun tarixindən danışacaq. Çinarların əkilməsi isə məqsədəuyğundur. Çünki çinar iri yarpaqları vasitəsilə şəhər atmosferinin tozunu və insan orqanizmi üçün zərərli qazları udaraq, ətrafda zəngin oksigen mənbəyi yaradır. Bu mikroiqlim insanlarda fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Çinar insanları yalnız dekorativ quruluşu, ucalığı ilə maraqlandırmır. Alimlər onun yarpaq və oduncaqlarının əsl şəfa mənbəyi olmasını da vurğulayırlar..
Hələ yerə düşməmiş, budaqda tər vəziyyətdə olan çinar yarpağını qaynatdıqdan sonra bir neçə xəstəliyin müalicəsi məqsədilə istifadə etmək olar. Qaynadılmış məhlulun sümük və oynaq ağrılarının aradan qaldırılması, böyrək daşlarının təmizlənməsində çox böyük faydası var.
Qeyd edək ki, hazırda bir sıra ölkələrin xalq təbabətində çinarın yarpağından və qabığından istifadə geniş yayılıb. Antiseptik xüsusiyyətlərə malik çinarın yarpağından və gövdəsinin qabığından hazırlanan dəmləmələr və məhlullar əsasən qızdırmanın salınmasında, saçdakı kəpəyin təmizlənməsində, baş dərisindəki qaşınmanın qarşısının alınmasında, ilan sancmasında, həmçinin sulu və açıq yaralar zamanı istifadə olunur. Nəmli torpaqları sevən çinarın oduncağı mebel sənayesində də geniş istifadə olunur.
Bir isti yay günündə çinar kölgəsində sərinləmək, dost tanışla çay içə-içə söhbət etmək necə də xoşdur. Bayaq Ordubad adətlərində çinar, məscid və çeşmə vəhdətindən danışdıq. Amma bu siyahıya insanı da əlavə eləmək lazımdır. Çinar, məscid, çeşmə və insan! Bu birliyimiz daimi olsun.
Türkanə Əmoyeva
Naxçıvan Dövlət radiosunun əməkdaşı