AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları “Evdə qal” prinsipini əsas götürərək Naxçıvanın folkloru, onomastikası, dialekt və şivələri, o cümlədən ədəbi-mədəni mühitinin tarixi ilə bağlı tədqiqatları sistemli şəkildə davam etdirirlər.
Bölmənin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, cari ildə Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarının 85 elmi əsəri nəşr olunub. Biri xaricdə olmaqla 3 monoqrafiya, 3 kitab, 5-i xaricdə olmaqla 44 məqalə, 9-u xaricdə olmaqla 35 konfrans materialları işıq üzü görüb. Əsərlərdən biri impakt faktolu, 22-si beynəlxalq kodlu jurnallarda çap edilib. 86 elmi əsər isə çapa təqdim olunub.
İnstitut əməkdaşları 2 beynəlxalq elmi konfransda onlayn formada iştirak edib, həmçinin muxtar respublikanın digər təşkilatlarında keçirilən 15 elmi konfrans və tədbirlərdə məruzə ilə çıxış ediblər.
Hazırda institutun filoloq alimləri akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə müstəqillik dövrü Naxçıvan ədəbi mühitinə həsr olunmuş fundamental monoqrafiya üzərində işləyirlər.