Aprel ayı iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng ayıdır.
Son onilliklərdə iqlim dəyişmələri fonunda istiləşmə tendensiyasının üstünlüyünə baxmayaraq, ayrı-ayrı illərdə fərqli proseslər müşahidə edilir. Bu ilin aprelin birinci yarısında bu ay üçün nadir hadisə olan dağətəyi rayonlarda belə qar qeydə alınır. Havanın temperaturu isə orta hesabla iqlim normasından 1,5° aşağıdır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, havaların qeyri-sabit keçməsi ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün tarixi məlumatlara nəzər salanda ilk öncə son onilliyin təhlili göstərir ki, 5 il havanın temperaturu normadan 4°-dək yüksək, 3 dəfə 1,4° aşağı, iki il isə norma daxilində olub. Yüzillik dövr üzrə isə ən anomal soyuq keçən aprel ayı 1954-cü və 1987-ci illərdə olub, havanın orta aylıq temperaturu 9°-yə enib.
Çoxillik meteoroloji müşahidələrə görə Bakı şəhəri üçün aprel ayında ən yüksək temperatur göstəricisi 32° isti, ən aşağı temperatur isə 0,4° şaxtadır. Bununla da sərhəd göstəricilər arasında fərq 30°-dən çoxdur. Bu baxımdan aprel ayını iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng və sürprizlərlə zəngin olan aylarından biri kimi səciyyələndirmək olar.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, keçən əsrin sonunda 1998-ci ildə aprelin 14 və 24-də havanın temperaturu rekord həddinə çataraq Abşeron yarımadasında 35°-dək, Naxçıvan Muxtar Respublikasında və ayrı-ayrı aran rayonlarında 36-38°-dək yüksəlib. 2012-ci il aprelin 10-da Bakıda isə 1998-ci ilin sutkalıq rekord göstəricisi təkrarlanıb. Belə ki, həmin gün yenidən 32° isti olub.
Aprel ayında ən soyuq hava 1911-ci il aprelin 1-də qeydə alınıb. Həmin gün Bakıda havanın minimal temperaturu 0.4° şaxta olub.
Adətən aprelin 20-dən sonra yağışlar leysan xarakterli olur və tez-tez şimşəklə müşayiət edilir.