Yasəmənlər çiçək açanda..... - FOTOLAR
Onu baharda tanımışdım,yasəmənlər çiçək açanda...Yenicə çiçək açmış yasəmənlərə sığal çəkirdi tablolarında. Özü yayda doğulsa da baharı, bahar çiçəklərini çox sevirdi. İndi yenə bahardı... yasəmənlər çiçək açıb... ancaq yasəmən çiçəklərinin vurğunu olan rəssam bu həyatda yoxdur.
Olduqca təvazökar, qəlbən kövrək, ilk baxışda sərt görünsə də xasiyyətcə mülayim idi. Tanrı ona sadəlik, səmimilik , zəhmətsevərlik, böyük qəlb və hər şeydən əvvəl istedad bəxş etmişdi. Doğmaları hər zaman onu vəfalı dost, qayğıkeş ailə başçısı və mehriban baba kimi xatırlayırlar. İllər əvvəlki söhbətimizdə “hələ nə yaşım var ki, mən yüz il yaşayacam”- demişdi... yaşasaydı daha neçə-neçə ölməz əsərlər bəxs edəcəkdi incəsənətimizə. Heyif! ömür vəfa etmədi.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Qədirulla Bağırov. İllər əvvəl emalatxanasında ayaqüstü söhbətimiz olmuşdu. İndi yenə həmin ünvandayam. Amma bu dəfə özü yox, həyat yoldaşı Gülsüm xanım qarşılayır bizi, rəssamın illərdir qapısı bağlı qalan emalatxanasına baş çəkmək istədiyimi deyəndə bir qədər kövrəlir..
- Necə tanış olmuşdunuz Qədirulla müəllimlə?
Eyni kənddə, eyni ildə doğulmuşuq -1949-cu ilin qışında mən, yayında o, uşaq yaşlarından sevdik bir-birimizi. Hələ o vaxtdan sənətə vurğun idi, çoxlu rəsmlər çəkir, gözəl əl işləri hazırlayırdı. Sənətə olan sevgisi də gendən gələn bir istək idi. Ana babası Alı kişi yaxşı sənətkar olub. Həm də doğulub boya-başa çatdığımız Nursu kəndinin gözəl təbiəti, çiçəkləri , dağları, bulaqları da bu sevgiyə təsirsiz ötüşməyib. Ailə həyatı qurduq. O rəssamlıq təhsili almaq üçün 1968- ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Texnikomuna daxil oldu. 1972-ci ildə təhsilini bitirərək hərbi xidmətə getdi.
Atası aqranom, anası evdar qadın, özü isə altı bacının bir qardaşı idi. Ömür gün keçirdik , beş övlad böyütdük. Fırçası ilə ev tikdi, uşaqlar ali təhsil aldılar. Övladlarımdan ikisi onun yolunu davam etdirir. Qızım Ülviyyə Bağırova rəssamlıq təhsili alıb, oğlum isə iqtisadçı olsa da ağacdan gözəl əl işləri də hazırlayır. Sevinirəm ki, nəvəm Nərgiz də onun yolunu davam etdirəcək.
-Rəssama ilham verən nə idi?
Təbiət və atlar. Haçadağda, Batabatda, Keçilidə, Şahbulaq dağında çoxlu etüdlər edirdi. O, təbiətin qoynunda olanda özünün dünyanın ən gözəl yerində hiss edir, xoşbəxt olurdu. Qonaqpərvər, zəhməti sevən insan idi. Vaxtının çox hissəsini emalatxanasında keçirərdi. Gecə-gündüz çalışırdı. Ağac üzərində oyma, mis üzərində döymə işi ilə məşğul olur, milli üslubda gözəl xalçalar toxuyurdu.
Emalatxanaya keçmək üçün icazə istəyirəm.
Həyat necə qəribədir. Elə bil dünən baş tutmuşdu onunla bu emalatxanada olan söhbətimiz .Təqvim səkkiz il əvvəl olduğunu xatırladır mənə. Buradakı yağlı boya ilə çəkilən natürmortlar, təbiət mənzərələri, portretlər, saysız hesabsız əsərlər haqqında özü danışmışdı mənə... Ətrafa göz gəzdirirəm, sanki illərdir heç nə dəyişilməyib bu emalatxanada. Dəyişilən bir şey var. Rənglər sahibsiz, emalatxana sənətkarsız qalıb. Hər şey elə sağlığında olduğu kimidir-fırçalar, boyalar,tablolar, etüdnik, molbert, rəssamın istirahət guşəsi, təbiət qoynundan dərdiyi çiçəklər...
Gülsüm xanım qoz ağacından hazırlanan kiçik bir əl işini göstərərək “bu da onun ağac üzərində oyma sahəsində son işi oldu”- deyir. Bir üzündə at təsviri, bir üzündə Naxçıvanın əzəmətli abidələri olan əsər yarımçıq qaldı.
Divardakı tablolarda Naxçıvan şəhərindəki qədim bazar və orada çalışan sənətkarların təsvir olunduğu “Naxçıvan bazarı” , Naxçıvanın tarixi abidələri, təbiət mənzərələri göz oxşayır. Yaradıcılığı mövzu və janr baxımından rəngarəng olan rəssam yaşıl rəngin vurğunu idi. Təbiət bir rəssamın fırçasında bu qədərmi gözəl,təbii və cəlbedici ola bilər? Tablolardakı dağlar, güllər, ağaclar elə bil dil açıb danışır. Təbiətin harmoniyasını, hərarətini duyan rəssamın “Batabat mənzərəsi”ndəki zirvəsi qarlı, yamacları yaşıl örpəkli dağlar, qoynu gül-çiçəkli çəmənlər insanı valeh edir.
“Obaya gedən yol”, “ Haçadağ”, “Nursu kəndinin yolları”, “Daylaqlı kəndinin mənzərəsi”, “ Güllər” və daha nələr. O, sanki çalışırdı ki, insanlara bu gözəlikləri özü sevdiyi qədər sevdirsin.
Ən çox sevdiyi mövzulardan biri də atlar idi. Bu mövzuda silsilə əsərlər yaradıb. İstər dekorativ-tətbiqi sənət əsərlərində , istərsə də rəsm əsərlərində ucalıq, murad rəmzi olan atlar yer alıb. Rəssamın ədəbiyyatımıza vurğunluğu və ona dərindən bələd olması portret əsərlərində özünü göstərir. Şairlərdən Məmməd Araz , Hüseyn Cavid, Mirzə Ələkbər Sabirin ,drammaturq Cəlil Məmmədquluzadənin neçə - neçə portretini çəkib. Hər biri də təsiredici, hislərdən, duyğulardan yaranan rəsm əsərləri... bu ola gərək rəssam fırçasının böyüklüyü. Ədəbi mövzuda işlənən ən yaxşı əsərlərindən biri şair həmyerlisi Məmməd Araza həsr olunan “ Duman ömrü” əsəridir. Əsərdə rəssam şairə, onun yaradıcılığına olan sevgisini fırçası ilə dilə gətirib. Rəssamın Xalq şairinə həsr etdiyi daha bir işi isə Xalq şairinin ev muzeyinə hədiyyə olunub.
Ömür gün yoldaşı Gülsüm xanımla onları dərin bir sevgi birləşdirirdi. Odur ki , Gülsüm xanım özünün divardakı portretini və gül rəsmini göstərərək təbəssümlə “bunları mənə həsr edib”- deyir. “Güllər” əsəri 8 martda , “ Həyat yoldaşımın portreti” isə 60 illiyimdə məndən xəbərsiz işlənib. Həmişə mənə aid bir əsər işləmək istiyəndə mütləq məni harasa göndərirdi”. Sənətsevərlər onun şah əsərinin isə həyat yoldaşının portreti olduğunu deyirlər. Hətta dəfələrlə bu əsəri almaq istəyən olsa da Gülsüm xanım razı olmayıb .
Yarımçıq qalmış bir təbiət mənzərəsini də göstərək “bu da çəkdiyi son rəsm oldu”- deyir Gülsüm xanım . “Gecə gündüz çalışırdı ki , bu əsərləri tamamlasın , elə bil hiss edirdi ölümünü, ancaq həyat imkan vermədi onları tamamlamağa”.
Qədirulla Bağırov ağac üzərində oyma, mis üzərində döymə kimi dekorativ tətbiqi sənət növündə də uğurlu və yadda qalan əsərlər yaratdı. Xüsusilə xalçaçı rəssam kimi onun işlədiyi portret xalçalar çox bəyənildi. “Ulu öndər Heydər Əliyev”,“Mustafa Kamal Atatürk”,“Sevgililər” minüatür xalçası və s. Bu mövzuda ilk işi isə böyük şair Hüseyn Cavidin 110 illiyinə həsr etdiyi xalça eskizi olub. Həmin əsər hazırda ədibin ev muzeyində qorunur.
Rəssamın türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkə həsr etdiyi “Atatürkün portreti” adlı portret xalçası isə 2008-ci ildə Türkiyənin Prezidentinə hədiyyə edilib.
O, bu kiçik emalatxanasında neçə-neçə əsərə fırçası ilə sığal çəkdi. Rəng rəngə qovuşdu və ölməz əsərlər yarandı. Bu rəsmlər Çexiyada , Rusiyada, Özbəkistanda və digər xarici ölkələrdə də sərgiləndi .
Dəfələrlə fərdi sərgiləri keçirilən rəssamın 60 illik yubiley sərgisi özünün də iştirakı ilə 2009- cu ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda keçirildi. Qəlbi yaradıcılıq eşqi ilə dolub daşan rəssam 2013-cü ilin payızında , 64 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi. “ Palitraya sığmayan ömür” 2014 -cü ildə keçirilən xatirə sərgisi belə adlanırdı. Sənətin fədakarı, undulmaz rəssamın ömrü palitrasına sığmadı. Lakin o əbədi əsərlərində və sənətsevərlərin qəlbində daim yaşayacaq.
Sağlığında sənəti yaşadan rəssamı bu gün sənət yaşadır. Sənətkarın onlarla tələbəsi isə bu gün onun sənət yolunun davamçılarıdır. Deməli milli rəssamlıqda Qədirulla Bağırov irsi ölməzlik qazanıb.
Türkanə Əmoyeva