Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 virusuna qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün ölkə ərazisində karantin rejimi elan etməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilmiş əməkdaşları fəaliyyətlərini virtual şəkildə davam etdirirlər.
RSXM-in İnformasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, hazırda mərkəzin elmi əməkdaşları və alimlər yeni elmi məqalələr üzərində işləyirlər.
Həmçinin mərkəzin ingilisdilli elmi nəşri olan “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” (“Seismoprognosis observations in the territory of Azerbaijan”) jurnalı üzərində işlər davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qeydiyyatında olan jurnal beynəlxalq tələblərə uyğun olaraq ildə iki dəfə ingilis dilində nəşr edilir. Jurnalda məqalələr yerli və xarici alimlərin rəyi əsasında çap olunur.
Hazırda 2020-ci ilin 1-ci buraxılışı üzərində işlər yekunlaşmaq üzrədir. Jurnala təqdim olunan və yerli mütəxəssislərdən müsbət rəy alınan məqalələr xarici ekspertlərə rəy üçün göndərilib. Jurnalın 2020-ci il üçün birinci nömrəsi ilin birinci yarımilliyində çap ediləcək.