Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri, aparılan genişmiqyaslı islahatlarla bağlı operativ ictimai məlumatlandırmada, eləcə də vətəndaş müraciətlərinin cavablandırılmasında sosial medianın imkanlarından geniş istifadə olunur.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yalnız aprel ayında qurumun “Facebook” səhifəsində məlumat, foto, video, poster və s. formalarda 200-ə yaxın paylaşım edilib. Xüsusilə son vaxtlar məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumatlandırma məqsədli paylaşımlara üstünlük verilib.
Aprel ayında vətəndaşlar tərəfindən rəy və mesaj bölməsinə gələn 12 minə yaxın müraciətin cavablandırılması təmin olunub.
Yalnız aprel ayında nazirliyin “Facebook” səhifəsində izləyici sayı 5 minədək artıb və hazırda 100 min 500-ə yaxındır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər kəsi nazirliyin sosial şəbəklərini izləməyə dəvət edir.