Naxçıvan teleradiosuna yeni avadanlıqlar və avtomobillər təqdim olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 17-də Naxçıvan teleradiosuna yeni avadanlıqlar və avtomobillər təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli qeyd edib ki, son illər muxtar respublikanın kütləvi informasiya vasitələri böyük inkişaf yolu keçib. Ötən dövrdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin də maddi texniki bazası xeyli möhkəmləndirilib, binası əsaslı yenidən qurulub, yayım və yaradıcı işin keyfiyyəti yüksəlib, müasir iş və efir şəraiti yaradılıb.
Qeyd olunub ki, teleradionun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə 91 min manat dəyərində yeni çəkiliş və efir avadanlıqları alınıb.
Ülvi Hüseynli Ali Məclis Sədrinin tapşırıqlarını kollektivə çatdıraraq bildirib ki, yaradılan iş şəraitinin və alınan müasir avadanlıqların müqabilində yaradıcı və texniki işin keyfiyyəti daha da yüksəldilməli, teleradionun öz istehsalı olan veriliş və filmlərin həcmi və keyfiyyəti daha da artırılmalıdır. Naxçıvanın tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, təsərrüfat həyatını, turizm potensialını əks etdirən telematerialların hazırlanmasına xüsusi əhəmiyyət verilməlidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, komitənin Proqram direksiyasının direktoru İlkin Rzayev yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Komitənin Kompyuter şöbəsinin müdiri Elçin Məmmədov yeni alınan avadanlıqların işləmə funksiyaları və keyfiyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, teleradioya ümumilikdə 91 min 220 manat dəyərində olan 12 adda 22 yeni avadanlıq alınıb. Ən son texnalogiyaya əsaslanan 7 ədəd yeni nəsil qrafika və montaj kompyuteri yüksək iş əmsalına malikdir. Kamera dayaqları, fotokamera obyektivi, LED monitorlar, HD siqnal və səs gücləndiricilər,suflyor idarəetmə qurğuları işin keyfiyyətini daha da yüksəldəcək.
Bildirilib ki, efirə çıxışı və yayımı tənzimləyən yeni “Router” HD siqnal yönləndirici isə televiziyanın sistem otağında quraşdırılaraq istismara verilib.
Həmçinin, komitəyə “NAZ Lifan-820” və “FİAT-Dablo-Maksi” markalı xidməti və çəkiliş avtomobilləri də təqdim olunub.