Bu torpağın əsgəri, ziyalısı, şairi…Səhlab Məmmədov…

A- A A+

Söz karvanım yola çıxdı yaz ilə,

Sinəmdəki həsrət ilə, köz ilə,

Ayrılığın köklədiyi saz ilə,

Axtar məni, soruş məni, tap məni.

Mən də elə bu misraların işığında onu axtarmağa başladım. Yaşlı nəsil üçün çox da uzaq olmayan və yaddaşdan silinməyən ağrılı-acılı illərin ən qaynar nöqtələrində gördüm onu. Əlində silah, döyüş paltarında yaddaşımın bir küncündə ilişib qaldı.

 

Didərginlik fəlakətdir,

Fəlakətin üzü sərtdir,

Yurd itirmək ağır dərddir,

Göynəmini çəkən bilər.

Çəkmirsənsə həsrətini,

Duyammazsan gül ətrini,

Səhlab, Vətən, yurd qədrini,

Yolunda qan tökən bilər.

 

1990-93-cü illərdə, vətənimiz ağır sınaqlarda sınandığı vaxtlarda, qələmini süngüyə çevirdi. Silah tutmağı bilməyən əliyalın vətən daşlarına silah tutmağı, düşmənlə mübarizə aparmağı, döyüşməyi öyrətdi. Hərdən şirin zarafatları ilə yanaşı döyüşkən misraları ilə də yoldaşlarının sonsuz hörmətini qazandı. Yazaraq döyüşdü, döyüşərək yazdı. O zaman onun hərbi biliyinə daha çox ehtiyac vardı. 1992-ci ildə ermənilərin azğın fitvalarına qarşı aparılan Sədərək döyüşlərinin önündə gedən könüllü vətənpərvərlərdən birincisi oldu. Əynindəki əsgər paltarının müqəddəsliyini içindən keçirib gözünə tutdu, sözündə yaşatdı:

Səni geyinən kimi qoluma qüvvət gəlir,

Qəlbimə işıq gəlir, qəlbimə cürət gəlir,

Vətənə, elə qarşı qızğın məhəbbət gəlir,

Mənim fəxrim, vüqarım, mənim əsgər paltarım.

 

Ən uzaq səfərlərə səni geyib getmişəm,

Qışda ocaq başında isinəndə ütmüşəm,

Neçə alçaq düşməni səninlə məhv etmişəm,

Mənim fəxrim, vüqarım, mənim əsgər paltarım.

Dəyərli oxucularımız, müstəqilliyimizin ilk illərində Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qoruyanların ön cərgəsində dəyərli ziyalı, döyüşçü-şair Səhlab Məmmədov da var idi. O günlərin şahidi olanlar, sinəsində vətən atəşi gəzdirən vətənpərvər şairimizi çox yaxşı tanıyırlar. Ədəbi mühitdə, ədəbiyyat aləmində isə onun bəzən döyüşkən, bəzən də lirik duyğulu qələmini tanıyanlar daha çoxdu. Səhlab müəllimin onunla eyni vaxtda ədəbiyyata gələnlər arasında vətənpərvərlik mövzusunda həm nəsrdə əsərləri yazan, həmçinin vətənə, yurda sevgisini, düşmənə nifrətini, qəzəbini poeziyasının misralarına sığdıran bir şair olması heç də təsadüfi deyil.

Vaxtın, zamanın axarına qoşulub, bu yurdun keçmişini, bu gününü sətirlərə, cümlələrə sığdıran şair:

Zamandır köhlənin dördnala çapan,

Ömür qismətimiz nalından qopan,

Ana vətənimin dilindən qopan,

Bir "oğul" kəlməsi bəsimdir mənim.- deyib, arzusunu dilə gətirir.

“Axtar məni, soruş məni, tap məni” misrasının içimdə yaratdığı inanclı, bir az da niğaran tövrlə Səhlab müəllimi can yanğısı ilə araya-ərsəyə gətirdiyi kitablarında axtarıram. “Mən də varam” addımlarıyla, “Məlikməmməd harayı” ilə yola çıxan, “Ağ ölümlə döyüşə çağırıram dünyanı”- deyib, ”Yaram qaysaq bağlamır”, “Qisas qiyamətə qalmır” nidalarını düşmənə tuşlayan, “İtmiş kəndin faciəsi”ni bütöv yurdun faciəsi sayan şairi bu yolda qətiyyətli addımlarla irəlilədiyini görürəm. Sonra bir oxucu olaraq, “Qönçənin nağılı”, “Çalxanqala əfsanəsi”, “Qızıldağdan gələn səslər”in sehrinə, möcüzəsinə vuruluram. Lirik duyğuların özünəməxsus tərənnümçüsü “Payız nəğmələri”nin həzin səsində  “Dillər gözəli dilim” dən söz açır, “Nifrətim, qəzəbim, həsrətim, sevgim” adıyla bizi “Əbədiyyət yolu”na götürür, “Cəngavərin ölümü”ndə xainləri, yurda düşmən olanları bağışlamır. Daxili zənginliyin verdiyi ilahi güclə, istedadla yüz illərdir bir-birinə həsrət qalan “İki qardaş” la yoluna bax beləcə, davam edir şairimiz.

Şairin misraları bəzən həlim, bəzən də döyüşkən olur. Müsbətlə mənfini fikir tərəzisinin gözündə müqayisə edir:

Baş var, zəkasıyla dünya fırlanır,

Bəhrəsi millətə,ölkəyə qiymət.

Baş var ki, nurundan dünya nurlanır,

Baş var, düşündüyü bəşərə zülmət.

Hər parçası tən-tən olan vətənin duz basılmış yaralarına dərdli misralarla sığal çəkir:

 

Gündoğanda dərdim Dərbənd,

Günbatanda dərdim bənd-bənd,

Borçalıda dərdim kənd-kənd,

Bölünməmiş el qalmadı.

 

Zəngəzurum,Göycəm,Vedim,

Rəvan boyda dərdi yedim,

Təbriz dərdi heyva dərdim,

Dərilməmiş gül qalmadı.

 

Qarabağı əsir gördüm,

Xan Araza qara sərdim,

Hər dərdimdən hörük hördüm,

Sümək başda tel qalmadı.

Dərdlərini hörük edib ürəyinə hörən o dövrün ab-havasını, cəmiyyətdə olan naqislikləri söz əsgəri kimi gülləyə tutur. Hər dərdinə əlac ola bilmədiyi üçün Vətən qarşısında özünü günahkar bilir:

Nifrətim nifrəti dondurmadısa,

Bir misram min qəlbi yandırmadısa,

Yüz şeirim qanmazı qandırmadısa,

Mənə şair demə,haqlısan,Vətən!

Şairin vətən nisgilli misralarının içindən keçib, lirik “mən”inin aynasında uzun illər müəllim işlədiyi Naxçıvan Dövlət Universitetinə gəlirəm. Bu gün özü burada müvəqqəti olaraq yoxdu. Ona görə də həmkarlarının, tələbələrinin yaddaşına bir xatırlatmanı borc bilirəm. Onu dillər əzbəri olan şeirlərilə sevirlər.

Kitablarını vərəqlədikcə, daxilimdə məğrur qəhrəmanın heykəli ucalır. Lirik duyğularında da sevgisini vətənin sevgisinə, nisgilinə döndərib şair:

Sənli dünyam Xətainin zəfəri,

Sənli dünyam Əcəminin naxışı,

Sənsiz dünyam Koroğlunun qəhəri,

Məhsətinin kədər dolu baxışı…

Hamı bu dünyadan həm gileylidir, həm də razıdır. Dünya insan ömrü kimi acılı-şirinlidi. Nəşəsi də var, kədəri də.

Bulaqları büllur-büllur,

Qətrəsi ləl, qətrəsi nur,

Yüzü yıxır, yüzü qurur,

Düzəlməyib hələ dünya…

 

Ölüm hədəf seçən günü,

Bəyaz kəfən biçən günü,

Səhlab səndən köçən günü,

Quzu kimi mələ,dünya!...

Hər kəsin taleyinə özü bildiyi kimi bir don biçir Tanrı...kiminə cahil, kimənə ahıl, kiminə mərd, kiminə namərd, kimi xoşbəxt, kimi bədbəxt.... daha saymaq istəmirəm. Kiminə də neçə taleyi birdən yaşamaq nəsib edir. Əsgər taleyi, ziyalı taleyi, bir də şair taleyi... üçü də müqəddəs, üçü də şərəfli...hərəsinə də ayrı-ayrılıqda kimliyini möhürləyib, adını yazıb,yaşatmaq var. Bu gün çoxumuzun, xüsusilə, muxtar resublikanın ziyalı təbəqəsinin şəxsən tanıdığı, doğma Naxçıvanı qorumağa əsgər silahından yapışan, vəsf etməyə şair qələmindən tutan,

Saç ağardıb neçə əsrin odunda,

Neçə tarix möhürlənib adında,

Namus, qeyrət, torpağında, odunda,

Həqiqətin binasısan, Naxçıvan!-

-deyən Səhlab Məmmədov seçdiyi və tanrı tərəfindən seçildiyi adı ən yüksək zirvədə yaşadan bir insandır...

                                             Təranə Arifqızı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: