Türkiyədəki vətəndaşlarımıza yardım üçün qeydiyyat yeni sistem üzərindən aparılır

A- A A+

Türkiyədə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və hazırda Vətənə dönə bilməyən, bəzi məişət və inzibati zəminli problemlərlə üzləşən Azərbaycan vətəndaşlarının, həmçinin şəxsi vəsaitləri hesabına qardaş ölkədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizin müəyyən bir qisminə bu dövr ərzində dəstək göstərilməsi məqsədilə onlara aprelin 1-dən etibarən Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etmələri üçün imkan yaradılıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu günədək daxil olmuş 22 minə yaxın müraciətin böyük bir qismi diplomatik nümayəndəliyimiz tərəfindən təhlil olunub və göstərilən kateqoriyaya aid olan 10 minə qədər vətəndaşımıza Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə qida təminatı və yaşayış ilə bağlı yardım edilib.

Bildirilir ki, müraciət edən vətəndaşlarımızın rahatlığının təmini, daxil olmuş müraciətlərin emalının sistemləşdirilməsi və yardımların çatdırılması prosesinin sürətləndirilməsi məqsədilə bu gündən etibarən müraciətlərin qəbulu prosesinin yeni istifadəyə verilmiş elektron sistem üzərindən aparılmasına başlanılıb (www.support.edu.az).

Hazırda qalan və yeni daxil olan müraciətlər də təhlil olunmaqdadır və mövcud vəziyyət davam etdiyi dövrdə qeyd olunan kateqoriyaya aid olan vətəndaşlarımıza dəstək veriləcək.

Eyni zamanda, şəxsi məlumatları yanlış və ya natamam qeyd olunduğundan, bəzi müraciətlərə baxılması zamanı problemlər yaranıb ki, həmin şəxslərdən, hələ də dəstəyə ehtiyacı olduğu təqdirdə, yeni sistem üzərindən təkrar müraciət edərək, əvvəlki müraciətlərini tamamlamaları xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: