Ümumdünya Səhiyyə Təşkilatında Ramazan ayı ilə bağlı dindarlar üçün tövsiyələr hazırlanıb

A- A A+

Bir neçə gündən sonra müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başlayır. Dindarlar bu dövrdə oruc tutur, hər günün sonunda ənənəvi iftar üçün bir yerə toplaşırlar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ənənəvi mərasimlərin koronavirus infeksiyasının yayılması ilə nəticələnməməsi üçün bir sıra qaydalara riayət etməyi məsləhət görürlər.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə BMT-nin saytına istinadla xəbər verir.

Bəzi möminlər Ramazan ayında vaxtının çoxunu, xüsusən də ayın son 10 gününü məscidlərdə keçirirlər. Bir çoxları böyük masa arxasında toplaşaraq gündəlik orucdan sonra süfrələrini bölüşürlər. ÜST-nin epidemioloqları insanların kütləvi şəkildə toplaşmalarını ləğv etməyi, imkan dairəsində bütün tədbirləri onlayn rejimdə, həmçinin radio və videobağlantının köməyi ilə keçirməyi məsləhət görürlər.

ÜST-də hesab edirlər ki, möminləri vaxtında məlumatlandırmaq imkanı əldə etmək və onlar arasında maarifləndirici işləri aparmaqdan ötrü bu tədbirlərin müzakirəsinə dini liderləri cəlb etmək lazımdır.

Oruc tutanlara hər hansı şəraitdə bir-birindən azı bir metr məsafədə aralı dayanmaq təklif olunur. Əllə görüşmək əvəzinə baş hərəkəti ilə, əl yelləməklə və əli ürəyin üstünə qoymaq kimi digər təmassız ənənəvi salamlaşma növlərindən istifadə etmək mümkündür.

ÜST-də özünü bir qədər pis hiss edənləri insanların kütləvi toplandığı yerlərdən uzaq durmağa təkidlə səsləyirlər. Bu tövsiyələrə risk qrupuna daxil olan şəxslər – yaşı 65-dən yuxarı və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar da riayət etməlidirlər.

Əgər hansısa kütləvi tədbirlər keçirilirsə də, o halda yaxşı olardı ki, qapalı məkanda deyil, yalnız açıq havada təşkil olunsun. Əks halda qapalı məkanın yaxşı havalandırılmasına əmin olmaq vacibdir. Bu tədbirlərin müddətinin azaldılması və mümkün qədər az iştirakçı ilə keçirilməsi də arzuediləndir. Toplananlardan birinin yoluxması zamanı təmasda olduğu insanları aşkarlamaq və təcrid etmək lazımdır.

Şəxsi gigiyena da az əhəmiyyət kəsb etmir. Müsəlmanlar ibadətdən əvvəl dəstəmaz alırlar ki, bu da sanitar normalarına riayət etməyə kömək olur. ÜST dəstəmaz alınan bütün yerləri sabunla təmin etməyi, həmçinin məscidlərə gələnlərə dezinfeksiyaedici vasitələr (tərkibində azı 70 faiz spirt olan) və birdəfəlik salfetlər verməyi tövsiyə edib.

Həmçinin namaz üçün döşəmələrə fərdi xalçaların salınması, məscidlərdə ara məsafəsinə riayət olunmasını xatırladan elan və plakatların asılması da məsləhət görülür.

Ramazan günlərində ehtiyacı olanlara köməklik göstərmək, o cümlədən iftara dəvət etmək qəbul olunub. Mütəxəssislər kütləvi yemək məclislərindən çəkinməyi və bunun əvəzində yeməyi fərdi qablaşdırmada paylamağı təklif edirlər.

Pandemiyanın ənənələrə düzəlişlər daxil etməsinə baxmayaraq, ÜST-də inanırlar ki, bu il möminlər təhlükəsizlik tədbirlərinə riayət edərək infeksiya yaymadan əvvəlki kimi dua edəcək, oruc tutacaq, süfrələrini yaxınları ilə bölüşəcəklər. Bu tövsiyələrin hazırlanması məhz bu məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: