Kiçik ölkəm… böyüklərə örnək ölkəm… - FOTOLAR

A- A A+

Çağırılmamış qonaq

Dünənədək  bir-biri ilə  iqtisadi, mədəni əlaqələri, dostluq münasibətləri və ya ziddiyyətləri, münaqişələri ilə  gündəmdə olan dünya  dövlətlərini indi ortaq bir  məsələ birləşdirir: koronavirus pandemiyası. Məlum olduğu kimi, ötən ilin dekabr ayının birinci ongünlüyündən meydana çıxan və artıq  200-dən çox dövləti əhatə edən  “Covid-19” adlandırılan virus hər gün minlərlə insanın bu epidemiyaya yoluxması, xəstəxanalara yerləşdirilməsi, müalicə olunması və ya həyatını  itirməsinə  səbəb olur. Sərhədlərimizin açıq olması, dünya dövlətləri ilə geniş iqtisadi və mədəni  əlaqələrimiz  səbəbindən bu epidemiya  ölkəmizin də çağırılmamış qonağı olub. Bu “qonaq” layiq olduğu kimi  qarşılanmasına – üzünə qapıların  bağlanmasına baxmayaraq,  pəncərədən daxil olmaqla, bəzi canlılarla ortaq  xislətini də təsdiqlədi.  

 Belə olanda… 

Ölkə vətəndaşları ilə  bu “qonaq” arasında təcili sədlər  yaradılmağa başlandı. Hər kəsə məlum xronoloji ardıcıllıq:  ali və orta təhsil müəssisələrinin fəaliyyəti  bir müddət dayandırıldı, digər idarə, müəssisə və təşkilatlarda çalışan insanların sosial izolyasiyası təmin olundu, ölkə ərazisində kütləvi tədbirlər təxirə salındı, xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə gəlmələrinə şərait yaradıldı,  “Evdə qal” çağırışına başlanıldı, əvvəl ölkədə karantin, daha sonra xüsusi karantin rejimi elan olundu, karantin müddəti aprelin 20-dən mayın 4-dək uzadıldı.

Hələ  dünya  dövlətlərində epidemiya yenicə başlanandan “Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik”, – deyən dövlət rəhbərimizin tapşırığı ilə  ölkəmizdə həyata keçirilən tədbirlər, bu problemin aradan qaldırılması üçün dövlət tərəfindən ayrılan vəsait, bunun ardınca koronavirusla mübarizəyə dəstək fondunun yaradılması, ilkin olaraq dövlət başçımızın atdığı addımla bu fondun qısa zaman ərzində zənginləşməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında  Operativ Qərargahın yaradılması, alınan laboratoriyalar,  tibbi avadanlıq və preparatlar,  Bakıda yeni klinik xəstəxananın koronavirus xəstələrinin müalicəsi üçün istifadəyə verilməsi, yeni modultipli xəstəxanaların qurulmasına başlanılması, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılması və digər  önləyici tədbirlər  Almaniya, İtaliya, İspaniya, Fransa, Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş dövlətləri pandemiya ilə mübarizədə  geridə qoydu. Bütün bunlar hələ illər öncə söylənmiş “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam…” vədini hər bir Azərbaycan vətəndaşına bir daha xatırlatmaqla təsdiq etdi ki,  bütün çətinliklərdə – harada bu və ya digər səbəbdən, fəlakətdən əziyyət çəkən vətəndaş varsa, dövlət başçısı ordadır, vətəndaşın yanındadır. Dövlətin siyasətinin mərkəzində insan amili dayanır.  Pandemiya ətrafında cərəyan edən hadisələr  digər əsas bir məsələni də gündəmə gətirdi… 

Yanğı 

Bəli, digər məsələ millət yanğısıdır ki, içdən gələn bu hissi  dövlət başçımızın üzündə, sadəcə, baxanlardan  fərqli olaraq  baxıb görməyi  bacaranlar çox gözəl duya  bildi. Prezidentimizin  ölkə vətəndaşları üçün bu yanğısını ilkin olaraq  Novruz bayramı münasibətilə  xalqı təbrikində gördük. O nitqdə hərilki  bayram əhval-ruhiyyəsi yox idi. Ölkəmizin ötən bahardan bu baharadək bir ildə əldə etdiyi uğurlar, qazanılan nailiyyətlər sadalansa da, çox təəssüf ki, təbrikin sonu başqa baharlardakına bənzəmirdi. Prezidentimiz böyük yanarlılıqla deyirdi: “Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq”.  Daha sonra Prezidentimizin  televiziya müsahibəsində,  xalqa bu bəladan qorunmaqla bağlı  dəfələrlə etdiyi müraciətlərdə, dövlət başçımızın təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə,  sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə, pandemiya ilə bağlı videogörüşlərdə,  açılış təbirlərində  hər dəfə  bu narahatlığın doğurduğu yanğını açıqca  gördük: “Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın”.

Bu yanğı hissinin ardınca isə… 

Üçrəqəmli narahatlığı… 

Eşidəndə ki, koronavirusla bağlı Operativ Qərargahın gündəlik məlumatlarında  iki dəfə ölkəmizdə yoluxma sayının üçrəqəmli olmasına (bir dəfə 104,  sonra isə 105)  dövlətimizin başçısı çox böyük narahatlıqla yanaşıb, bununla bağlı daha da təsirli tədbirlərin görülməsi barədə tapşırıqlar verib, bu dəfə koronavirusun qoynuna aldığı  ölkələrdən məhz Azərbaycanda  yaşadığımız üçün özümüzü xoşbəxt sandıq. Kütləvi insan ölümünün bir çox ölkələrdə çox təbii qarşılandığı, xəstəliyə yoluxma  hallarının dördrəqəmli, beşrəqəmli sayı aşdığı, insanların iş yerlərini itirdiyi, sosial problemlərlə üz-üzə qaldığı  pandemiya dövründə çox həqiqətlər üzə çıxdı, çox reallıqlar öz yerini tapdı. Bunlardan biri də… 

 Kiçik ölkəm…böyüklərə örnək ölkəm… 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.

Bəli, ölkəmizdə pandemiya dövrü üçün hazırlanan sosial paketlər açıqlandı və icrasına başlandı: Birinci mərhələdə 600 min şəxsi əhatə edən birdəfəlik ödəmələrə start  verildi. Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 80 minə çatdırıldı ki, bu da 330 min şəxsin təminatı deməkdir. 65 yaşdan yuxarı 15 min tənha insana evlərində sosial xidmətlər göstərilir. 20 min  aztəminatlı ailəyə ərzaq yardımı edilib. Ayın sonunadək bu rəqəm 35-40 minə çatacaq. Aztəminatlı ailələrdən olan 24 min tələbənin təhsil haqqlarının ödənilməsini dövlət öz üzərinə götürdü və bunun üçün 40 milyon manat vəsait ayrıldı. Elektrik enerjisi limiti 100 kilovat-saat artırıldı. Sahibkarlara dəstək proqramı həyata keçiriləcək, vergi ödəyicilərinə güzəştlər tətbiq olunacaq. Daha bir yeni sosial paket hazırlanıb həyata keçirilməkdədir ki, bu,  yuxarıda sadalananlar ilə birlikdə 2,5 milyon əhalini əhatə edəcəkdir.  Ümumilikdə isə labüd pandemiya dövründə bütün  təbəqələrdən olan  insanı düşünən dövlətimizin düzgün siyasəti nəticəsində  hər bir  Azərbaycan vətəndaşı bu bəla qarşısında əzmlə durmağı bacardı. Ölkəmizdə gündən-günə koronavirusa yoluxanlar ilə müqayisədə sağalanların dəfələrlə çox olmasını, ürək yanğısı ilə qarşıladığımız həyatlarını itirənlərin digər ölkələrlə müqayisəolunmaz göstəricisini, muxtar respublikamızda, eləcə də digər bölgələrimizdə həyata keçirilən tədbirlərin ardıcıllığını,  qarşıdakı dövrdə bu virusla mübarizə üçün  yeni mərhələli proqramların hazırlanmasını  nəzərə alaraq böyük qürur hissi ilə demək olar ki, kiçik ölkəmiz böyük ölkələrə  böyük örnək oldu. Tarixə yazılan bu sətirləri pandemiya ilə mübarizəyə gecikən ölkələrin rəhbərləri də, Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə səsləndirdi.  Pandemiya dövrü bir də onu sübut etdi ki, dövlətin bacarığı o vaxt üzə çıxır ki, prosesi düzgün idarə edə bilir.

Narazılar 

Çox təəssüf ki, bu gözəl ölkəmizdə bir qrup insanlar da var ki, mən onları həmişə narazılar adlandırıram. Nə mənada? Qısa deyəcəm: bu insanlara hansı, necə, nə cür  şəraitin yaradılmasından asılı olmayaraq onlar yenə də narazıdılar. Ölkədə narazılıq, insanlar arasında çaşqınlıq, iğtişaş yaratmaq bu insanların həyat tərzinə çevrilib. Elə pandemiya dövründə də bunun şahidiyik. Dövlət hər bir vətəndaşı kimi onlara nələr edir, onlar nə edir. Dövlətimizin başçısı: “…Biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın”.

Bəli, son olaraq bu nəticəyə gəlmək olar ki, böyük şair Bəxtiyar Vahabzadənin müdrik deyiminin əksinə olaraq bu insanlar özlərindən razıdırlar ki, hər şeydən narazıdırlar… 

Ataların  oğulları… 

İstər pandemiya dövrü olsun, istər normal həyatımızın adi günlərindən biri, yazdığımız hər bir yazıda ümummilli liderimizin adını çəkməmək  günahdır.  Ona görə ki, bu gün dünyaya örnək ölkəmiz  onun sayəsində müstəqilliyini əlində saxlaya bilib,  dünyada tanınıb. Onun sayəsində dünya dövlətləri Azərbaycanla bütün sahələrdə əlaqələr yaradıblar. Böyük Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin hər ayı, günü, anı, onun xalqı naminə sağlamlığından keçməsi bu insanın millət fədaisi olduğunu təsdiq etdi.

Ulularımız deyiblər ki, yaxşı ataların yaxşı oğulları olar. Hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnən dövlətimizin başçısının dünya tərəfindən qəbul olunan uğurlu fəaliyyət modeli,  bu siyasətin mərkəzində  Azərbaycan vətəndaşının rifahının dayanması,  pandemiyanın doğurduğu reallıqlar müstəvisində isə  ulu öndərimizin  “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan asandır” deyiminə əsaslanan siyasəti ulularımızın deyimini bir daha təsdiqlədi.   

Səninlə qürur duyuruq, Azərbaycan! 

Belə bir şəraitdə hər bir vətəndaşın ölkə rəhbərinin səsinə səs verməsi, onun arxasında olduqlarını  Prezidentə ünvanlanmış minlərlə məktubda izhar etmələri, həkimi, polisi, jurnalisti, könüllüsü və digərlərinin hər birinin gecəsini gündüzünə qataraq öz sahəsində əlindən gələni etməsi, 20 günlə evinin qapısını açmaması, gözəgörünməyən düşmənlə mübarizədə ölkəsinin müzəffər əsgərinə çevrilməsi və bir də yuxarıda sadalananlarla  ürəyimiz  artıq bu sözlərlə döyünür: Səninlə qürur duyuruq, Azərbaycan!

P.S.  Qoy günlərdir qəlbimdən keçənləri qələmə aldığım bu yazı da mənim bir vətəndaş kimi cənab Prezidentimizə ünvanlanmış məktubum olsun.    

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: