Bu il iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubiley günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində ümummilli liderimiz Heydər Əliyev bu barədə demişdir: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən xalq cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri günü elan etmişik. Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”.
Azərbaycan Milli Ordusunun əsası hələ XX əsrin əvvəllərində qoyulmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Milli Ordumuz da yaradılmışdır. Ordunun yaradılması hər bir xalqın, müstəqil dövlətin tarixində ən önəmli, iftixar olunası hadisədir. Ordu müstəqillik rəmzidir. Hər bir müstəqil dövlət öz güclü ordusu ilə tanınır, nüfuz qazanır. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur.
Azərbaycanda güclü peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Milli Ordumuzun yaradılmasına məhz ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. Ümummilli liderimizin səyi nəticəsində 1991-ci ilin sentyabr ayının 7-də sovet ordusunun burada yerləşən hərbi hissəsinin bazasında ilk dəfə olaraq Naxçıvanda Milli Ordunun təməli qoyulmuş, Naxçıvan Müdafiə Komitəsi yaradılmışdır. 1992-ci il sentyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” qərarın qəbul edilməsi ordu quruculuğu istiqamətində ən böyük tarixi hadisə idi. Həmin ilin oktyabr ayının 9-da Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin də iştirakı ilə keçirilən ilk hərbi parad da hərb tariximizin qızıl hərflərlə yazılan səhifəsini təşkil edir.
1993-cü ildə xalqımızın istəyi və təkidi ilə ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra isə ordu quruculuğu sahəsində əsaslı dönüş başladı. Qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, müharibədə atəşkəsə nail olundu. Bir sözlə, ölkədə möhkəm və dönməz sabitlik yaradıldı. "Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır",- deyən ulu öndərin sayəsində ordumuz çox sürətlə formalaşdı. Xalqımızın böyük oğlu Heydər Əliyev ordu quruculuğu prosesini vacib və zəruri məsələ kimi diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirirdi. Hərbi intizamın möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atılmış və 90-cı illərin əvvəllərində özfəaliyyət kimi idarə olunan hərbi birləşmələr nizami orduya çevrilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilmiş, mükəmməl qanunvericilik bazası yaradılmışdır.
Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bunun ən böyük səbəbi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait artıq bir neçə ildir ki, ardıcıl olaraq Ermənistanın ümumi büdcəsini ötüb keçmişdir. Prezident İlham Əliyev bu barədə deyib: “Ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək üçün nə lazımdırsa, Azərbaycan dövləti onu edir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə - Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olsun, - artıq reallaşıb. Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən artıqdır. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğaldan azad olunmayana qədər bu, belə olacaqdır”.
Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərbi sənaye kompleksi gücləndirilir, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini artırmaq üçün müxtəlif növ hərbi texnikalar, zirehli maşınlar, atıcı silahlar istehsal olunur.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da hərbi xidmət ilbəil daha da mükəmməlləşir, hərbi təhsil sistemi yeniləşir, dünyanın ən modern hərbi təhsil ocaqlarından biri olan ümummilli liderimizin adını daşıyan hərbi liseydə gələcəyin sərkərdələri yetişir. Sevindirici haldır ki, liseyə gənclərin marağı ilbəil artır. Bəli, bu gün muxtar respublikamızda müasir hərb elminin, taktiki-texniki biliklərin nəzəri və praktik cəhətdən mənimsənilməsi imkanları genişlənir. Ordunun maddi-texniki təchizatı daha da yaxşılaşdırılır. Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Dövlətimizin yüksək qayğısı ilə doğma diyarımızda yerləşən hərbi hissələr müasir tələblər səviyyəsində yenidən qurulur, yeni əsgər yataqxanaları, əsgəri sosial-məişət kompleksləri, tibb məntəqələri, yeməkxanalar, təlim-tədris mərkəzləri tikilərək vətənimizin keşiyində duran oğulların istifadəsinə verilir. Ölkə başçısı muxtar respublikamıza səfərləri zamanı hərbi hissələrdə olmuş, burada ordu quruculuğu sahəsində görülən işləri, əsgərlərin döyüş qabiliyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın müdafiə potensialı çox yüksək səviyyədədir. Naxçıvanın müdafiəsi üçün hər şey edilib və Naxçıvan özünü istənilən hücumlardan tam şəkildə müdafiə etməyə və eyni zamanda istənilən hərbi vəzifəni icra etməyə qadirdir”.
Ulu Öndərimizin hərbi strategiyasının davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov isə ordu haqda bu sözləri demişdir: “Ordunun qüdrəti təkcə ona verilmiş texnika və silah-sursatın həcmi ilə ölçülmür. Ordu o zaman qüdrətli olur ki, orada milli ruhlu, vətənpərvər şəxsi heyət xidmət etsin. Müasir hərb sənətini bilən peşəkar zabit heyəti yaradılmadan ordunu idarə etmək, qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirmək mümkün deyil”.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycanda ən müasir, modem, güclü ordu yaradılması cənab İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdəndir.
Bu gün inkişaf edən Silahlı Qüvvələrimiz keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuş, ölkəmizin artan iqtisadi qüdrəti ordunun müasirləşməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Silahlı Qüvvələrimizə dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir azərbaycanlı ordumuzla, sözün əsl mənasında, qürur duyur. Biz fəxr edirik ki, Milli Ordumuz işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. Azərbaycan ordusunun sıralarında qəlbi vətən sevgisi ilə, düşmənlərdən qisas, intiqam hissi ilə alışıb yanan oğullar xidmət edir. Bu gün Azərbaycan əsgəri yaxşı bilir ki, gündəlik tapşırıqları yerinə yetirməkdən əlavə onu işğal altındakı torpaqlarımızı azad etmək kimi böyük və şərəfli bir missiya da gözləyir!
Əlövsət Hüseynquliyev
AŞPA-nın üzvü statusuna malik olan
Beynəlxalq Antiterror Birliyi (BAB) prezidentinin müşaviri